Reabilitasiya mərkəzində uşaqlara işgəncə verildiyi iddia olunur (Yenilənib)

Reabilitasiya mərkəzində uşaqlara işgəncə verildiyi iddia olunur (Yenilənib)

04-09-2022 00:21 / Bu xəbər 974 dəfə oxundu

Bakıda reabilitasiya mərkəzlərinin birində uşaqlara işgəncə verilməsi ilə bağlı ötən gün sosial şəbəkələrdə görüntülər yayılıb.

Həmin görüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub. Təlimçilər uşaqları vurur, saçlarından tutaraq yerə çırpırlar.

Hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun "Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur” reabilitasiya mərkəzində qeydə alınıb. 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, görüntülər bir neçə gün əvvəl çəkilib: "Bu barədə aidiyyəti qurumlara məlumat vermişəm”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Meydan TV-yə bildirilib ki, məsələ artıq nəzarətə götürülüb. Həmin şəxslər müəyyənləşdirilib. Məsələ ilə bağlı ictimaiyyətə açıqlama veriləcək.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır: "Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyəti qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə bildirilib ki, faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara başlanılıb: "Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

***

Paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.

İstintaq hərəkətləri davam etdirilir.

Təlimçilərin kimliyinin müəyyənləşdiyi bildirilir.