Putin Baydenə üstünlük verdiyini deyir

Putin Baydenə üstünlük verdiyini deyir

15-02-2024 12:04 / Bu xəbər 621 dəfə oxundu

"Yalnız bir şeyə təəssüflənə bilərik - aktiv əməliyyatları niyə tez başlamadıq".

Bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının aparıcısı Pavel Zarubinə Ukraynadakı müharibənin gedişatı ilə bağlı deyib.

Fevralın 14-də axşam yayılan materialda, əsasən, Putinin amerikalı jurnalist Taker Karlsona (Tucker Carlson) qalmaqallı müsahibəsindən bəhs olunur. 

Fevralın 6-da baş tutan müsahibəni şərh edən Putin Karlsonu "təhlükəli adam" adlandırıb, onun söhbət vaxtı kəskin cavablar eşitməmək üçün bilərəkdən belə bir taktika seçdiyini iddia edib. 

Putin deyib ki, tamam fərqli suallara "kəskin" cavablar verməyə hazırlaşıbmış, bu, müsahibəyə gərəkən "spesifika" verərdi. 

Rusiya prezidenti nəticədə tam razı qalmadığını söyləyib.

Seçkini kim udsa...

Rusiya prezidenti ABŞ-da indiki prezident Co Baydenin (Joe Biden), yaxud keçmiş prezident Donald Trampın (Donald Trump) ona daha sərfəli olması haqda suala belə cavab verib: "Bayden. O, daha çox proqnozlaşdırılan adamdır".

Putin deyib ki, noyabr seçkisini kim udarsa, Kreml onunla işləməyə hazırdır. 

O, seçkidən sonra 82 yaşını tamamlayacaq Baydenin yaşı və səhhəti ilə bağlı suallardan yayınıb.

"Mən cənab Baydenlə üç il qabaq görüşəndə də adamlar onun bacarıqsızlığından danışırdılar, amma mən elə bir şey görmədim", - deyə Putin Cenevrə sammitinə işarə vurub.

"France-Presse" yazır ki, ABŞ-da rəy sorğuları Baydenin yaşı sarıdan güclü narahatlığın olduğunu üzə çıxarır.

Bayden administrasiyası Rusiyanın iki ildir sürən işğalına Ukraynanın mübarizəsinə Qərbi səfərbər etməklə cavab verib.