Sayt rəhbərləri ev dustaqlığına buraxılmadı

Sayt rəhbərləri ev dustaqlığına buraxılmadı

09-05-2024 23:16 / Bu xəbər 419 dəfə oxundu

Mayın 9-da Xətai Rayon Məhkəməsində "AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) və "meclis.info” saytının rəhbəri İmran Əliyevin ev dustaqlığına buraxılması üçün verilmiş vəsatətlərə baxılıb. 

Hər üç işə hakim Fuad Axundov baxsa da, məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib.

Hər üç məhkəmə iclaslarında vəkillər bildirib ki, hüquqlarını müdafiə etdikləri şəxslərin həbsdə saxlanması üçün əsas yoxdur. 

Vəkillər vurğulayıb ki, müvəkkilləri istintaqdan yayınmaq niyyətində deyil, yaşayış yerləri məlumdur, ilk dəfədir hansısa cinayətdə ittiham olunurlar.

Ülvi Həsənlinin vəkili onun himayəsində azyaşlı uşağı olduğunu məhkəmənin nəzərinə çatdırıb.

İmran Əliyevin vəkili isə müvəkkili həbs olunarkən onun işgəncəyə məruz qalması, müdafiə hüququnun pozulmasından danışıb.

Təqsirləndirilən şəxslərin özləri də heç bir cinayət törətmədiklərini, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.

Sevinc Vaqifqızı deyib ki, "AbzasMedia” ilə bağlı cinayət işi bu nəşrin apardığı korrupsiya araşdırmalarına görədir.

O bildirib ki, Qarabağda yenidənqurma və bərpa işləri üçün tenderlər "Paşa Holding”ə verilir. 

"AbzasMedia”nın bu barədə araşdırması olub və sorğulayıb ki, niyə yüzmilyonlarla tenderlər hakim ailənin şirkətlərinə verilir? O yada salıb ki, "AbzasMedia”nın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevin əmlakları barədə də araşdırması olub.

Ülvi Həsənli də heç bir cinayət törətmədiklərini, siyasi sifarişlə həbs olunduğunu deyib.

İmran Əliyev də təqsirsiz olduğunu bildirib.

Hər üç məhkəmə prosesində müstəntiq onların ev dustaqlığına buraxılmasına etiraz edib. Deyib ki, Sevinc Vaqifqızı, Ülvi Həsənli və İmran Əliyevin həbs olunması üçün əsaslar aradan qalxmayıb. Müstəntiq iddia edib ki, onlar həbsdən buraxılsa, istintaqdan yayınmaq, şahidlərə təsir göstərmək ehtimalı var.

Hər üç məhkəmə prosesində vəkillərin vəsatəti təmin olunmayıb. Hakim Fuad Axundov onları ev dustaqlığına buraxmaqdan imtina edib.

2023-cü ilin noyabrından bu yana media və vətəndaş cəmiyyətinə qarşı cinayət işləri çərçivəsində 20-yə yaxın jurnalist və vətəndaş cəmiyyəti fəalı həbs olunub. 

Onların arasında korrupsiya araşdırmalarıyla tanınan "AbzasMedia” saytının rəhbəri Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), jurnalistlər Hafiz Babalı, Elnarə Qasımova, Nərgiz Absalamova, "Toplum TV” internet televiziyasının təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, kanalın video readktoru Müşfiq Cabbar, "Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və kanalın əməkdaşı Şamo Eminov, seçkilərin müşahidəsi və analizi ilə məşğul olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, "meclis.info” saytının rəhbəri İmran Əliyev, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və başqaları var.

Adları çəkilən jurnalist və ictimai fəallar ayrı-ayrı cinayət işləri üzrə təqsirləndirilsələr də, hamısına qarşı maliyyə qaçaqmalçılığı ittihamı irəli sürülüb. Onlar xaricdən Azərbaycana qanunsuz yolla pul gətirməkdə ittiham olunurlar.

Lakin jurnalist və fəalların heç biri özlərini təqsirli bilmir, barələrindəki cinayət işlərinin saxta olduğunu, korrupsiya araşdırmalarına, hökuməti tənqid etdiklərinə görə cəzalandırıldıqlarını deyirlər.(Meydan TV)