Polad ömrün hekayəsi...

Polad ömrün hekayəsi...

17-01-2023 16:25 / Bu xəbər 1605 dəfə oxundu

Müəllif: Günel İbrahimova

Bütün şagirdlər kimi Polad da hazırlıqlara başlamışdı keçən ildən. Bu il orta məktəbi bitirirdi. Anasının istəyi üzrə hüquq fakültəsinə hazırlaşırdı. Özündən böyük iki bacısının da oxuduğu ixtisası anası seçmişdi. Artıq imtahanlara da az vaxt qalmışdı...

Dərsdən gələndə üzündə qəribə bir ifadə vardı həmin gün. Qapıdan girib anası ilə salamlaşdı, çantasını qoydu, əynini dəyişib əllərini yudu, süfrəyə əyləşdi. Hər zamankındən fərqli olaraq iştahsız görünürdü, qaşığı əlinə alıb eləcə boşqabın içində hərəkət etdirir, sanki yeməyi ağzına aparmalı olduğunu unutmuş halda dərin fikrə gedirdi. 

Anası Səmayə xanım oğlunun qeyri-adi bir uşaq olduğunu, bacılarından və qardaşı İlhamdan fərqləndiyini bildiyi üçün üzündəki ifadədən, dərin fikrə dalmasından, cismi burada olsa da, fikrinin başqa yerdə olduğunu anladığından Poladın nəsə demək istədiyini anlamışdı. Hiss edirdi ki, nəsə sözü var, amma necə deyəcəyini düşünür. Səmayə xanım sual və maraq dolu nəzərlərini Poladın üzündən çəkməyincə baxışları anidən anasının baxışları ilə toqquşdu. O, baxışlardan qaçışı olmadığını bildiyi üçün Polad qətiyyət və əminliklə dilləndi:

- Ana, mən hüquq oxumayacam. Hüquqşünas olmaq istəmirəm.
- Anlamadım, o da haradan çıxdı? Niyə fikrini dəyişdin?
- Yox ana, istəmirəm hüquq oxumağı. Mən hərbiyə verəcəm sənədlərimi. 
- Səbəb? Nə oldu ki, birdən-birə fikrini dəyişdin?
- Heç nə olmadı, ana. Tarix dərimizdə Habil müəllim dedi ki, bu gün ölkəmizdə ordu quruculuğuna ehtiyac var, mən kişi o oğula deyərəm ki, hərbiyə gedə. Ona görə də mən də hərbiyə verəcəm sənədlərimi, hüquqa yox. 

Səmayə xanım onun hüquq üzrə hazırlaşdığını, hərbidən heç bir məlumatı, hazırlığı olmadığını bəhanə edib Poladı fikrindən daşındırmağa çalışsa da, o, qərarında qalır, bir neçə aydan sonra sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verir. Səmayə xanımın da əmin olduğu kimi oğlu imtahanda uğur qazanaraq  Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə  "Motoatıcı" ixtisasına qəbul olur. Daha sonra Polad  Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olur, və həmçinin "Hərbi idarəetmə" üzrə magistr dərəcəsi də alır.

Canı və ruhu ilə Vətənə bağlı olan Polad peşəsinə o qədər candan bağlı olur ki, hətta öz toyu üçün şadlıq evi danışılmış olduğu halda toyunu təxirə salır, Türkiyədə ixtisasartırma kursunda iki ay təlimdə olur, toyunu oradan qayıtdıqdan sonra edir.

Polad gecə-gündüz səngərdə, zabit, əsgərlərinin yanında, ona ehtiyac duyulan hər yerdə olur. Yorulmadan çalışır, peşəsinin də haqqını Vətənə olan borcu qədər layiqincə ödəyir. 

"Murovdağ əməliyyatları”ndan bu yana illərlə müxtəlif döyüşlərdə şücaətlər göstərir, müxtəlif medallarla təltif olunur, mayor, polkovnik-leytinant vəzifələrinə yüksəlir. 

Polad hər kəsdən ailədə fərqləndiyi kimi işində də daim yoldaşlarından fərqlənir. Bir başqa sevir millətini, torpağını. Anası ilə hər telefon danışığında deyir ki, ana, səbrli ol, Qarabağı, Şuşanı mən özüm azad edib millətimə, Qarabağlılara qaytaracağam, görəcəksən. 

Aprel döyüşlərində şücaətlər göstərən Polad general-mayor rütbəsinə yüksəlir. Ona verilən üçotaqlı mənzili də döyüşdə şəhid olmuş bir əsgərin ailəsinə bağışlayır.

 Polad əsgərlərinə "böyük oğullarım”, "qəhrəmanlarım”, "igidlərim” deyə əzizləyər, onları sözün əsl mənasında öz balası kimi sahiblənər, qoruyar, sevərdi. Onların nə sıxıntısı olsa, həll edər, çox zamanını kabinetində yox, əsgərləri ilə birgə səngərlərdə keçirərdi. Öz hesabına onlar üçün çox iş görər, heç birini də kimsəyə bildirməzdi. 

Bir dəfə əsgərlərin yatacaq yeri çox soyuq, şəraitsiz olduğunu görüncə dağlara, çətin yollara gedib gələ bilmək üçün öz hesabına almış olduğu "niva” markalı maşını satır, əsgərləri üçün kazarma, mətbəx, hamam tikdirir, onlar üçün televizor belə alır ki, dünyadan xəbərdar olsunlar. 

Əsgərlər elə bilir ki, bunlar dövlət tərəfindən edilib onlar üçün. Amma çox sonradan xəbərdar olurlar ki, bu onlara Poladın hədiyyəsidir. Qəhrəmanlıqları qədər yaxşılıqları da saysız-hesabsız olan Polad dostlarının, yoldaşlarının, əsgər və zabitlərinin sevimlisi olur. 

Aprel döyüşlərindən sonra Tovuz döyüşlərində Qarabağa gedən yolda ilk izi də Polad və yoldaşları açır. Poladın qurduğu plan üzrə addımlayaraq bir neçə ərazimiz azad edilir düşməndən. Həmin döyüş "ana, məndən nigaran qalmayın, mənim adım Poladdır, mənə elə ad qoymusunuz ki, heç nə olmaz,qorxmayın deyərək əlini ürəyinin üstünə vuran” Poladın çox arzusunu ürəyində qoyur. 

Polad Tovuz döyüşlərində şəhadətə yüksəlir. Qaçaqaçla sayılı günlərini keçirmək üçün gəldiyi evinə üçrəngli bayrağa sarılı olaraq son dəfə gəldi. Onun şəhadətindən sonra əsl kimliyi, necə gözəl ürəyə sahib olması, bu millət, Vətən üçün nələr etdiyi hər kəsə bəyan oldu. 

Qarabağın il cığırsalanı Polad evdən yox, eldən gedənlərdən oldu. Gedişi ilə tək ailəsini, doğmalarını yox, milyonları ağlatdı bu möcüzə qəhrəman. O ünsiyyətdə olduğu minlərlə əsgər, yüzlərlə zabitdə, ümumiyyətlə,saysız-hesabsız insanlarda özündən bir az Polad Həşimov saxladı. Milyonların könlündə taxt qurdu, yaddaşlarında həkk olundu, ürəklərində Polad toxumları səpdi. 46 illik ömrə dastanlara sığmayan yaşamı, qəhrəmanlığı, igidliyi, Vətən sevgisini, şərəfi, insanlığı, əbədiyyəti sığdırdı Polad Həşimov. 

Həyatda təsadüf yoxdur, hər şey olacağı üçün olur. Hər təsadüf dediyimiz də mütləq ki, bir olacağın başlanğıcı, bəhanəsi, səbəbiyyət zəminidir. 

Polad Həşimovun da 46 illik şərəfli ömrünün hekayəsi hüquqşünas olmaq istəyən bir şagirdin müəlliminin sözü ilə seçmini dəyişib, bir xalqı qələbəyə doğru aparan Zəfər zirvəsinə çevrilməsi ilə başlandı... 

Azərbaycan tarixinin Polad səhifəsidir bu... 

Deyirlər ki, hər oxuyan Molla Pənah olmur. Doğrudur, amma müəlliminin bir kəlməsilə nəinki özünün, hətta xalqının taleyini zəfərə doğru dəyişmək üçün hər oxuyan da Polad olmaz. 

Yazı müəllifin şəxsi mülahizələrini əks etdirir.