Pəncərə-pəncərə darıxan adam

Pəncərə-pəncərə darıxan adam

01-02-2023 22:34 / Bu xəbər 2351 dəfə oxundu

Günel İbrahimova

(Hekayə)

Gecə... Saatın əqrəbi çaqqıltı ilə ağır-ağır 4-dən 5-ə doğru əyilirdi. Kəndi qəribə bir sükut bürümüşdü. Arada uzaqda hürüşən itlərin səsi bu qəribə sakitliyi pozurdu.

Bəyaz səmada bədirlənmiş ay isə işığını kəndin üstünə sərmişdi. Ayazlı bu qış axşamında saxta da öz işini görürdü. Elə güclü ayaz vardı ki, nəinki sular, yerlər, çaylar donmuş, hətta təbiət dərin bir yuxuya dalmışdı. Axşamın ayazı təbiəti elə dondururdu ki, səhər günəş belə damlardan sallanmış qılıncabənzər iri sırsıraları əridə bilmir, sanki günün şüaları onlara sığal çəkib geri dönürdü. Ona görə evlərin sobaları da sabaha  kimi yanırdı. Kənd də qışın oğlan çağında isti beşiyində mışıl-mışıl yatan nazlı körpələr kimi dərin bir yuxuya getmişdi. Bu şaxtalı havada qılınc kimi kəsib keçən   meh insana həm xoş təsir bağışlayır, həm də elə bil, astaca adamın qulağına pıçıldayırdı ki, hazır ol, qarşıda bənövşə ətirli yaz var. Doğrudan da, bu, son 30 ilin ən sərt qışı idi...

Hökm sürən sakitlik sanki gözə gəldi, anidən hay-həşir, qışqırıqlar, ağlaşma səsləri ətrafı bürüdü:
- Kömək edin, yanırıq....
- Kimsə su gətirsin, yanğınsöndürənə xəbər verin.
- Tövlədir, alışan, ay Samir, ay oğul?
- Yox, Əli baba, evdir. Həsən əminin evi. Qışqırıqlar onların evindən gəlir. Biz də eşidən kimi tez qaçıb gəldik.
- Ay amaannn. Nə pis oldu. Tez olun, qaçın, o tifillər yazıqdı.

Əli baba yenidən qışqırdı:
- Yanğınsöndürənə xəbər etmisiz, ay oğul? Yoxsa gedib zəng edim?
- Yox, əziyyət çəkmə sən, Əli baba, uşaqlar xəbər verib. Sən qonşulardan kimə bacarsan xəbər et, köməyə gəlsinlər.
- Oldu, bu dəqiqə hər kəsi çağırıb yollayıram.
- Qısa zamanda bütün kənd Həsənin həyətinə toplaşmışdı. Hərə bir tərəfdən bir evi söndürməyə çalışırdı. Alov amansızca ac qurd kimi hər tərəfi ağuşuna almışdı. Ev alovun, tüstünün içində görünmürdü. Kimi qapını qırmağa çalışır, kimi pəncərədən yer açmaq üçün əlləşirdi. Təəssüf ki, ürəkaçan nəticə yox idi. İçəridən uşaqların ağlaşma səsi və qışqırıqlar eşidilirdi:
- Yanırıq, kömək edin, uşaqlarımı xilas edin, - deyə Sənəm ağlayıb yalvarırdı. Ev köhnə idi, dam onsuz da bir güclü küləyə bənd idi. Bu koma onlara yoldaşının babasından qalmışdı. Arif kişi hələ uşaq yaşından evi Həsənə hədiyyə etmişdi.
 
Demişdi ki, mən öləndə evi nəvəm Həsənə verərsiniz. Həsən onun yeganə oğul nəvəsi idi. Həsən də böyüyənə kimi ailəsi ilə birgə o evdə ata-anası və bacısı ilə birgə yaşamışdı. Ailə qurunca da yoldaşını o evə gəlin gətirmiş,orada yaşamağa başlamışdılar. Toyqabağı ev yüngül təmir edilsə də, köhnə tikili idi. İndi də damın iri tiri yanıb Həsəngilin yataq otağına düşmüşdü. Həsən yoldaşı Sənəmlə yataqda həmin yanan tirin altında qalmışdılar, çıxa bilmirdilər. Alov bütün otağı sarmışdı, ancaq ikisi də çarəsizcə qışqırıb övladları üçün kömək istəyirdi. Övladları Cəlal və Cəmilə isə yan otaqda yatırdı. Evə dolan tüstü yuxulu körpələrin yuxusunu daha da dərinləşdirirdi. Ona görə özlərini unudub onları düşünür, qonum-qonşunu haraylayırdılar.

Bir azdan yanğınsöndürənlər də hadisə yerinə çatdılar və alovu söndürməyə başladılar. Xilasedicilər tez qapını qırıb içəri daxil oldular və uşaqları adyala büküb çölə çıxardılar. Qonşular zəng edib təcili yardım da çağırmışdılar. Həkimlər uşaqlara ürək masajı, tibbi yardım etməklə yanaşı, yanıqlarının dərəcəsini müəyyən etməyə çalışarkən yanğınsöndürmə əməkdaşları təkrar evin içərisinə daxil olub Həsənlə Sənəmi xilas etməyə başladılar. Artıq iksinin də qışqırıq, yalvarışları kəsilmiş, sadəcə, xırıltılı səsləri eşidilirdi. Onları çıxarmaq asan olmur. Uzun çalışmalardan sonra yanğın tam söndürülür, yanğının baş vermə səbəbinin sobadan dama düşmüş qığılcım olduğu ehtimal edilir.

Həsən və Sənəm ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılır. Bir həftəlik müalicə, müayinə və çabalara baxmayaraq, təəssüf ki, Həsən və Sənəmi xilas etmək mümkün olmur, onlar bir gün fərqlə dünyasını dəyişirlər. 5 gün sonra isə 4 yaşlı qızları Cəmilə də mələk olub ata-anasının yanına qalxır. Ailədən bircə Cəlal sağ qalır, onu müalicəsinə davam etmək üçün Bakıya – "Semaşko” xəstəxanasına yollayırlar. Cəlal müalicə alır, sağalır, bibisi bir müddətlik onu öz yanına aparır saxlayır. Ailəsini itirən Cəlal bu ağır faciənin təsirindən özünə qapanır. Həyat dolu 7 yaşlı bu şən, güləyən, zarafatçıl oğlandan əsər-əlamət qalmır. Bibisinin yoldaşı hədsiz zəhmli, qaraqabaqlı, hər şeyə deyinən, tünd xasiyyətli, kobud insan idi. Hər gecə hamı şirin-şirin nənələrimizin deyimilə 7-ci yuxuda olarkən (təbii ki, Cəlal xaric, çünki o ata-anası, bacısı ilə dərdləşərdi hər gecə) o durmadan deyinər, öz yetimçələrimə zorla çörək çatdırıram, qardaşın oğlu da bizə ayrı yük oldu, ona necə baxım?

- Mən baxmağa borclu deyiləm ki, gücüm çatmır, imkanım, pulum yoxdur, ona xərclədiklərimi uşaqlarımın başqa dərdlərinə verərəm dəə, ay kişinin qızı, – deyə Cəlalın bibisini yola gətirməyə çalışırdı. İstəyirdi ki, onu internat məktəbinə yazdırmağa razı olsun. Amma bibi də israrla razılaşmır, ərini inadından döndərmək üçün əlindən gələni edirdi:
- Ay Hümbət, vallah el adama lənət oxuyar eee... Ata-anasız, ailəsiz, ev-eşiksiz qalmış yetim uşaqdı. Bizdən başqa kimi var axı?! İndi onun ata-ana sevgisinə, ailəsinə daha çox ehtiyacı olan yaşıdır. Onsuz dilsiz-ağızsız baladı, versəm, yeyir, verməsəm, səsi çıxmır. Bizə nə ağırlığı var ki? Qardaşımın balasıdı, canımdan canın bir parçasıdır, necə onu göz-görə verim internata? Hələ ailəsinin travmasından çıxa bilməyib, deyirsən, indi də başqa bir travmanı da biz yaşadaq körpəyə? Allaha ağır gedər. Gəl, sən inadından əl çək.

Sabah uşaqlar dərsə gedincə Cəlal bibisinin yanına gəlib sakitcə yaxınlaşıb onun qulağına  pıçıldadı:
- Ağlama bibi, sil gözlərini, məndən də gizlətməyə çalışma. Səbəbini də bilirəm niyə ağlayırsan. Ürəyim razı olmur sənin əziyyət çəkməyinə, mənə görə Hümbət əmi ilə dalaşmağınızı da istəmirəm.
- Yox, ağıllım, ağlamıram, balama qurban. Soğan doğramışam, ona görə yaşarıb gözlərim. Sənə görə də biz dalaşmırıq. O da haradan çıxdı gözlərinə quzu kəsdiyim?
- Bibi, gizlətmə məndən, hər gecə eşidirəm sizi. Hümbət əmi haqlıdır, verin məni internat məktəbinə. Onsuz da sizin imkanınız yoxdur məni məktəbə yollamağa, kitablarım, çantam, paltarlarım, hər şeyim evdə yandı... Hər şeyim, atamgil alan nə varsa, hamısı... Hətta..həttaaa.. Gözləri dola-dola: "Hər kəsim o yanğında yox oldu...O yanğın məndən hər şeyimi aldı...”, - dedi.

- Oxxx... Ölərəm elə sənin üçün, ağlama, qadasını aldığım, ağlama, hər şey yaxşı olacaq, sən oxuyacaqsan, atangilin arzuladığı kimi böyük adam olacaqsan, onlar da səni göylərdən izləyib çox sevinəcək, səninlə qürur duyacaqlar. Həm bilirsənmi, sən də zamanı gəlincə onların yanına gedib, ailənə qovuşanda cənnətdə, sənin onlara danışmağa o qədər çox macəran, maraqlı hekayələrin olacaq ki...

                                                           ***
Üzü dağınıq bir binaya açılan pəncərənin qarşısından, demək olardı ki, tərpənmir, gününün çox hissəsini o pəncərədən çölə baxıb susqun bir halda sanki bu dünyada yaşamırmış kimi bir yerlərdə azıb qalmış bir üz ifadəsi ilə, sadəcə, yemək və dərs müddətlərində zorla addımlayıb, ayaqlarını ağır zindan kimi sürüyə-sürüyə gedir,qayıdınca təkrar pəncərəyə üz tuturdu Cəlal. Artıq buraya gəldiyi 10 gündən artıq idi.

Müəllimləri, tərbiyəçi,nəzarətçi, hətta yoldaşları belə hər dəfə onunla danışmağa, bir şeylər paylaşmağa çalışsalar da, bütün səyləri nəticəsiz qalırdı. Rəhbərliyin qərarı ilə onu öz halında sərbəst buraxmışdılar. Özünün onlara üz tutacağı günü gözləməyi qərarlaşdırmışdılar. Günlər həftələri,həftələr ayları qova-qova nə az, nə çox, özünə qapanıq olan bu oğlan keçən zaman ərzində hər gün "pəncərəsinin” qarşısında oturub bezmədən, sadəcə, kitablarını oxumuş, dəftərçələrini nəsə cızma- qara qeydlərlə doldurmuşdu. Heç bir əyləncə, tədbir, doğum günü, bayramlara qoşulmamışdı bu illər ərzində. Bu gecə ömrünün ən həyəcanlı gecəsi idi, çünki onu ailəsinə verdiyi sözdən bircə addım ayırırdı o da sabahkı imtahan. Gecə yuxusu ərşə çəkilmişdi. "Bacaracammı? Özünə gəl, Cəlal! Başqa şansınmı var?”, - deyə özünü sorğu-sual edirdi.
 
Sonra atası, anası, bacısı lent kimi gözlərinin önündən keçdi:
- Gecəniz xeyrə qalsın, canım atam, anam, bacım. Sabah xeyir-duanızı məndən əskik etməyin, - deyərək yuxuladı...
Səhər hər kəs imtahan binasının qarşısında ata-anası, ailələri ilə toplaşıb söhbətləşərkən Cəlalın arxasınca iki dostu gəlmişdi, bir də imtahan binasına daxil olarkən arxadan bibisinin "gözlərinə bibin qurban, gilas gözlüm, bacaracaqsan, dualarımız səninlədir” sözləri onu o qədər ürəkləndirmişdi ki, ümidləri birə min artmışdı. İmtahanda da adəti üzrə kimsə ilə əlaqə qurmayan, başını sallayıb, sadəcə, imtahanın suallarına diqqətini cəmləyən az uşaq vardı ki, Cəlal kimi onların da çıxarkən üzlərində güllər açırdı. İlk dəfə bibisi və yoldaşları Cəlalı gülümsəyən, belə qürurlu, özündən əmin görürdü: 
- Necə yazdın, qadasını aldığım? Cəlal, hə, ürəyimizi partlatma, de görək, səni təbrik edə bilərik?
- Əsas yazmaq deyil, nəticədir, bir həftə dözək, nəticələr çıxsın.

Bir həftə sonra siyahının ən başında ilk ad Əliyev Cəlal Həsən oğlunun idi. O, Azərbaycan Tibb Unversitetinin Müalicə işi fakültəsinə qəbul olunmuşdu. Cəlal az qala qanad açıb uçurdu. Bir anlıq dizləri üstündə yerə çökmüş, ailəsini xatırlayaraq hönkürtü ilə ağlamışdı... Elə həmin gündən fakültəsinin də, müəllim və yoldaşlarının da diqqətini özünə çəkmiş, çox sevilmiş, savadı, bacarığı ilə də fərqlənmiş, onkologiya ixtisası üzrə əla həkim olmuşdu...

Oxumaqdan, təcrübələr aparmaqdan başqa işlərə zaman ayırmağı itki hesab etdiyindən evlənmə yaşı çoxdan keçirdi. Bibisi axır ki, onu zorla yola gətirmişdi:
- Gülsənəm arvadla Xalid kişinin müəllim işləyən kiçik qızı Zəhra ilə görüşüb tanış olmalı idi. Zəhra sakit təbiətli, ortaboylu, uzun, qıvırcıq saçlı, alagözlü, qarabuğdayı, ortaçəkili, utancaq bir müəllim ailəsi qızı idi. Cəlal da ondan geri qalan deyildi. Uzunboylu, qarabuğdayı, sarışın nazik saçlı, qəhvəyi gözlü, arıq, zövqlə və səliqəli geyinən, gözlərinin içi kədərlə gülüşü birgə yükləmiş olan, özündən əmin, həyatın bütün sınaqlarından alnıaçıq çıxmış bir gənc idi. Görüş qənaətbəxş keçir. Zəhra Cəlalı görən kimi vurulur, utandığından ona bu barədə bir söz deyə bilməyib başını aşağı  əymiş halda, dodalarının altında gülümsədiyini gizlətməyə çalışır. Cəlal isə sadəcə bir dəfə qızı başdan ayağa süzüb, evlərinə ötürdükdən sonra bibisinə: "Elçi gedə bilərsən, ay bibi, onsuz da mənim işlərim o qədərdir ki, vaxtım da yoxdur. Həm də onsuz da əvvəl-axır kiminləsə evlənməliyəm dəə. Olsun, lap Zəhra”, - demişdi.
 
Elə bu cür də evlənmişdilər. Bakıda yeni tikililər binasından Cəlal dördotaqlı bir mənzil almışdı. İki qızı,bir oğlu da vardı. Ailəsini, övladlarını çox sevirdi, amma bunu qəti üzə verməzdi. Hər üç övladını oxutmuş, ev-eşik etmişdi. 65 yaşına çatmış, o qədər xəstəyə həyat bəxş etmişdi ki... Cavan yaşda laqeydlik, cahillik qurbanı olmuş, çarəsizcə ölümlərini izləməyə məcbur qaldığı xəstələri də az olmamışdı.

Sayılıb-seçilən, məşhur Cəlal həkimə həyatın o qədər sınaqlar verdiyi azmış kimi indi də onkoloji xəstəlik nəsib etmişdi. Üstəlik, əlindən nəsə gəlmirdi. Artıq işə çıxmır, müalicələrinə evdən davam edirdi. Son günlər evdəki iş otağında. sevimli guşəsində - pəncərənin önündə mütaliə edər, nəsə qeydlər aparardı. Beş kitabı çap olunmuşdu. Xeyli mülayimləşmişdi son zamanlar. Bir sabah Zəhraya dedi ki, gəl sənə sarılım. Bu yaşa kimi ilk dəfə idi ki, Zəhra Cəlaldan bu sözü eşidirdi. Öncə zarafat hesab etsə də, sonra ciddi olduğunu görüb içdən-içə həm sevinmiş, həm üzülmüşdü. Duyduğu sözə görə sevinsə də, bunu indiyədək heç yaşamamış olmaqları üzmüşdü onu. Çünki ömrünün çoxunu işinə, xəstələrinə, kitablarına, seminar, təlim,səfərlərinə sərf edən Cəlalın Zəhra ilə həmişə ailəsinə az zaman ayırmaq problemindən söz-söhbətləri olmuşdu. Cəlal da 65 ildə ilk dəfə belə içdən, ürəkdən sarılmışdı birinə. Üzülmüşdü, çünki bir daha şansı yox idi. Sonra pəncərəsindən çölə baxıb əlavə etdi:
- Sus, Zəhra, nəsə demə.
- O an Zəhra onun üzünə baxıb çölü seyr edərkən əslində o anı, həyatı, yaşadıqlarını, yaşaya bilmədiklərini, keçmişi, ölümü düşündüyünü onun  baxışlarından anlamışdı...

Yenə Cəlal sükutunu pozmuşdu:
- İndi desən ki, Cəlal, 65 ildə mənə hər ilin üçün toplanmış bir anını de. Sənə danışası, 65 anım belə yoxdu. Doğrudur, fiziki olaraq 65 il yaşamışam, amma sanki cəmi 65 gündür. Zəhra ona sarılmış, kövrək  uşaq kimi ikisi də ürək dolusu ağlamışdılar. Sabah artıq Cəlal 65 günə bərabər 65 ilinin sübh günəşini görmədən dünya ilə vidalaşmışdı...

Onun yoxluğundan 2-ci ay keçsə də, övladları Zəhranı tənhalığa, içinə qapanmağa qoymamışdılar. Yenə həmişəki kimi saat 20:30 xəbərlər proqramı başlamışdı. Diktor deyirdi ki, bir ay ərzində artıq ikinci dəfədir yeni doğulmuş körpə çölə atılıb və soyuqdan donaraq ölmüşdü. Xəbəri eşidən Kamil pultu götürüb deyinə-deyinə kanalı dəyişir. Allah belə insanlara lənət etsin, elə bu cür düşüncəsizlərin dərdini çəkməkdən atamın xəstəliyi sürətləndi ee, bəlkə də. Hər dəfə atılan uşaq görəndə kişi dəliyə dönürdü, günlərlə yemir, içmir, özünə yer tapmırdı...

Niyə bunlara Allah övlad verir axı, layiq olmaya-olmaya, anlamıram?!
 
Zəhra onu sakitləşdirir, ay oğul, Allaha ağır gedər, elə demə. Məsləhətinə şükür, bala...
Kamil fısıldayıb otaqdan çıxır, atasının iş otağının qarşısında ayaq saxlayır. Atasından sonra otağa girməyə cürət etmirdi. Amma niyəsə bu gün sanki bir səs onu içəri çağırırmış kimi hiss edir. Otağa daxil oldu. Atasının düzəni necə var, elə də qalmışdı. Hər yan səliqəli, düzənli, bircə atası yox idi. Bu an sanki atasının yoxluğunu ən çox hiss etməyə başlayır. Lampanı yandırıb atasının yerində əyləşir. İş masasının üstündə bir dəftərçəyə gözü sataşır, açıb son yazılanları oxuyur:
- Dünya nə qədər nankordur, əslində. Uzun-uzun yaşadığını zənn edərsən, amma son dayanacağa gəlincə, enmə vaxtın çatınca geriyə dönüb baxdığında böyük bir ağacın altında oturarkən üzünə xəfifcə əsib toxunan, sürətlə keçən bir külək, meh kimi olduğunun fərqinə vararsan həyatın. Həmin o gün ömür heybəmizdə nələr varsa, peşmanlıqlarmı, "kaş ki”lərmi, qırğınlıqlarmı, həmin o duyğularla bu dünyadan köçüb gedərik. 

Bir gün o son dayanacaqda enmək vaxtı gəldiyində, geri dönüb heybəmizə baxdığımızda az da olsa, deyə biləcəyimiz sözlər var: "Nə gözəl bir həyat yaşadım. Bu həyat necə gəldi, keçdi... Bir də kaş ki, bu, bu şeyləri etməsəydim, demək var. Və o son gedişdəki hisslər var haa... Bütün bir ömrə əvəz də onlar olur... Həyatda hər zaman doğru bildiyimlə yaşadım. Peşman da deyiləm. Hər çətinliklə başa çıxdım, bircə bu darıxmaq ki var, onunla baş edə bilmədim. Yeddi yaşımdan bu günümədək darıxdım, çox darıxdım... Bunu bir mən bildim, bir pəncərəm, bir də misralarım...

Bir də avtobus pəncərəsindən, 
Pəncərə-pəncərə darıxmaq var. 
Uzaqlaşdıqca həsrətin çəkisi artır, 
Darıxmaq hörmətə minir, 
Ayrılıq gözdən düşür... 
Min ilin asfalt yolları, 
Sağa-sola vur yolları, 
Dağ-dərə, çayır yolları, 
Harayla, çağır yolları, 
Xeyri yoxdu, gəlməyəcək, özün get... 
Qalmayıbsa, gözləməyə dözüm, get...
 
Pəncərə-pəncərə darıxmaqdan və gözləməkdən yorulub gedirəm illərdir cənnətdə yolumu gözləyənlərimə sarılmağa. Ata olaraq sizə var, milyonlarla pul, ev,maşınlar qoymamış olsam da, ondan da böyük xəzinə olan vicdanlı sizləri qoyub gedirəm. Mən sizləri öncə Allaha, sonra bir-birinizə əmanət edirəm. Mənim kimi tək deyilsiniz. Mən də tək deyildim, Allahım mənimlə idi, amma yenə də darıxdıqlarım da ayrı tənhalaşdırırdı məni...

Mənsiz də bacaracaqsınız. Nə qədər ki fürsət var, sevdiklərinizə sarılın, hədəflərinizə doğru gedin, bu günün işini sabaha qoymayın. Çünki sabah çox gec ola bilər. Zamanınız yetməyə bilər. Çünki bu həyatın təkrarı yoxdur! İndi isə izninizlə mən yola çıxım. 

Sevgi ilə: Sizi çox sevən atanız - pəncərə-pəncərə darıxan adam...”

Kamal gözlərindən ixtiyarsız axan yaşları silib dərin bir ah çəkdi... Kaş, atacan...

Sonra telefonunu götürüb kimisə yığdı:
- Alo, axşamınız xeyir, Məzahir bəy, narahat etmədim? Vaxtınızı çox almaq istəmirəm, sabah mümkündürsə, görüşək?
---------
- Yox, yox, sadəcə, balaca bir ipucu verə bilərəm: "Mətbəənizə ”Pəncərə-pəncərə darıxan adam” gələcək!”