Yaşıl işıqlı saray

Yaşıl işıqlı saray

08-11-2022 22:46 / Bu xəbər 2417 dəfə oxundu

Telefonun zəngi durmadan çalırdı. Allahım, dünyanın sonudur, yoxsa yanğındı? Allah kömək olmuş kimdirsə, bir dəqiqə nəfəs də almır eee… 

Durmadan zəng gəlir. Ekranda "Orxan” adını görüncə Turanənin bayaqkı acığından əsər-əlamət qalmır. Ayyy səni, "canımın içi" deyib əlini alnına qoyur, başını sağa-sola fırlayır. 

- Alo…Hə, eşidirəm, səbirsiz Okuşum. Mən də deyirəm kimdir belə durmadan zəng edən. Səndən başqa kim olacaq axı! 
- Alo, Turuşum, evdəsənmi? 
- Hə, evdəyəm. Başqa harada olacağam ki?
- Lap yaxşı, çıx pilləkənə, gəlirəm. Gəlim, elə danlayarsan. 
- Gəl, can, gəl. Onsuz da bilirsən, dilim deyir, ürəyim yox...

Qapı açılır, hər zaman olduğu kimi yenə üzü ilə birgə gözlərinin içi də gülə-gülə, iri addımlarla gəlir düz pilləkənin qarşısında durur Orxan. 

Əynində təzə qara köynək, gözəl ütülü şalvar, üzərinə az qala adamın şəkli düşən,par-par parıldayan qara ayaqqabılar,yaraşığına xüsusi bir yaraşıq qatılmış bir halda gəlmişdi bu dəfə. 

Üst-başı o qədər səliqəli, təmiz idi ki, sanki o kəndin palçıqlı yollarından keçəndə ayaqqabılarını ayağından çıxarmış, o palçıqlardan, sulardan keçib gəlməmişdi. 

- Ay Okuşum, bu nə yaraşıq, bu nə karizma, qaqam? Maşallah, nə yaraşıqlı görünürsən, - deyə Turanə sevincindən özünə yer tapmazkən Orxan qolunda saatı düzəldib qəribə bir özündənrazılıqla köynəyin boynunu bir az yuxarı çəkir, yaxalığını şaxlaşdırıb ciddi bir üz ifadəsi ilə:
- Yaraşıb, Turuşum? 
- Hə, çox yaraşıb. 
- İndi nə demək istəyirsən, yəni mən eybəcərəm, paltar məni yaraşığa gətirir? 

Turanənin üzündəki gülüş anidən yarızarafat, yarıciddi acığa çevrilir:
- Mən elə söz dedim sənə heç? Deyirəm, yaraşıb daa, çox yaraşıqlı olmusan. Özün yaraşıqlısan, daha da artıb yaraşığın.

Orxan tez Turanənin kefini düzəltmək,könlünü almaq üçün:
- Yaxşı-yaxşı, zarafat elədim. Bilirəm nə dediyini. 
- Həqiqi, çox bəyəndim. Hardan almısan,neçəyə almısan? Materialı da gözəldir. 
- Hə, gözəl köynəkdir, amma dostumundur, özümün deyil. Toya gedəcəyəm, dedim, bax, gör, yaraşıbmı?
 
Bu dəfə Turanənin kefi, həqiqətən, pozulur. Sevinci yarımçıq qalır. Üzülür köynək Orxanın özünün olmadığı üçün. 

Turanənin kefinin pozulması, üzülməsi Orxanı da narahat edir. Xərcliklərini toplayıb özünə o köynək kimi gözəl bir köynək alır.

Orxan bibisi qızı Turanəni  əbəs yerə bacısı qədər çox istəmirdi. Uşaqlıqdan birgə böyümüş, hədsiz yaxın olmuşdular. Oğuzun Xaçmaz kəndində dünyaya gəlmişdi. Bağçaya da,məktəbə də bibisi qızı Turanə ilə birgə getmişdi. On bir il bir sinifdə oxumuşdular. Hətta Bakıda tələbəlikləri də birgə keçmişdi. Orxan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Dağ mədən mühəndisliyi” üzrə, Turanə isə jurnalistika fakültəsində oxumuşdu. Gözəl dost,sirdaş, dərd ortağı idilər bir-birinə. Uşaqlıqdan ən böyük arzuları idi ki, oxuyub, iş sahibi olanda bir-birilərinə hədiyyə alsınlar halal qazancları ilə. Heç bir doğum günü üçün xüsusi hədiyyə ala bilməzdilər. Çünki çox çətin idi dolanışıq. Zülmlə dolanırdı hamı. 

Orxan hədsiz çətinliklərlə böyümüşdü. Həyatın bütün çətin üzünü görmüş, sınaqları ilə sınanmışdı. Amma həmin sınaqlar onun gülüşünü, ümidlərini, həyata sevgisini, xasiyyətinin mükəmməlliyini, mərdliyini, qeyrətliliyini, dost-tanışa, sevdiklərinə sədaqətini, dürüstlüyünü, dostcanlılığını, xeyirxahlığını, nümunəvi insanlığını kölgələyə bilməmişdi. Qəzada iki əmisini, daha sonra atasını itirməsi Orxanın bu həyatda ən ağır imtahanı idi. Amma Orxan yenə də həyata, yaşamağa mübarizəyə var qüvvəsi ilə can atan biri olaraq qalırdı. 

Hələ tələbə ikən gündüzlər dərsə gedər, dərsdən sonra boş durmaz, qazanc üçün əziyyətdən çəkinməzdi. Tələbə ikən ən böyük sıxıntısı hamam olur. Məhz bu səbəbdən tez-tez ev dəyişərmiş. Kim səbəb soruşsa, " hamamsız çətindi, neynim ?” deyərdi. Bu səbəbdən dostları onunla zarafat edər, sən nahaq ev axtarırsan, get, yaxşı bir hamam tap, onu kirayə götür, orda yaşa,problemin kökündən həll olunsun deyərək gülüşərdilər. 

Orxangilin ata tərəfdən nəsil davamçısı olaraq tək ümidi, gələcəyi o idi. Çünki əmiləri və atasından sonra soyu davam etdirəcək tək Orxan qalmışdı. Min bir əziyyət, çətinliklə böyümüş Orxanın bir bacısı vardı. O ailə həyatı qurmuşdu. Orxan ata yurdunda anası və nənəsi ilə yaşayırdı. Nənəsi ona saray kimi gözəl bir ev tikdirmişdi. Evin hər bir şəraiti vardı. Tək əskikləri Orxanı evləndirib o saray kimi evə gəlin gətirmək idi. Orxanın sevdiyi xanım da vardı. Az zamanda Orxan onu yer üzünün ən xoşbəxti etmişdi xasiyyəti, davranışları ilə. Bir ömrə sığacaq qədər xoş xatirələr dolu anlar yaşatmağı bacarmışdı ona. 

Hər şey çox gözəl idi. Ta ki, 29 sentyabr 2020-ci il, Orxanın hərbi komissarlığa etdiyi könüllü müraciətin cavabı gəlib, hərbiyə çağırılmasına kimi. Anası, nənəsi, dostları ona nə qədər getmə desələr də, Orxanı fikrindən daşındıra bilmirlər. Anasıgilin üzülməməsi üçün ortamı yumuşaltmaq məqsədilə mahnı oxuyur:

Söylə xeyir-duanı,
Ana, əsgər gedirəm.
Gətir,öpüm Quranı,
Ana,əsgər gedirəm,mən.
Ana, əsgər gedirəm.

Orxan Turanəyə bildirir ki, anam, nənəm istəmirəm ki, məni üzgün yola salsınlar, ağlım onlarda qalsın. Bunu bilən anası və nənəsi ürəkləri qan ağlasa da, Orxana hiss etdirməməyə çalışır, onu gülər üzlə yola salırlar. 

Orxan qapıdan çıxanda bir də geri dönür, anasına, nənəsinə bərk-bərk sarılır, qoxlayıb onları, qapıdan elə çıxır. Anası onun bu hərəkətindən çox təsirlənir, sanki qayıtmayacağını hiss etmiş kimi görüşüb getdiyi üçün ürəyindəki narahatlıqdan qurtula bilmir. 

Orxan nə qədər sıxıntısı, dərdi olsa da, onu hiss etdirməyi sevməyən biri idi. Hər zaman  üzü gülərdi. Sevdiklərini güldürmək, sevindirmək üçün xüsusi gen, tarix gözləməzdi. İmkanı olduqca hamıya kiçik hədiyyələr alardı. Hisslərini daxildə yaşamağı sevdiyi üçün Vətənə sevgisini də çox biruzə verməzdi. Amma döyüş bölgəsində göstərdiyi qəhrəmanlıqlar, dəfələrlə yaralı halda belə döyüşlərdən çəkilməməsi,dostları, döyüş yoldaşları üçün etdiyi fədakarlıqları onun əsl vətənpərvərliyini, igidliyini hər kəsə bəyan etdi. 

Xalası oğlu ilə birgə döyüşdə olan,yaralı halda ikən geri çəkilməyən, irəli atlayıb xalam oğlu oradadır, sonra xalama nə cavab verərəm deyərək döyüşə davam edən Orxan 8 noyabr Şuşanın azad olunduğu gün gedən qızğın döyüşdə şəhadətə yüksəlir. Həm də xalası oğlu ilə eyni gündə. Noyabrın 16-ı doğulduğu kənddə torpağa tapşırılır. Ölümündən sonra müxtəlif medallarla təltif olunur. 

Bütün şəhidlərin ölümü can yandırır. Amma Orxanın ölümü bir başqa acıdır. Çünki onun şəhadəti ilə böyük bir nəslin soyu davamsız qalır. Orxanın toyu üçün tikdirdikləri saray kimi həmin evdə isə çırağı sönmüş anası və nənəsi yaşayır. Ev kənardan sarayı xatırladır.Əsl sarayı. Hər gecə işıqları yanır. Hər kəsin evində yandığı kimi.. Amma tək fərqlə. Bu sarayın işığı ağ yox, yaşıldır. Çünki cənnət yolçusunun işığı cənnət rəngi düşür ürəklərə. Hər gecə ətrafa hüzur paylayan yaşıl işıqlı saray kimi...
 
Günel İbrahimova