“Təlimat İsraildən gəldi” – Kürd “dövlət”i, yoxsa “vəd edilmiş torpaqlar”?

“Təlimat İsraildən gəldi” – Kürd “dövlət”i, yoxsa “vəd edilmiş torpaqlar”?

22-03-2016 12:29 / Bu xəbər 1617 dəfə oxundu

"Suriyanın şimalında kürd federasiyasının yaradılması təlimatı İsraildən gəlib”.
 
Bunu Azad Suriya Ordusunun Baş Qərargah başçısı Əhməd Berri deyib.
 
Suriyanın şimalında qeyri-sabit vəziyyətin ən çox İsrailin maraqlarına cavab verdiyini vurğulayan general Vaşinqton, Moskva, Avropa paytaxtları və Birləşmiş Millətlər Təşkilatından gələn reaksiyaların saxta olduğunu dilə gətirib:
 
"Beynəlxalq cəmiyyət Şimali Suriyada elan edilən kürd federal bölgəsinin qarşıdakı dövrdə kürd dövlətinə çevrilməsi ilə bağlı İsrail tərəfindən razı salınıb. ABŞ və Rusiya kürd federal bölgəsi ilə bağlı həyata keçirilən layihəyə xidmət edəcək, eyni zamanda İngiltərə bu məsələdə aktiv rol oynayacaq. Ərəb, türkman və kürd qardaşlarımızla bu separatçı cərəyana qarşı yeni bir cəbhə açdıq. PKK-nın Suriya qolu olan PYD ölkəmizdə məqsədinə çata bilməyəcək”.
 
Əhməd Berri İsrailin "Ərz-i Mevud” ("Vəd edilmiş torpaqlar”) ideyasından vaz keçmədiyini söyləyib:
 
"PYD-dən sonra yaradılan Demokratik Suriya Gücləri bölünmüş Suriya ideyasının həyata keçirilməsində bir addım idi. Şərtlər uyğun olan kimi dövlət elan edəcəklər. Kürd federal bölgəsində hazırda ABŞ hərbi bazası qurulur. Bu baza bir müddət sonra İsrailə veriləcək və bu ölkə "vəd edilmiş torpaqlar” hədəfinə bir addım daha yaxınlaşmış olacaq”.
 
Martın 17-də Suriyanın şimalında üç kürd kantonu federasiyanın yaradıldığını elan edib. Cəzirə, Kobani və Afrin kantonundan olan nümayəndələr Rmeylan şəhərində keçirilən konfransda federasiyanın yaradılması haqqında bəyannaməyə səs veriblər. Lakin rəsmi Dəməşq, Ankara, Vaşinqton, bir sıra Avropa dövlətləri və  Birləşmiş Millətlər Təşkilatı yeni qurumu tanımadıqlarını açıqlayıblar.