Türkiyə Tacikistan vətəndaşları üçün viza rejimi tətbiq edəcək

Türkiyə Tacikistan vətəndaşları üçün viza rejimi tətbiq edəcək

06-04-2024 23:27 / Bu xəbər 679 dəfə oxundu

Düşənbənin də eyni addımı atacağı gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Tacikistan vətəndaşları üçün viza rejiminin tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.

Müvafiq sənədi aprelin 5-də hökumət qəzeti "Resmi gazete” dərc edib.

""Əcnəbilər və beynəlxalq müdafiə haqqında” Qanuna uyğun olaraq, xarici pasporta malik Tacikistan vətəndaşlarının Türkiyəyə vizasız səfərinin ləğv edilməsi qərara alınıb”, – sənəddə deyilir.

Bu qərarın səbəbləri açıqlanmır.

Düşənbə hələlik bu xəbəri şərh etməyib, rəsmi məlumat da dərc etməyib.

Lakin Tacikistan hökumətindəki iki ayrı "Radio Ozodi” mənbəsi bu məlumatı təsdiqləyib.

"Bu, doğrudur. Həqiqətən də, Türkiyə viza tətbiq edir, lakin hələlik qərarın təfərrüatlarını bilmirik”, – "Radio Ozodi”nin həmsöhbətlərindən biri deyib.

Radionun digər mənbəsi isə indi diplomatik qaydalara əsasən, Tacikistanın da Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edəcəyini söyləyib.

Türkiyənin Düşənbədəki səfirliyi hələlik Tacikistan vətəndaşları üçün vizanın tətbiqi ilə bağlı xəbəri şərh etməyə hazır deyil.

Rusiya mətbuatı Türkiyə hakimiyyətinin qərarını bu günlərdə "Crocus City Hall”da baş verən terror hücumu ilə əlaqələndirir.

"RBC” nəşri xatırladır ki, hadisədən sonra Türkiyə terror aktına görə məsuliyyəti öz üzərinə götürən "İslam Dövləti” tərəfdarlarına qarşı bir neçə reyd keçirib.

Aprelin 1-də "Hürriyet” yazıb ki, Türkiyədə terror hücumu törətməyi planlaşdıran iki İŞİD tərəfdarı İstanbulda saxlanılıb.

Saxlanılanlar arasında 37 yaşlı Tacikistan vətəndaşı da olub.

Nəşr daha öncə "Crocus City Hall”da terror törətməkdə şübhəli bilinən iki nəfərin bu yaxınlarda Türkiyəyə səfər etdiyini yazıb.

"Crocus City Hall”a terror hücumu martın 22-də axşam baş verib.

Son məlumatlara görə, nəticədə 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.

Əfqanıstandakı "Vilayət Xorasan” adlı İslam Dövləti qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

Rusiya hakimiyyəti terrorda Ukraynanın əli olduğunu iddia edir. Kiyev bu ittihamları rədd edir.

Terror hücumu ilə bağlı 15 nəfərin saxlanıldığı bildirilir.