Trotskinin evi...

Trotskinin evi...

12-02-2024 23:30 / Bu xəbər 998 dəfə oxundu


Yadigar Sadıqlı
 

12 fevral 1929-cu il. SSRİ-dən sürgün olunan Lev Trotski arvadı və böyük oğlu ilə İstanbula gəlir və bir müddət sonra Şahzadə adalarının ən böyüyü olan (adından da bilindiyi kimi) Böyükadadakı bu indi uçulmuş evdə məskən salır.

Trotski bolşeviklər arasında Lenindən sonra ikinci adam sayılırdı. Amma Leninin ölümündən sonra başlayan hakimiyyət mübarizəsində Stalin qalib gəldi. 

Trotski hakimiyyətə gətirdiyi partiyadan 1927-ci ilin noyabrında xaric olundu və Alma-Ataya sürgün edildi. 15 ay sonra da SSRİ-dən qovuldu.

Onun Böyükadada məskunlaşması yəqin ki, təhlükəsizliklə bağlı idi. İstanbulda xeyli rus monarxisti vardı və onlar Trotskiyə nifrət edirdilər. Adaya nəzarət etmək daha asandır. 

Trotski burada həm təşkilati işlərlə, həm də yazı-pozu ilə məşğul olur. Bir müddət Berlində, nasistlərin hakimiyyətə gəlişindən sonra Parisdə çıxan "Müxalifətin bülleteni” adlı qəzet təsis edir. 

Hələ Alma-Atada başladığı "Mənim həyatım” əsərini bitirir. Daha sonra "Rus inqilabının tarixi”, "Stalin saxtakarlıq məktəbi” kitablarını yazır. Bu kitablar, xüsusən də "Mənim həyatım” və "Rus inqilabının tarixi” dünyanın bir çox ölkələrində çap olundular və müəllifə xeyli qazanc gətirdilər. 

Trotski Avropa ölkələrindən birinə köçmək istəyirdi, Amma SSRİ-də əksinqilabçı, bütün dünyada isə qatı inqilabçı kimi tanınan şəxsə sığınacaq vermək istəyən ölkələr çox deyildi. Nəhayət, 1933-cü ildə Fransadan viza aldı və iyunun 17-də Böyükadanı tərk etdi. Sonra Norveçə getdi. Axırda Meksikada məskunlaşdı və 1940-cı ildə burada öldürüldü. 

Türkiyədə daha çox "Troçki evi” kimi tanınan evin əsl adı Sivastopol Köşküdür. Adanın Hamlacı küçəsində yerləşir. Uçulmuş vəziyyətdə olsa da, qapısında "özel mülktür, izinsiz girilmez” yazılır. Amma bəzi həvəskarlar girib foto, videoçəkiliş aparırlar. 

Ev haqqında məlumat azdır. Onun 1850-ci illərdə bir erməni tacir tərəfindən tikildiyi söylənilir. 

Trotskidən sonra kim yaşayıb, indi kimin mülküdür, öyrənə bilmədim.

Yazı müəllifin "Tarixçi" Teleqram kanalından götürülüb.