Sabah Kremldə Ukraynanın 4 vilayətinin ilhaqı ilə bağlı sənədlər imzalanacaq

Sabah Kremldə Ukraynanın 4 vilayətinin ilhaqı ilə bağlı sənədlər imzalanacaq

29-09-2022 15:32 / Bu xəbər 866 dəfə oxundu

Sentyabrın 30-da Kremldə "Rusiyaya yeni ərazilərin daxil olması” haqqında müqavilələr imzalanacaq. 

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Söhbət Rusiya qoşunlarının işğalı altında olan Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən gedir. 

Dövlət Dumasının deputatları sentyabrın 30-da saat 15:00-da Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək tədbir üçün Kremlə dəvət olunublar. 

Bu barədə RİA "Novosti” Rusiya Federasiyası Kommunist Partiyasından olan deputat Denis Parfenova istinadən məlumat yayıb. 

Peskovun sözlərinə görə, ilhaq sənədlərini imzalamazdan əvvəl Putin deputatlar qarşısında çıxış edəcək. 

Razılaşmalar separatçı "Donetsk Xalq Respublikası” və "Luqansk Xalq Respublikası”nın liderləri, həmçinin Xerson və Zaporojye vilayətlərinin Rusiya işğal administrasiyalarının rəhbərləri ilə imzalanacaq. 

Donetsk və Zaporojye vilayətlərinin əhəmiyyətli hissəsi və Xerson vilayətinin kiçik bir hissəsi hazırda Ukraynanın nəzarəti altındadır.

Ukrayna və Qərb ölkələri, eləcə də dünyanın bir sıra digər ölkələri Rusiyanın tərkibinə daxil olmaq üzrə 4 regionda keçirilən psevdoreferendumu tanınmadıqlarını bəyan ediblər. 
ABŞ və müttəfiqləri ilhaq cəhdi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar elan etməyə hazırlaşır.