Vəkili: "Qubad İbadoğlunun damarlarında tıxanma yaranıb"

Vəkili:

11-02-2024 23:47 / Bu xəbər 663 dəfə oxundu

"Qubad İbadoğlunun səhhətində daha ciddi problemlər yaranıb. Qanında şəkərin miqdarı heç cürə aşağı düşmür". 

Bunu hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova deyib. 

O, siyasətçinin sağlıq durumunun ağır olduğunu deyib: "Artıq o, gündə iki yüksək dozalı dərman qəbul edir və insulin iynəsi vurur. Həmçinin ürək döyüntüləri normallaşsın deyə ayrıca dərman qəbul edir və buna baxmayaraq nəbzi həmişə yüksək olur. Endokrinoloq qərar verib ki, Qubad İbadoğlu 10 gün damarlarının yuyulması üçün sistem qəbul etməlidir. Çünki şəkər nəticəsində damarlarında tıxanma yaranıb". 

"Deməli, 10 gün Qubad İbadoğlu tibb məntəqəsinə aparılacaq. 1 saat sistem altında olacaq və yenidən kamerasına qaytarılacaq. Əslində isə Müalicə Müəssisəsi deyilən yer var. Xəstələr ora göndərilir, orada tamamilə həkim nəzarətində olur və müalicə aldıqdan sonra təcridxanaya qaytarılır. Lakin bu qayda, əlbəttə ki, Qubad İbadoğluna aid deyil", - deyə vəkil qeyd edib. 

Onun sözlərinə görə, Qubad İbadoğluna artıq gündə iki dəfə insulin iynəsi vurmalıdır. 

Xatırlatma 

ADR sədri Q.İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin (CM) 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. 

Avqustun sonunda ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan ilahiyyatçı Fətullah Gülənin ( ittihamı qəbul etmir) tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. 

Q.İbadoğlu isə ittihamı qəbul etmir, məhkəmədə onu "saxta" adlandırıb.