Qorbaçov vəfat edib

Qorbaçov vəfat edib

31-08-2022 12:07 / Bu xəbər 1090 dəfə oxundu

SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov 92 yaşında Moskvada vəfat edib.

Keçmiş prezidentin Mərkəzi Klinik Xəstəxanada vəfat etdiyi bildirilir.

Həkimlərin sözlərinə görə, Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra avqustun 30-da axşam saatlarında ölüb.

Bildirilir ki, o, ölümü ərəfəsində hemodializ proseduru üçün Mərkəzi Klinik Xəstəxanaya gəlib.

Hələ iyun ayında Qorbaçov Fondunun mətbuat katibi Vladimir Polyakov siyasətçinin səhhətinin pisləşməsindən danışmışdı.

O qeyd etmişdi ki, Qorbaçov böyrək xəstəliyindən əziyyət çəkir və müalicə olunur, o cümlədən hemodializ aparılır.

O həmçinin eks-prezidentin səhhətinin pisləşməsini yaşla əlaqələndirmişdi.

M.Qorbaçov Sovet İttifaqına rəhbərlik edərkən yenidənqurma və aşkarlıq siyasətinin başladığını elan edib.

1986-cı ildə Çernobıl AES-də baş vermiş qəza yenidənqurma siyasəti üçün sınaq sayılırdı.

Qorbaçov faciədən 19 gün sonra xalqa müraciət etdi və baş verənlərin real miqyasından danışdı.

Mixail Qorbaçov və ABŞ Prezidenti Ronald Reyqan "Soyuq müharibə”yə son qoydu.

Onlar 1987-ci ildə orta mənzilli raketlərin ləğvi haqqında saziş imzaladılar ki, bu da silahlanma yarışının sonu demək idi.

1991-ci ilin avqust çevrilişinə cəhd sovet dövrünün sonunun başlanğıcı oldu. Elə həmin ilin dekabrında Qorbaçov istefa verdi və bir neçə gün sonra Sovet İttifaqı rəsmən dağıldı.

SSRİ prezidenti dünyada Soyuq Müharibəyə son qoyan şəxs kimi yadda qaldı, buna görə Mixail Qorbaçov 1990-cı ildə Nobel Sülh Mükafatına layiq görüldü.

M.Qorbaçov Azərbaycan xalqının yaddaşında 1990-cı ilin 20 yanvar faciəsi ilə xatırlanır.

32 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ hərbi qüvvələrinin Bakıda dinc əhalini atəşə tutması nəticəsində 134 nəfər həlak olub.

Rəsmi məlumatlara əsasən, SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib.

Məqsəd Azərbaycandakı kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq idi.

SSRİ Müdafiə Nazirliyi, DİN və DTK tərəfindən hazırlanan əməliyyat "Zərbə” adlanırdı.

Məlumatlara görə, əməliyyatda əsas rolu "ALFA” xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayıb.

Eyni zamanda, 1986-cı ilin dekabrında Qazaxıstanda,1989-cu ilin aprelində Gürcüstanda, 1991-ci ilin yanvarında Litvada dinc insanların güllələnməsi M.Qorbaçovun hakimiyyəti dövründə baş verib.