Prosesdən proqressə

Prosesdən proqressə

31-01-2019 16:42 / Bu xəbər 1495 dəfə oxundu

Şəmşad Ağa

Milli Şuranın son mitinqinin kütləvi keçməsi, ümumilikdə, müxalifət partiyalarının - Müsavat və REAL-ın da mitinqdə iştirakı cəmiyyətə pozitiv bir mesaj ötürdü. Siyasi təşkilatların bu ab-havanı necə saxlayacağı, hansı ardıcıllıqla davam etdirəcəyi ayrı bir yazının mövzusudur.

Amma mövcud şəraitdə bir həqiqət aydın göründü; hakimiyyət də, uzun illər "ağ atlı oğlan” qiyafəsində çıxış edərək paytaxt və regionlarda ağır maddi durumda yaşayan, öz idealları və ölkəsinin gələcəyi üçün illərini verən, bəzən mitinqə gəlməkdən ötrü qonşusundan borc alan müxalifətçiləri "qaraguruhçu” adlandıran "intellektuallar” da gördülər ki, demokratiya onların danışdığı nağıllar, hesabatlar və "ağ otaq"larda çəkilən şəkillərlə gerçəkləşmir.

Hər zaman istənilən formasiya və dəyişiklik, proqressə doğru addım siyasi iradədən asılı olur. Avtoritar hakimiyyətlərin siyasi iradəsi proqressə deyil, sərt avtoritarizmin daha da möhkəmlənməsinə hesablanır. Bu, avtoritar cəmiyyətlərdə avtoritetin özünüqoruma instinktindən doğur və təbiidir. Belə olan halda proqressə yönəlik addımların gerçəkləşməsi xalqın və ya xalqların siyasi iradəsindən asılı olur.

Yəni xalq siyasi iradə ortaya qoyanda Maduro da onunla dialoqa gəlmək zorunda qalır, İlham Əliyev hakimiyyəti də müxtəlif psixoloji basqılarla prosesin proqressə çevrilməsini əngəlləməyə çalışır. Lakin xalqlar reforma hamilə olanda inqilablar əməl deyil, vasitə olur, daha doğrusu, marksistlərin təbirincə desək, "mamaça" rolunu oynayır. İnqilabdan doğan prosesin nəticələri isə nə qədər ağır olsa da, yeni bir situasiya və prosesin başlanğıcı olur.

Ona görə də müxalif təşkilatların əsas vəzifəsi xalqda özünəinamı formalaşdırmağa hesablanmalıdır. Onlar kənar müdaxilələri dəf edərək daxili didişmələrə yol verilməməlidirlər ki, bu da sonrakı dönəmlərdə daha ağır nəticələrlə iz buraxmasın.

İndilik ölkədə inqilab-zad yoxdur, amma inqilablar, adətən, hökumətlərin yanlış atdığı addımlardan qaynaqlanır və bumeranq effekti verir. Hazırda bütün avtoritar ölkələrdə hakimiyyətlər "öz tağımına atəş açan əsgər" rolunu oynayır, sadəcə, prosesin sürətlənməsi bu atəşin təsir gücünün hansı səviyyədə olmasından irəli gəlir.

Bəs müxalifətin yanlış addımları necə, tənqid olunmalıdırmı? Əlbəttə, tənqid güzgüdür və müxalifət özünü bu güzgüdə görməyə hazır olmalıdır. Güzgünü sındırmağa cəhd özünə daş atmaqdır. Çünki güzgü, sadəcə, olduğu kimi göstərir, görünən isə görənin öz əksi, surətidir. 

Ona görə də təndiqçilər verilən sərt reaksiyaları belə gözə alaraq, yanlışları qeyd etməlidirlər. Bu olmasa, hələ proseslərə ciddi təsir etmə gücündə olmayan aktiv kəsim də eyforiyaya, pessimizmə qapılacaq, Krezin xalqı - lidiyalılar kimi əyləncə və ticarətə qarışaraq, yoxluğa məhkum olacaq...