Qəzza xəstəxanasında baş verən partlayış yüzlərlə insanın ölümünə səbəb olub
18-10-2023 14:56 / Bu xəbər 1115 dəfə oxundu
Baydenin qatılacağı sammit partlayışa görə təxirə salınıb
Qəzza xəstəxanasında baş verən partlayışda yüzlərlə fələstinli həlak olub. Fələstin rəsmiləri açıqlamalarında xəstəxanaya İsrailin hava zərbəsi endirdiyini bildirib.
Fələstin səhiyyə naziri İsraili qətliam törətməkdə ittiham edib.
İsrail məsuliyyəti qəbul etməyib və partlayışın Fələstinin İslami Cihad yaraqlı qruplaşmasının uğursuz raket atışı nəticəsində baş verdiyini bildirib.
Oktyabrın 7-də HƏMAS hərəkatının döyüşçüləri İsrail şəhərlərinə hücum edib. Rəsmi məlumata görə, onlar 1300 nəfərin ölümünə səbəb olub. Bundan sonra İsrail HƏMAS hərəkatını məhv edəcəyinə söz verib.
Qəzza mülki müdafiə komandiri ölənlərin sayının 300 nəfər olduğunu bildirib. Səhiyyə Nazirliyi mənbələri isə 500 nəfəri keçdiyini deyib.
Rəsmilər xilasedicilərin hələ də dağıntılar altından cəsədlər çıxardığını bildirib.
İsrail xəstəxanadakı partlayışın dron görüntülərini yayımlayıb. Görüntülərin heç bir raket və ya bomba zərbəsi krateri olmadığı üçün məsuliyyət daşımadığını deyib.
İsrail hərbçiləri həmçinin əllərində "raketlərin səhv atılmasından danışan terrorçular arasında əlaqə”nin səs yazısı olduğunu bildiriblər. Lakin fələstinlilər partlayışın İsrailin hücumu nəticəsində olduğuna israrlıdırlar.
Xəstəxananın həkimi İbrahim Əl-Naqa bildirib ki, bura İsrail bombardmanları nəticəsində evsiz qalan minlərlə Qəzzalının sığınacağı idi: "Bu yer qadınlar və uşaqlar üçün təhlükəsiz sığınacaq idi. İsrailin bombardmanından xilas olanlar bu xəstəxanaya gəlmişdilər”.
Hadisə ABŞ Prezidenti Co Baydenin İsrailə səfəri ərəfəsində baş verib. Daha öncə açıqlanan məlumatlara görə, Baydenin Yaxın Şərqə səfərində məqsədi regionda sakitliyin yaranmasına çalışmaqdır.
Həmçinin Qəzza üçün humanitar səylərə dəstək göstərmək istəyir.
O, bu məqsədlə bölgədə təşkil olunan sammitə qatılacaqdı.
Görüşdə HƏMAS-a xeyir vermədən, müharibədən əziyyət çəkən insanlara necə kömək edə biləcəklərini müzakirə edəcəkdilər. Lakin xəstəxananın vurulmasından sonra İordaniya ABŞ prezidenti, Fələstin lideri Mahmud Abbas, Misir prezidenti Əbdül Fəttah əl-Sisi ilə planlaşdırılan sammiti təxirə salıb.
Oktyabrın 18-də ABŞ Prezidenti Co Bayden İsrailə səfər edib.
O bildirib ki, dünən Qəzzada xəstəxananın vurulması xəbərindən kədərlənib və qəzəblənib: "Görünən odur ki, bunu İsrail yox, qarşı tərəf edib. Lakin əksər insanlar buna əmin deyil”.