Qulu Məhərrəmli: "Ələsgər Məmmədliyə ittihamlar absurddur"

Qulu Məhərrəmli:

09-03-2024 13:22 / Bu xəbər 643 dəfə oxundu

"Cəmiyyətdə ictimai davranışı, dürüstlüyü, intellekti, hüquqi istedadı, nüfuzu və ləyaqəti ilə yaxşı tanınan, media hüququ üzrə tək-tük mütəxəssislərdən olan Ələsgər Məmmədlinin əcaib formada həbsi, evində axtarış  aparılması, ona qarşı hansısa qanunu pozmaq ittihamının irəli sürülməsi absurddur". 

Bunu media ekperti, professor Qulu Məhərrəmli Ələsgər Məmmədlinin həbsinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Toplum TV-yə hücumlar isə ölkədə söz və mətbuat azadlığına ciddi zərbədir: "Daim cəmiyyəti irəli aparmağa çalışan və qanun yaradıcılığı ilə məşğul olan ləyaqətli bir adamın hansısa qanunazidd hərəkətə yol verməsi ağlasığmazdır". 
 

Ələsgər Məmmədli

"Ələsgər bəyin təsisçisi olduğu Toplum TV-yə hücumlar isə ölkədə söz və mətbuat azadlığına ciddi zərbədir. Belə addımlar yalnız Azərbaycanın əleyhdarlarını və bir də xaricdəki "söyüş mediası”nı stimullaşdıra bilər", - deyə o bildirib. 

Müstəqil internet televiziyası olan "Toplum Tv”nin təsisçisi Ələsgər Məmmədli martın 8-də saxlanılıb. 

Bu barədə məlumatı Tv-nin baş redaktoru Xədicə İsmayıl özünün "Facebook” hesabında paylaşıb. 

Ələsgər Məmmədlinin İstanbul Klinikasının qarşısında saxlanıldığı bildirilir.  

Vəkil Zibeydə Sadıqova yazıb ki, Ələsgər Məmmədli ağır xəstəlikdən əziyyət çəkib. 

O, klinikaya müayinə olunmaq üçün gedib. 

III Respublika Platformasını qurucu üzvü Ruslan İzzətli də martın 8-də saxlanılıb. 

"Ruslan İzzətlini Xətai Polis İdarəsinin qarşısından qara maşına mindirib apardılar. Çox güman, Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) aparılıb”, - onun "Facebook” hesabında yazılıb. 

Daxili İşlər Nazirliyi isə "Toplum Tv” ilə bağlı daxil olan əməliyyat çərçivəsində əməliyyat aparıldığını bildirib.

Martın 6-sı səhər saatlarında müstəqil internet televiziyası olan Toplum Tv-nin və III Respublika Platformasının ofisinə polis əməliyyatı olub. 

Ofisdə olan şəxslər kütləvi şəkildə saxlanılıblar. 

Daxili İşlər Nazirliyi isə əməliyyatın daxil olan məlumat əsasında keçirildiyini bildirib.

Ümumilikdə ondan çox şəxs polis orqanına aparılsa da, onlardan Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq qrup halında törədildikdə) ittihamı ilə cinayət işi açılıb.

Toplum TV-nin və III Respublika Platformasının ofisilə yanaşı, tutulanların da evlərinə baxış keçirilib. 

Vəkillərin verdiyi məlumata görə, polislər ofisdən 30 min avro, tutulanların evlərindən də müxtəlif məbləğlərdə xarici valyuta aşkarladıqlarını bildiriblər.

Hüquq müdafiəçiləri əməliyyatları azad mediaya növbəti hücum kimi dəyərləndirirlər. 

ABŞ Dövlət Departamenti də "Toplum Tv” əməliyyatını pisləyib və təzyiqləri dayandırmağa çağırıb.

Toplum Tv-nin baş redaktoru Xədicə İsmayıl isə kanalın fəaliyyətini davam etdirəcəyini bildirib.