Son dərviş
16-08-2020 12:55 / Bu xəbər 4529 dəfə oxundu
Sufilik
Dərvişlər sufilərin (sufiliyin)
balalarıdır.
Sufizm – yaxşı hər şeyə sevgi
deməkdir. Sufini son məqsədinə çatdıran yeganə yol sevgidir: dünyaya sevgi,
insana sevgi, həyata sevgi, Tanrı sandığın gerçək və ya ilahi varlığa sevgi. Eşq.
"Təsəvvüf İslamın təqdim etdiyi
Allahın sifətlərinə əlavə edilən Türk ruhudur. Təsəvvüf Allahı dərk etmək üçün
insanın yüksəlişidir, Allah xofu deyil”.
Təsəvvüf yolçusunun yolu Mütləq
həqiqətədir. Mütləq həqiqət Tanrının özüdür. Mütləq həqiqət kamil insanda da
var. Mütləq həqiqət eşqdir – Mütləq eşq.
"Eşqdir mehrabı uca göylərin”
(Nizami).
Dünyada ən ülvi məşğuliyyət
ibadətdirsə, eşq onun qibləsidir. Eşq uca göylərin mehrabı, o uca göylərin
fövqündə olan ilahi bir nəsnədir.
Bu fəzilət daxili-əhli-kəmal
eylər məni”.
Eşq – fəzilətdir. Fəzilət
bilirsinizmi nədir? Fəzilət – ləyaqətdir, mərifətdir, hünərdir, talantdır,
kamillikdir, gözəl əxlaq, alicənablıq, səxavətdir. Onu necə tərk eləmək olar?
Axı o, səni bütün bu keyfiyyətlərin zirvəsinə - kamilliyə ucaldır. Bu zirvənin
ətəyində küllənib Füzulini qınamaq, sadəcə, cahillikdir. Füzuli üçün eşq uca,
əlçatmaz, əbədi canatım zirvəsidir. Daxilən kamal əhli olmayanlar, ola
bilməyənlər üçün eşq mövzu ola bilməz.
"Bieşq kimsə anlamayıb sirri-xilqətin” (Seyid
Əzim).
İlahi Eşq ruhun qidasıdır. O,
insanın içində daha gözəldir.
"Eşq – dünyanın tək varlığa
endirilməsi və tək varlığın Tanrı dərgahına ucaldılmasıdır (Balzak).
Eşq
dünyanın hər yerində eşqdir. Sadəcə, onu anlamaq, onun qatlarını görmək, duymaq,
yaşamaq hər insanın işi deyil. Neyləmək olar, görünür, eşq seçilmişlərin ilahi
mükafatıdır.
Həzrət İnayət Xana görə sufizm
nə dindir, nə fəlsəfə. O, nə deizm, nə də ateizmdir. O, bunların arasında
dayanaraq bu aradakı boşluğu doldurur.
Dindarlar hesab edir ki, sufilər həddən
artıq azadfikirlidirlər, soyuq başlı filosoflar isə onlara çox dindar adamlar
kimi baxırlar, çünki sufilər ruhu yüksəltmək üçün materialist məntiqdən daha
yüksək prinsipləri rəhbər tuturlar.
Sufizm insanın fiziki, intellektual, əqli, mənəvi, ruhi kamilliyidir. Şəriət, təriqət, mərifət və həqiqəti öyrənmədən həyatın harmoniyasını tapmaq mümkünsüzdür.
Şəriət Allahın hökmü, təriqət insanın seçimidir. Qəbul etdirilmiş həqiqət dərk edilmiş həqiqət deyil, ehkamdır, xof nişanəsidir, doğal deyil.
Sufizm heç bir dinlə bağlı deyil. Onun bütün dinlərdən üstünlüyü Uca Tanrıya – kamilliyə və Mütləq həqiqətə vasitəsiz çatımdır. Sufi – Tanrı yolunda rəsula, araçıya, vasitəçiyə yer yoxdur. O, Tanrı xofu yaymaq üçün deyil, Tanrı eşqini yaymaq üçün çalışır. Qılıncsız və savaşsız.
Sufizm Mürşidə sonsuz inam deməkdir. Çünki mürşidlik zirvəsinə çatmış insan heç vaxt müridinə tərki-dünya həyat tərzi aşılamır, onu dünya nemətlərindən və həzzindən imtina edib tənhalığa çağırmır, müridinin qəlbinə daha çox işıq və həyat aşılamağa çalışır. Müridlər də mürşidlərindən başqa kimsəyə xidmət etməzlər. Tanrıya canatma fani dünyanın xidmətlərini sufinin gözündən salar. Onun könül dünyası özgəsinə xidmətə qədər enən bir nəsnə deyil. Özgəsinə xidmət ucalığa göz dikmiş adamın ayaqları altında olar.
Sufi hər şeyə xeyir-şər
prizmasından yanaşır.
Dərvişlik
Deməli, sufilər həddən artıq
azadfikirlidirlər. Azad fikirin və azadfikirliyin həddi varmı? O həddi kim və
kimlər üçün müəyyən edir? Bu həddi kim və necə qoruyur? Onun aşılmasının cəzası
nədir? Həddi olan şeyə azadlıq demək olarmı? Hüdudsuzluq ölçüsüzlük və ifrat
deyilmi?
Bir neçə gündür ki, Qənimət
Zahidin "Son dərviş” kitabını oxuyuram. Dərvişliyi, sufizmi,
tarixi, bir sözlə, qədim-çağdaş insanlıq fəlsəfəsini varaqlayıram. Bəşər tarixi
nə qədər uzun olsa da, onu bir ana, bir kitaba sığdırmaq olur. Yetər ki, bu
tarixi özün yaşayasan.
Dərvişliyi mütrüblükdən ayıra bilməyənlər üçün deyil bu kitab.
Böyük ideallar və şəxsiyyətlər
zamanın fövqündə olurlar. Onların baxışları zamanın qalın pərdəsini deşib
keçərək yüzillər sonraya boylanır.
Tarixə uzun zaman sonra - tarixin aydınlığında baxmaq çətin iş deyil, amma gərək ona baxmaq üçün yüksəyə qalxmağı bacarasan. Tarix barədə aydın təsəvvürlərin, zəngin mütaliən, fəhmin, talantın və bir də mənəvi haqqın olsun gərək. Dərvişlik əsrləri yenib gələn ən günahsız, ən iddiasız, ən ülvi, ən dərin dünya görüşü, əqidə, mənəviyyat olduğundan ona bir günün prizmasından baxmaq olmaz. Ona məhz əsrlərin çağdaşlıq işığında baxıla bilər.
Bu kitab tarix deyil, heç adi
roman da deyil. Onun bir roman olduğu da heç yerdə yazılmayıb. Bu kitab tarix,
yaşam və insanlıq hekayəsidir.
"Son Dərviş” Azərbaycan ədəbiyyatını ölkə
sərhədlərindən kənara çıxaran uğurdur.
"Dünyanın bir şahının dünyanın
bütün şəhərlərini xarabaya çevirəcək qədər günahları var. Bu dövran lənətlənmiş
dövran idi. İndi bütün barmaqlar şərin hökmündə qatlanır və ya dikəlir”.
Şahın
Günəş Dədənin – adi bir sufi filosofunun hüzuruna tövbəyə gətirilməsi azğın
hökmdarlara sadəlövh məsləhət və ya ucuz didaktika deyil. Bu, insanlıq
dərsidir. Vay sinifdə qalanın halına!
"Cisminiz sizə ona görə
verilib ki, bu dünyanın ölçülərində ruhunuzu ağlınızla birləşdirib Allahı dərk
edəsiniz”.
Fikir verirsinizmi, şahların əlini öpdüyü, qarşısında diz çökdüyü
"təsəvvüf kişisi” Günəş Dədənin bu nəsihətində də Tanrı ilə insan arasında
kimsə yoxdur. Kamilləşmə yolu kənar kimsənin soxula biləcəyi yol deyil. Onun o
başında Tanrı, bu başında isə İnsan var.
"Din bəkçiləri Ali ruhun dərk
edilməsində insan hürriyyətini boğur, cilovlayır, Allaha deyil, özünü Allahla
insan arasında vasitəçi qat elan edənlərin təntənəsi üçün işlədilir”.
Dünya
dəyişir, gəlişir, yerində sayır. Din də eləcə. Sufilik özünü tarixən siyasətin
əlində alət olan din qədər nüfuzdan salmayıb. Onun idarəsi, möhürü və kimsə
qarşısında öhdəliyi olmadığından dəyərlərinin qutsallığını daha çox qoruya
bilib. "Qutsal haqq uğrunda qılınc çalanlar özlərini qutsal haqq uğrunda
başından keçənlər qədər haqlı sayarlar”. Sufilər qutsal haqq uğrunda
canlarından keçənlərdir. Hər qılınc çalan isə qutsal haqq yolçusu deyil...
"İnsan faili-muxtardır, asilik də, ibadət də dərk edilmiş qərardır”.
"Günahsız adamlar qorxulu
adamlardır, onlardan hamı çəkinir. Günah edə bildiyi halda günah etməyənləri
kimsə bağışlamaz”. Bu təkcə yüz illər qabaq belə deyildi ki. İndi də belədir.
Can ağrısına dözüb ləyaqət ağrısına dözməyən tofiq yaqublular, onlarla
günahsızlar var ki, suçları günahsızlıqlarıdır.
"Məsumlar üçün yaradılmış
cəhənnəm varsa, bunu Allah yaratmayıb”. Hökmdarların verdiyi və bu dünyada ləğv
edilməmiş allahsız cəzaların apellyasiyası Tanrı dərgahındadır. Çünki cəzasız
günah olmur.
Allahın yoxluğunu israr
etməkdən vəcdə gələn, Allahı yox etmək üçün dəstə bağlayan bir zümrənin Divan
qurduğu bir ölkədə qaçılası bir yer tapammazsan”.
Qürbət ağır yoldur, amma
getməlisən. Dünya, sadəcə, dörd tərəfdən ibarətdir, insanın seçim imkanı çox
məhduddur.
"Bu yazılar içində
könlümdə susanı gör.
atəşdə İbrahimi,
çarmıxda İsanı gör...”
Ölkənin baş İmamının
(Müftisinin) övladlığa götürdüyü qızı Firəngistandan bidətə görə didərgin
düşmüş xristian gəncə vurulmuşdu. Qızın əsl atası bu izdivaca etiraz etmir və
qərarı Müftiyə - qızı böyüdüb boya-başa çatdırmış şəxsə buraxır. Ehkamlar
əlində əsir olan Müfti isə qan-yaş içində qərarını elan edir: "Gözümün
ağı-qarası olan tək övladımı din və şəriət yolunda qurban edirəm”.
Müsəlman qızına vurulan
xristian gənc Qvazimoda deyildi, Qvazimoda kimi daxilən mükəmməl, üstəlik, zahirən
də yaraşıqlı, ağıllı bir gəncdir. Amma bütün bunlar insanlıq dini bəkçisinin
insanlıq qərarı verməsi üçün yetərli deyildi. Bu qərar nə ağılın, nə də ürəyin
qərarı idi. Bu qərar inancı ilə insanlığı arasında əsir qalmış, sonda inancını
seçmiş bədbəxtin qərarı idi. Edam səhnəsinə əzabdan daşlaşmış sifəti, sabahkı
küt peşmançılıq duyğusu ilə baxan adamı bədbəxt saymamaq mümkühsüzdür. Zombilik
əbədi bəladır...
İnsanın dərdi nə qədər böyük olsa da, Tanrı ilə müqayisədə çox kiçikdir. Dərdi dərd eləmək olmaz. İnsanlıq tanrısına tapınan adamın dərdi dərmansız ola bilməz.
İnsanlığın yolu bizim
bildiyimizə sığmaz. Bəşər tarixi insanlıq tarixindən çox insanlığa sığmayan
nəsnələr arxividir. İnsanın insan üzərində hakimiyyəti yaranan gündən insan
hakimə və məzluma çevrilib. Bu qəflət və rəzalət nə zaman bitəcək? "İnsanların
elmi artdıqca anlayacaqlar ki, hər bir insan İlahi mahiyyətin daşıyıcısıdır,
ona əl qaldırmaq İlahi mahiyyətə əl qaldırmaqdır. İnsanlar arasında İlahi düzən
olacaq, kimsə varlığını bu gerçək dışında təsəvvür etməyəcək, şahlar hökmün
ədalətini ədalətin hökmü kimi anlayacaqlar. Ədalət uğrunda qan yox, elm gərək
olduğunu anlayan şahlar qurtaracaq insanlığı”.
Əziz oxucu, görürsənmi, sənin
layiq olduğun dünya düzəni hələ də ilğımların o tayındadır. Bilirsənmi niyə?
Çünki insanlığın taleyi hələ də İNSAN əlində deyil.
Son