Rasim Balayev: “Kinoya başı çıxan adam nəzarət etməlidir”

Rasim Balayev: “Kinoya başı çıxan adam nəzarət etməlidir”

05-01-2022 17:03 / Bu xəbər 1858 dəfə oxundu

"Keçmiş nazirin kinodan başı çıxmırdı”

Xalq artisti Rasim Balayev Meydan TV-yə müsahibə verib. 

O, Azərbaycan kinosunun son durumundan, Mədəniyyət Nazirliyinin yeni islahat vədlərindən, kinoya ayrılan vəsaitlərdən, eyni zamanda, yeni çəkilən filmlərlə bağlı danışıb.

- 2021-ci ilin son günlərində mədəniyyət naziri Anar Kərimov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında mədəniyyət, həmçinin kino sahəsində görülən işlərdən danışdı. Dedi ki, növbəti illərdə Kino Agentliyinin yaradılması, "Netflix Türkiye” platforması ilə əməkdaşlıq, həmçinin kino sahəsində bir çox islahatlar aparılacaq. Necə düşünürsünüz, verilən bu islahat vədləri Azərbaycan kinosunun inkişafına xidmət edəcək?

İslahat deyəndə nə nəzərdə tutulur? Nə islahat? Yaxşı, sanballı film çəkmək lazımdır. Çox sözlər deyirlər, islahatlardan danışırlar. İstəyirsən, adını islahat qoy, amma nəticədə ortaya yaxşı film çıxar. Söhbət etmək yaxşıdır, amma ortada bir iş olsun. Həmişə deyirik ki, Türkiyə ilə müştərək film çəkilsin. Amma bunu illərdir deyirik, əmələ gəlmir, sözdə qalır. İş görmək lazımdır.

- Sizcə, yaxşı iş görməyə mane olan nədir: siyasi, yoxsa iqtisadi amillər?

- Sovet hökuməti dövründə kinoda pis-yaxşı bir struktur yaranmışdı. Birlik dağılandan sonra kinonu nazirlik səviyyəsində komitə etdilər. Sonra da nazirlikdə üç-dörd nəfər işçisi olan şöbəyə çevrildi. "Azərbaycanfilm” kinostudiyası dağıldı, altı-yeddi il ümumiyyətlə, film çəkilmədi. Bu zəncir qırıldı. Kino sahəsini Mədəniyyət Nazirliyindən ayırmaq lazımdır. Kino ilə bağlı qurum müstəqil fəaliyyət göstərməlidir. Yazıçılar, rejissorlar, redaktorlar cəlb olunmalıdır. Əgər özümüzdə yoxdursa, dəvət etsinlər. Görkəmli rejissorlar gəlsin. Onların rəhbərliyi ilə bizim gənclər film çəksinlər.

- Kinoya, elə teatra da azadlıq vermək hansı müsbət və mənfi nəticələrə gətirə bilər?

Mədəniyyət Nazirliyinin tərkibində teatr, muzey və sair şöbələr var. Kino da həmin şöbələrdən biridir. Üç-dörd nəfər də kino şöbəsində oturub. Kinoya kinodan başı çıxan adam nəzarət etməlidir. Keçmiş nazirin kinodan başı çıxmırdı, başqa yerdən gəlmiş bir adam idi. Kiminsə ssenarisini gətirirdilər. O da ssenarini istehsalata buraxırdı. Kinonu dərindən bilməyən adam ssenariyə baxır. Deyir ki, hə, bunu çəkin. Bu iş belə olmur. Ona görə deyirəm ki, bu işi peşəkara həvalə etmək lazımdır.

- Mədəniyyət sahəsində məmur təsiri hansı səviyyədədir?

Əvvəllər kino sahəsində Bədii Şura mövcud idi. Bəstəkar, rejissor, aktyor, rejissor, yazıçı, bir sözlə, sənət aləminin müxtəlif sahələrindən iyirmiyə yaxın üzv vardı. Ssenari təqdim olunurdu, həmin iyirmi nəfər baxırdı. Bədii Şuradan keçəndən sonra film çəkilirdi. Daha sonra qurum filmə bir də baxırdı. O vaxt nəzarət vardı. Bu işi izləyirdilər ki, adam ssenaridən kənara çıxmasın. Çünki ssenarini iyirmi adam təsdiq edirdi. İndi kimsə kinonu çəkir, axırda gətirir, dəyişmək olmur.

- Maliyyə naziri Samir Şərifov ötən il Milli Məclisdə çıxışında kinoların çəkilməsi ilə bağlı vəsait ayrılsa da, bu sahədə hər hansı mühüm dəyişikliklərin olmamasından gileylənmişdi. Bəlkə, problem siz dediyiniz kimi nazir seçimindədir?

Mən onu deyirəm də. Əbülfəs Qarayev kinonu bilmirdi. Ona görə də kinonu Mədəniyyət Nazirliyindən ayırmaq lazımdır. Ora istedadlı gəncləri cəlb etmək lazımdır. Bu adamlarda kino ilə bağlı heç bir narahatlıq yoxdur. Amma vaxt gedir. Yeni nəsil yetişmir. Kinonun ən pik nöqtəsi 70-80-ci illərdə oldu. Nə yaxşı ki, kinoya məhz həmin dövrdə, işin qaynar vaxtdında gəldim. Sonra zəncir qırıldı, daha filmlər çəkilmədi. Buna əncam çəkilməlidir. Çəkə bilmirlərsə, bunu etiraf etsinlər. Kənardan peşəkarlar dəvət olunsun, yaxşı filmlər çəkilsin. Samir Şərifov haqlıdır, hökumət pulu verir, sifarişini edir. Bunlar da ortaya iş qoya bilmir. Kinoya ayrılan pula da sanballı işlə cavab vermək lazımdır.

- Özünüz də qeyd etdiyiniz kimi, kinoda böhran sizin kimi aktyorların yetkin dövrünə təsadüf etdi. Azərbaycan kinematorqafiyası sizin potensialınızdan tam istifadə edə bildi?

Yox, yox. Mən tam kamilləşib, yetişən bir dövrdə kino dayandı. Boşa gedən 25-30 il ərzində, yəqin ki, otuza qədər filmə çəkilərdim. Oynadığım rollardan da heç olmasa, beş-altısı xalqın sevimlisinə çevrilə bilərdi. Düzdür, arada filmə çəkildim, amma ümumi götürəndə, bu illər boşuna getdi.