Xəstəxanada mənimsəmə: vəzifəli şəxslərə cinayət işi açıldı

Xəstəxanada mənimsəmə: vəzifəli şəxslərə cinayət işi açıldı

04-03-2024 13:29 / Bu xəbər 556 dəfə oxundu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında mənimsəmə faktı aşkarlanıb, tibb müəssisəsinin vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb.

Məlumatı Baş Prokurorluq yayıb.

Məlumata görə, "Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Bildirilir ki, araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılmış 50 min manatdan artıq məbləğdə pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaqın davam etdiyi bildirilir.