Rusiya-Ukrayna müharibəsi Avropaya neçəyə başa gəldi?

Rusiya-Ukrayna müharibəsi Avropaya neçəyə başa gəldi?

17-11-2022 01:24 / Bu xəbər 1131 dəfə oxundu

Müharibə başlayandan etibarən Avropa İttifaqı Rusiyadan aldığı neft və qaza Ukraynaya verdiyi maliyyə yardımından 3 dəfə çox pul xərcləyib.


Bunun necə baş verdiyi ciddi suallar doğurub. 

Bəs, doğrudan da, nə baş verdi?

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra mediada dəfələrlə Avropa İttifaqının siyasətinin ən azı birmənalı olmadığına, bəzi hallarda isə hətta ikiüzlü olmasına dair yazılar dərc edilirdi: Avropa İttifaqı Ukraynanı sözdə dəstəklədiyi halda, Rusiyanın enerji resurslarını almaqla ona maliyyə yardımı edir. 

Həqiqətən də, hesablamalar göstərir ki, Avropa İttifaqı fevralın sonundan etibarən Rusiyaya neft, qaz və kömür üçün Ukrayna ilə bağlı öz üzərinə götürdüyü yardım şəklində olan maliyyə öhdəliyindən ən azı 3 dəfədən çox pul ödəyib.

Bu hesablamalar nədir?

Breyqel İnstitutunun topladığı məlumatlardan belə çıxır ki, 2022-ci ilin fevral-avqust aylarında Avropa İttfaqına üzv olan dövlətlər Rusiyadan ümumilikdə 102.56 milyard ABŞ dolları (və ya 103.6 milyard avro) dəyərində neft, qaz və kömür alıb. 

Kil Dünya İqtisadiyyatı İnstitutunun son yenilənmiş hesablamalarına əsasən isə 2022-ci il oktyabrın 3-nə Avropa İttifaqına üzv olan dövlətlər və bu ittifaqa tabe olan təsisatlar Ukraynaya hərbi, iqtisadi və humanitar yardım məqsədilə ümumilikdə 29.2 milyard avro maliyyə yardımı ayırıb.

Yalnız 2022-ci ilin dekabrında vəziyyət radikal şəkildə dəyişməlidir: Avropa İttifaqı Rusiya neftinin idxalının 90%-dən rəsmi surətdə imtina edəcək.

Yəni Qərbin Ukraynaya xərclədiyi yardımın məbləği Rusiya xammalına xərclədiyi puldan 3 dəfə azdır? Yox. Kollektiv Qərbin Ukraynaya dəstək üçün öz üzərinə götürdüyü öhdəliklərin ümumi həcmi Avropanın Rusiyanın enerji resurslarına xərclədiyi məbləğə yaxındır: 93.8 milyard avro. Lakin bu məbləğin 60%-ni ABŞ ödəyir (ABŞ-ın Rusiyadan enerji resursu təchizatı ilə bağlı praktiki olaraq heç bir asılılığı yoxdur). 

Ukraynaya göndərilən bütün silahların 67%-dən çoxunu ABŞ, Avropa dövlətləri isə cəmi 25%-ni təmin edib və ya təmin etməyə hazırlaşır.

Eyni zamanda, Avropa İttifaqının vəd etdikləri Ukraynaya böyük gecikmələrlə çatır. Kil İnstitutu Tədqiqat Mərkəzinin direktoru Kristof Trebeş qeyd edir ki, yaydan başlayaraq Avropa dövlətlərinin öz üzərinə getdikcə daha az yeni öhdəliklər götürməsi isə görünür sistemli xarakter daşıyır. Belə ki, avqustun 4-dən oktyabrın 3-dək ABŞ öz üzərinə 12 milyard avrodan bir qədər az dəyərində yeni öhdəliklər götürüb, Avropa İttifaqına üzv olan dövlətlər və ittifaqa tabe olan təsisatlar isə eyni dövr ərzində öz öhdəliklərini təxmini olaraq cəmi 1.4 milyard avro artırıb. 

"ABŞ hökuməti Ukrayna üçün Avropa İttifaqına üzv olan dövlətlərlə müqayisədə qat-qat etibarlı tərəfdaşdır. Onlar hələ apreldə vəd edilmiş maliyyə yardımı paketini indiyədək ödəməyiblər”, – Trebeş bildirib.

Artıq Kil İnstitutunun relizindən sonra Avropa Komissiyası Ukraynaya söz verib ki, gələn həftə 2023-cü il üzrə 18 milyard avro dəyərində maliyyə yardımı planını ona təqdim edəcək. Amma hətta bu məbləğ belə Avropa İttifaqına imkan verməyəcək ki, Kiyevə göstərilən maliyyə dəstəyilə Rusiyadan alınan enerji resurslarına xərclənən pul arasındakı disproporsiya aradan qaldırılsın.

Avropa İttifaqı Rusiyadan daha az xammal alıb, Ukraynaya isə daha çox kömək edə bilərdi?

Bu, çətin sualdır və burada həcmlə bağlı müqayisə olduqca kobuddur. Məsələ burasındadır ki, Avropanın qısa müddət ərzində lazımi həcmdə neft və qazı götürmək üçün Rusiyadan başqa sadəcə olaraq kimsəsi yox idi. Sənayenin, yanacaqdoldurma məntəqəsi şəbəkələrinin fəaliyyəti və nəhayət, bütövlükdə cəmiyyətin rifah səviyyəsi neft təchizatından asılıdır (məsələn, Avropa İttifaqında qaz istehlakının təxminən 25%-i əhalinin payına düşür). 

Avrozonada enerji resurslarının qiymətləri və inflyasiya isə elə məhz Avropa İttifaqının Rusiya xammalından imtina edəcəyini elan etdiyi üçün əlavə olaraq artdı.

Nəticədə isə özünə məxsus bir çıxmaz əmələ gəlmiş oldu: Avropa İttifaqı Rusiyanın enerji daşıyıcılarından imtina ilə bağlı özünün strategiyasını bəyan etdi və bunun ərəfəsində də neft və qazın qiyməti kəskin şəkildə qalxdı. Avropalı alıcıların isə Rusiyanın qalıq şəklində qalan xammalının alışına daha çox pul xərcləməkdən başqa çarəsi qalmadı (Baxmayaraq ki, Avropa İttifaqına üzv olan dövlətlər bunun Rusiyaya maddi dəstək olduğunu əsas gətirərək buna qarşı çıxdılar).

Rusiya bundan nə qədər qazandı?

Kifayət qədər çox. Hələ 2022-ci ilin iyun ayında Rusiyanın enerji ixracı üzrə gəlirlərinin 50%-dən çoxu Avropa İttifaqının payına düşürdü. Eyni zamanda, ümumilikdə, Rusiyanın enerji ixracı nisbətən uğurlu şəkildə Şərqə – Hindistan və Çinə göndərilirdi. Çünki məhz bu dövlətlər daha çox Rusiya nefti almağa hazır idi.

Nəticədə də Rusiyanın enerji resurslarının hədsiz qiymətləri Kremli büdcə gəlirləri ilə təmin etdi və bu, digər şeylərlə yanaşı, onlara hərbi xərcləri artırmağa imkan verdi – 2023-cü ildə hökumət ümumi federal büdcə xərclərinin 33%-ə yaxınını milli müdafiə və daxili təhlükəsizliyə xərcləməyi planlaşdırır (29 trilyon rubleydən 9.4 trilyonunu).

İxracdan əldə edilən hədsiz pullar sanksiyalara görə idxalın dramatik şəkildə azalması ilə birgə yekunda 2022-ci il üzrə Rusiyanın cari maliyyə hesabını əhəmiyyətli dərəcədə yaxşılaşdırdı və 2022-ci ilin yanvar-sentyabr ayları üçün ticarət profisiti 198.4 milyard dollar təşkil etdi ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 120 milyard dollar çoxdur.
 
Bəlkə də, Rusiya neftindən imtina etməkdənsə, qiymətlərin qalxmaması üçün onu almağa davam etmək daha səmərəli olardı? 
 
Ola bilər...

Rusiya neftinin 90%-nə qoyulacaq olan neft embarqosu hansını ki Avropa İttifaqı elan edib – bu, elə əsasən xammal qiymətlərinin artmasına səbəb oldu və bunun sayəsində də Rusiya ixracın fiziki həcmindəki azalmanı kompensasiya edə bildi.

Rusiya tədarükünü əvəz etməyə hazır olan alternativ tədarük mənbələri olsaydı, embarqo uğurlu ola bilərdi, lakin ümumilikdə dünya bazarında hazırda belə birisi yoxdur. Buna görə də embarqonun tətbiqi yalnız beynəlxalq səviyyədə ticarət axınlarını yenidən bölüşdürəcək: Avropa daha yüksək qiymətlərlə olsa belə, yeni xammal mənbələri axtaracaq, Rusiya nefti isə ona qapalı olmayan bazarlar uğrunda mübarizəni davam etdirəcək. Bunu adının açıqlanmasını istəməyən neft-qaz təhlili mərkəzlərindən birinin rəhbəri izah edib.

Avropa İttifaqında xüsusi rüsumun tətbiqi kimi "bazar əsaslı” məhdudlaşdırıcı mexanizmlər daha effektiv ola bilərdi, lakin bu cür alətləri anlamaq və qəbul etmək həm siyasətçilər üçün, həm də seçicilər üçün çətindir. Eyni zamanda, bu xüsusi idxal rüsumundan əldə edilən gəlir faktiki olaraq Ukraynaya yardımın maliyyələşdirilməsi üçün istifadə edilə bilərdi.

Yəni Avropa başqa kimsədən neft və qaz ala bilməzdi?

Bacara bilməzdi, çünki Ukraynada müharibə başlayanda həmin an üçün bazarda kifayət qədər təklif səviyyəsi yox idi. Eyni zamanda, Avropa İttifaqı Kremlin enerji şantajına boyun əyməyəcəyini nümayiş etdirərək demək olar ki, dərhal alternativ axtarmağa başladı. Amma ittifaq bunun əvəzini çox baha ödədi – xammalın qiyməti artdı və ittifaq da Rusiyaya daha az miqdarda xammala görə daha çox pul ödəməyə məcbur qaldı.

Bəs alternativlər haqqında nə demək olar – məsələn, nüvə və yaşıl enerji kimi?

Rusiya enerjisindən imtina etmək üçün yaşıl enerjidən istifadə Avropa İttifaqının strateji kursudur. Amma bərpa olunan mənbələr dəyişkəndir, qeyri-sabitdir və ehtiyatların yaradılmasını, şəbəkələrin və digər infrastrukturların genişləndirilməsini tələb edir ki, bu da çox vaxt aparır – bunu neft-qaz təhlili mərkəzlərindən birinin rəhbəri deyir.

Ekspertin fikrincə, nüvə enerjisi də uzunmüddətli perspektivdə Avropa üçün şüurlu seçim ola bilər. Məsələn, Polşa artıq ən azı 2 yeni atom elektrik stansiyası tikmək barədə planlarını açıqlayıb. Lakin əks tendensiya da davam edir: Almaniya, Rusiyanın enerji resurslarından imtinasının ağırlığına baxmayaraq hələ də 2023-cü ildə ölkədə fəaliyyət göstərən bütün atom elektrik stansiyalarını bağlamaq niyyətindədir. Bu seqmentdə dünya liderlərindən biri olan Fransanın nüvə enerjisi sənayesi isə infrastrukturun texniki hazırlığının saxlanması və reaktorların təmirinə yönələn pulların azalması səbəbindən kifayət qədər çətin vəziyyətdədir.

Aydındır, gəlin Ukraynaya qayıdaq. Olmaz ki, sadəcə, Ukraynaya ayrılan yardımın həcmini neft və qaza xərclənən həcmə qədər artıraq?

Bu, Avropa İttifaqının ən zəngin dövlətlərindən asılıdır, onların isə yardım həcmini artırmağa hazır olduqları görünmür. Rusiya təcavüzünün bilavasitə təhlükəsini daha kəskin dərk edən yalnız bir neçə dövlət öz xərclərinin əhəmiyyətli hissəsini Ukraynanın xeyrinə yenidən bölüşdürməyə hazırdır. Qalanları isə daha kiçik məbləğlərlə məhdudlaşır – əsasən daxili siyasi səbəblərə görə.

İqtisadi istehsalın payı kimi Ukraynaya dəstəyin həcmini hesablayanda məlum olur ki, Avropa İttifaqına üzv olan dövlətlər orta hesabla ümumi daxili məhsulunun 0.19%-ni xərcləməyə hazırdır. Amma Avropa daxilində fərqlər çox böyükdür. Məsələn, Latviya və Estoniya Ukrayna qarşısında illik ümumi daxili məhsulunun təqribən 1%-nə bərabər olan öhdəliklər götürüblər. 

Polşanın töhfəsi ümumi daxili məhsulunun 0.6%-ni təşkil edir. Lakin Avropanın "ağır çəkili”lərinin köməyi daha təvazökardır: Böyük Britaniya – ümumi daxili məhsulunun 0.24%-i; Almaniya – 0.17%; İtaliya – 0.15%; Fransa – 0.15%.

Eyni zamanda, 4.5 milyon qaçqının qayğısına qalmaq yükü də əsasən Rusiya və Ukrayna ilə qonşu olan elə həminki "səxavət”li dövlətlərin üzərinə düşür. 

Kil İnstitutunun məlumatına görə, ukraynalı qaçqınlar Polşaya ümumi daxili məhsulunun daha 0.71%-nə, Estoniyaya isə ümumi daxili məhsulunun əlavə 0.56%-nə başa gəlir. 

Almaniya və Böyük Britaniyada isə qaçqınların payı sözügedən dövlətlərin iqtisadiyyatlarının həcminə görə müvafiq olaraq cəmi 0.08 və 0.01% təşkil edir.

Yardımın nə qədər artırıla biləcəyi mübahisəli sualdır: güman etmək olar ki, bu halda demokratiyalar ilk növbədə öz seçicilərinin ehtiyaclarını və maraqlarını rəhbər tuturlar. Və əgər dövlətlər Ukraynaya yardımı artırmaq üçün məsələn, sosial ödənişləri və proqramları kəsməklə şəxsi maraqlarını qurban verməli olacaqlarsa, bu zaman seçim daha çox böyük ehtimalla daxili maraqların xeyrinə olacaq.

Belə çıxır ki, Rusiya avropalıların pulu uğrunda Ukraynaya qarşı mübarizədə qalib gəldi?

Bu gün üçün bəli. Avropa artıq bütün əsas alətləri işə salıb: bir tərəfdən Rusiyanın enerji resurslarından asılılığını azaltmaq, digər tərəfdən isə Ukraynaya yardımı davam etdirmək.

Rusiya neft və qazından mərhələli şəkildə imtina etmək siyasətinin effektiv olması üçün vaxt lazımdır: neft embarqosu bu ilin sonunda qüvvəyə minməlidir, 2025-ci ilə qədər isə Rusiya qazının tədarükünün tamamilə dayandırılması baş verə bilər. 

O vaxta qədər Rusiyanın boru kəməri tədarükünə əsas alternativ olan mayeləşdirilmiş təbii qaz üzrə qlobal bazarda vəziyyət ABŞ və Qətərin yeni imkanlarını işə salması ilə əlaqədar xeyli dərəcədə qeyri-gərgin olacaq, buna görə də yeni qiymət şoklarının qarşısını böyük ehtimalla almaq olar.

Lakin hətta Avropa Rusiyadan xeyli az xammal almağa başlayanda belə, onun Moskvaya qeyri-ixtiyari, Ukraynaya isə şüurlu köməyinin yekun nisbəti çətin ki, tarazlığa yaxınlaşsın. Fərq həddən ziyadə böyükdür, ictimai əhval-ruhiyyə və praqmatik siyasi qərarların təzyiqi altında Kiyevə dəstək isə çətin ki, dəfələrlə artsın.

Tərcümə: Camal Cavadbəyli