Rəsmi Bakıdan Yelisey sarayının Kişinyovla bağlı açıqlamasına reaksiya
02-06-2023 12:33 / Bu xəbər 504 dəfə oxundu
"Fransa Prezidentinin görüş barədə birtərəfli açıqlaması tərəflərin mövqeyini əks etdirmir”
Yelisey sarayı Ermənistan və Azərbaycan liderlərinin Kişinyov görüşü barədə bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti 6 oktyabr 2022-ci ildə Praqada 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərə və ərazi bütövlüyünə qarşılıqlı hörmətlə bağlı öhdəliklərini bir daha təsdiqləyiblər.
"Onlar Ermənistan və Azərbaycanın ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiq etdilər”, – deyə sənəddə vurğulanıb.
Eyni zamanda, bəyanatda Avropa liderlərinin Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə, xüsusən də hərbi əsirlərin tezliklə azad edilməsinə əməl etməyə çağırdıqları qeyd olunub: "Onlar (ölkə rəhbərləri. red) həmçinin Avropa İttifaqının monitorinq missiyasının Ermənistanın xeyrinə vacibliyini vurğulayıblar”.
"Tərəflər həmçinin Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinə təminatların tətbiqinin vacibliyini bildiriblər. Fransa Prezidenti istənilən düşmənçilik ritorikasından əl çəkməyin və regionun bütün əhalisinin rifahı naminə sülhün bərqərar edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb”, – deyə Yelisey sarayı əlavə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə iyunun 2-də yaydığı açıqlamada deyib ki, Fransa Prezidentinin görüş barədə birtərəfli açıqlaması tərəflərin mövqeyini əks etdirmir və təhrif edir: "Kişinyov görüşünün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib. Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir”.
İyunun 1-də Kişinyovda keçirilən beştərəfli görüşün sonunda jurnalistlərə açıqlama verən Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, onlar hüquqlar məsələsini, sülh müqaviləsini, sərhədlərin delimitasiyasını müzakirə ediblər.
Diplomat həmçinin əlavə edib ki, oxşar beştərəfli görüş Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti sammitində də baş tutacaq. Ancaq Şarl Mişel Əliyevlə Paşinyanın nə barədə razılığa gəldiyini açıqlamayıb.