Ruben Vardanyan Azərbaycan sərhədində saxlanılıb

Ruben Vardanyan Azərbaycan sərhədində saxlanılıb

27-09-2023 15:49 / Bu xəbər 1032 dəfə oxundu

O, sərhədçilərin nəzrətində Bakıya gətirilib

Separatçı "Dağlıq Qarabağ”ın keçmiş "dövlət naziri” Ruben Vardanyanın Ermənistanın Sünik vilayətinin mərkəzi Qorisə getməyə cəhd edərkən Azərbaycanla sərhəddə saxlanıldığı bildirilir.

Bu barədə sentyabrın 27-də Rusiyanın rəsmi dövlət agentliyi TASS məlumat yayıb.

"Ruben Vardanyan Həkəri (Akari) körpüsünü keçərkən saxlanılıb”, – deyə agentliyin həmsöhbəti bildirib.

Azərbaycan Dövlət Sərhəd Xidməti Vardanyanın saxlanıldığını təsdiqləyib.

Qurumun rəsmi açıqlamasında bildirilir ki, Ruben Vardanyan Bakıya gətirilib və onun haqqında hüquqi qiymətin verilməsi üçün aidiyyəti qurumlara təhvil verilib.

Ruben Vardanyan 2022-ci ilin noyabrında "DQR” dövlət naziri təyin edilib və 2023-cü ilin fevralında vəzifəsindən kənarlaşdırılıb.

Rusiyalı iş adamı Vardanyan "Troyka Dialoq” şirkətinin təsisçisi və "Skolkovo” idarəetmə məktəbinin ilk prezidentidir.

Keçən ilin sentyabrında Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Dağlıq Qarabağa köçmək niyyətində olduğunu bəyan edib.

İyunun 18-də Ruben Vardanyan Ukrayna tərəfindən axtarışa verilmişdi.