Yaxın beş ildə bölgə televiziyalarının fəaliyyəti şübhə altındadır

Yaxın beş ildə bölgə televiziyalarının fəaliyyəti şübhə altındadır

12-12-2021 13:34 / Bu xəbər 2765 dəfə oxundu

İnqilab Şirinbəyli: "İcra Hakimiyyətlərinin balansındakı qəzetlər mətbuat hesab olunmamalıdır...”

İnqilab bəylə görüşdükdə diqqətimi çəkən onun almanlara bənzər tipik dəqiqliyi və mükəmməl səliqəliliyi oldu.  

Danışdıqda da anladım ki, bu iki cəhət nəinki zahiri görünüşünə, həm də danışığına və düşüncə tərzinə də xasdır. Hadisələri nəql edən zaman bütün detallara toxunur və sadaladığı tarixləri gününə kimi dəqiqliklə qeyd edirdi. 

Mingəçevirdəki "Ana dili” abidəsinin yanında görüşdük. Onu tanımaq çətin deyildi. Şəkillərdə də olduğu kimi, klassik stili ilə dərhal seçilirdi. 

Əynində qara kostyum, pencəyinin altında isə boz rəngdə jilet var idi. Qara köynəyi sona kimi bağlanmış, boğazından boz qalstuk sallanmışdı. İmicini tamamlamaq üçün və bir yəgin bir az rəng qatmaq üçün yaxasına xarı bülbül broşu taxmışdı.

Müsahibə üçün İnqilab bəyin ofisinə keçdik. 

Beləliklə, qonağım "EL” televiziyasında "İndiki Zaman”  ictimai-siyasi,sosial tok-şousu və "Bu Səhər” informasiya proqramının aparıcısı, "Kanal 32” Media Şəbəkəsinin rəhbəri, 35 saylı Kəlbəcər rayon tam orta məktəbində "Azərbaycan dili-ədəbiyyat fənnləri üzrə müəllimi İnqilab Şirinbəylidir.

- İnqilab bəy, bildiyimə görə siz ixtisasca müəllimsiniz, jurnalistikada sizi cəlb edən nə oldu? 

- Tələbəlik vaxtı məqalələr yazdığıma görə, mediaya maraq göstərmişəm. Bir dostumuz var idi, "Azərbaycan bələdiyyəsi” qəzetini açdı. Bələdiyyələrin fəaliyyətini işıqlandıran ilk mətbu orqan kimi fəaliyyətə başladı. Həmin qəzetlə xüsusi müxbir kimi əməkdaşlıq etməyə başladım. Eyni zamanda, Yoxsulluğu Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət proqramının monitorinq  layihəsi çərçivəsində işləyən  informasiya işçisi kimi Space, ANS və digər telekanallarla əməkdaşlıq etmişəm.

Mediada daha peşəkar, aktiv fəaliyyətim 2009-cu ildə Yevlax şəhərində yerləşən "EL” televiziya şirkətində başladı. "EL” bu regionda bütün avadanlıqlarına, parameterlərinə görə ən yüksək səviyyədə təşkil olunmuş televiziya oldu.  

- İlk fəaliyyətiniz necə oldu? 

- "Xəbərlər departamenti”ndə başladım. Mən daha çox ictimai-siyasi-hüquqi proseslərlə məşğul olduğuma görə rəhbərlik qərara gəldi ki, o sahəni mənə həvalə eləsin. Fəaliyyət dönəmində departament rəhbərliyi ilə yanaşı bir neçə layihələrin, verlişlərin müəllifi, aparıcısı və redaktoru olmuşam. "168”-ci saat siyasi-analitik proqram "Elimizdən xəbər” - sosial, sırf bölgədə sosial problemlərə həsr olunmuş proqram, ictimai-siyasi və hüquqi məsələlərin müzakirə olunduğu "İndiki zaman” tok-şousu və "Ağ-qara” tok-şousu... 

- İnqilab müəllim, kifayət qədər çox verliş aparmısınız  və müəllifi olmusunuz. Onlardan ən yadda qalanı və yaxud ən çox rezonans doğuranı hansı idi?

- Ən yadda qalanı məndə "Açıq Qapı” idi. Həftənin 6-cı günü gedirdi və biz ora yalnız yerli icra-hakimiyyətlərinin müavilnləri və o müavinlərin kurasiyasında olan dairə müdirlərini dəvət edirdik. Onların tamaşaçılarla birbaşa bağlantısını qururduq. Bu sırf yerli qurumlarla bağlı olan veriliş olduğuna görə, ömrü az oldu. Müəyyən müddətdən sonra onlar ora çıxmaqdan necə deyirlər, çəkindilər. Bu layihə bir ay davam elədi. Sonra orada çox sərt tənqidlər olduğuna görə, məmurlar  xalqın içində ifşa olunduğuna görə digər rayonlar bu verlişdə iştirak etməkdən çəkindilər. Təbii ki, biz o layihəni yarımçıq saxlamaq məcburiyyətində qaldıq. Mənim indi davam edən layihəm "İndiki Zaman” proqramıdır, tok-şoudur. Sentyabrın 27-dən "Bu səhər” informasiya proqramını siyasi-ideoloji təbliğat üzərində qurmuşuq. Həftə içi beş gün, iki saat canlı yayımdayıq. 

- "EL” televeziyasındakı fəaliyyətdən başqa sizin şəxsi media qurumunuz da var?

- Bəli, mənim özümün şəxsi media fəaliyyətim var. 22 iyul 2018-ci il tarixdə "Kanal 32” Media Şəbəkəsini təsis eləmişəm. Hazırda "kanal32.az" saytı və youtube kanalımız da var. Eyni zamanda, "Kanal 32”-nin facebook səhifəsindən də müəyyən informasiyaları paylaşırıq.

- Fəaliyyətinizdə hansı çətinliklərlə üzləşirsiniz?

- Bölgə mediasının çətinliklərini və ağırlıqları bizim geniş masştabda fəaliyyət göstərmək, daha aktiv və peşəkar səviyyədə əməkdaşların cəlb olunması, onların maddi təminatını ödəmə baxımından imkanlarımız azdır. Ətrafımdakı dostlar və əməkdaşlarım könüllülük prinsipi əsasında fəaliyyət göstərirlər. Hətta mənim bölgə təmsilçilərim də var, onların özləri də yenə könüllülük prinsipləri əsasında saytımla əməkdaşlıq edirlər. Biz mütəmadi olaraq ictimai-sosial məsələlər və siyasi həyatdakı məsələləri dərc edirik. 

- "Kanal 32”nin əsas iş prinsipi nədən ibarətdir?

- Məsələn, kriminal xarakterli xəbərlər sıfıra bərabərdir. Eyni zamanda, şou-biznes xəbərlərini də vermirik. Kriminalla bağlı isə, məsələn, ictimaiyyət üçün daha əhəmiyyətli olan hadisələri işıqlandırırıq. Tanınmış şəxslərlə əlaqəli,  böyük ictimai təhlükə törədən kriminal hadisələr ola bilər, məmurlarla bağlı ola bilər. Amma ümumilikdə missiyamız informasiya xarakterli, vətəndaşların sosial problemləri, üzləşdikləri məmur özbaşınalıqları ilə bağlı materialları dərc eləməkdir. Mən müstəqil fəaliyyətim çərçivəsində vətəndaşlara bir növ ictimai vəkillik edirəm, lobbiçilik fəaliyyəti ilə məşğul oluram. Onlara hüquqi yardımlar göstərirəm və bu hüquqi yardımlar təmənnasızdır. Biz bir növ cəmiyyətdəki problemləri o ictimai qınaq obyektinə çevirməli və bunu ictimailəşdirməliyik ki, müxtəlif qurumların fəaliyyətində nöqsanlar aradan qaldırılsın. Bu istiqamətdə də fəaliyyətimiz davam edir, amma təəssüf ki, bu gün region mediasının çox ciddi problemləri var.

- Onlar hansılardır?

- Paytaxtda cəmləşmiş bütün media qurumları bu və ya digər formada dövlətlə əməkdaşlıq çərçivəsində, müəyyən layihələrdə aktiv iştirak edə bilirlər. İstər yeni yaranmış media agentliyinin layihələri olsun, istər  mətbuat şurasının layihələri olsun. Medianın problemlərindən birbaşa paytaxtdakı media qurumlarının üzərinə fokuslanırlar. Halbuki bölgə televiziyaların da kifayət qədər problemləri var. Məsələn: biz bölgədə fəaliyyət göstərərn "EL” televiziyası olaraq rəqəmsal yayıma qədər Azərbaycanın təxminən 32-35 rayonuna yayınlanırdıq və bizim kifayət qədər tamaşaçı kütləmiz var idi. Hətta reytinqləri ölçüləndə, bizim elə verlişlərimiz var idi ki, onlar paytaxt kanaldakı verlişləri üstələyirdi. Yəni bölgənin bütün problemlərini çox açıq şəkildə, demokratik şəkildə, paytaxt telekanalların edə bilməyəcəyi şəkildə mütəmadi olaraq işıqlandırırdıq. Sonra rəqəmsal yayıma keçid oldu. Bilirsiniz ki, rəqəmsal yayıma keçid ərəfəsində bizim ölkəmizdə qısa boşluq yarandı. İnsanlarımız rəqəmsal keçid üçün evlərdə istifadə olunan o aparatlar ki, var, o kiçik aparatları əhali o zaman poçt şöbələrindən almaqdansa, dedi, mən ona 25-30 manat verməkdənsə, gedim bir dənə peyk antena üçün sistem alaram. O, ərəfədə bölgədəki əhalinin təxminən 90 faizi peyk antenaya keçdi. Bu da yayım fəaliyyətimizi məhdudlaşdırdı. Bəli, biz bu gün yerüstü rəqəmsal yayımda, Ktv kabel televiziyasında paketində varıq. İnternet üzərindən də yayımımız həyata keçir. Amma bu bizim bu gün daha geniş tamaşaçı auditoriyamız çıxmamızı məhdulaşdırır. 

- Necə məhdudlaşdırır?

- Ölkədə kabel televiziyaları yalnız böyük şəhərlərdə - Gəncədə, Mingəçevirdə, paytaxt Bakıda və Sumqayıtdadır. Bu məsələ bizim yayımız üçün və bizim daha geniş çərçivədə fəaliyyət göstərməyimizə çətinlik törədir. Eyni zamanda, bizim reklam bazarında daha yaxşı mənada rəqabət aparmağımıza, reklam bazarında özümüzə yer tutmağımıza mane olur. Hazırda peykdə yayımlanmaq imkanımız yoxdur. Azerspace peykində yayımlanmaq üçün ayda 12000 manat pul tələb olunur. Biz də bölgə televiziyası olaraq, buna imkanımız yoxdur.

- İnqilab bəy, bölgədə mediasından elə hərarətli danışırsınız, amma, bəlkə, bizim auditoriyaya o heç lazım deyil? Bəlkə, insanlarımıza elə paytaxt mediası kifayətdir? Bölgə mediasının əhəmiyyəti nədən ibarətdir?

- Biz regionun problemlərini, region insanların dərdlərini paytaxtda oturanlardan daha yaxın hiss edirik. Onlara yaxından dəstək ola bilərik. Bölgədəki əhali paytaxt telekanallarından "sizi növbəyə yazımışıq, probleminizi nə vaxtsa işıqlandıracayıq” eşitməkdənsə, bizə gələ bilərdilər. Bizim yerli strukturlara təsir etmək imkanımız var. Region televeziyaların hazırki post-münaqişə dönəmində daha çox ideoloji boşluğu qaldırması üçün, onların fəaliyyətini aktivləşdirmək lazımdır. Mənim konkret təkliflərim var Media Agentliyinə də MTRŞ-da. Regionda fəaliyyət göstərən televiziyalar üçün güzəşt paketləri təklif etməlidirlər. 

- Məsələn, hansı güzəştlər?

- Güzəşt paketi 5 illik müddəti əhatə etməlidir. 3 il müddətinə bölgə televiziyasının peyk yayımının malliyyəsini üzərinə götürsün. Növbəti iki ili 50% güzəşt tətbiq olunsun, biz ona qədər bölgədə olan televiziya olaraq reklam bazarında özümüzü təsdiqləyək. Sonra müəyyən layihələri  icra eləməklə, müəyyən beynəlxalq layihələrdə iştirakımız təmin olunsun, sponsorlu layihələrlə, reklam bazarında özümüzə cəlb etdiyimiz layihələr vasitəsilə yaşamımızı təmin edə bilərik. Bu baxımdan hesab edirəm ki, dövlətin mediaya dəstək strategiyası çərçivəsində bölgə televizyalarına bu dəstək nümayiş etdirilməlidir, əks halda, yaxın beş ildə bölgə televiziyların hamısının fəaliyyəti şübhə altında olacaq.

Bölgədə fəaliyyət göstərən televiziyalara baxın, hamısının sırf televiziya üçün konstruksiya olunmuş binaları, peşəkar səviyyədə studiyalar, dekorlar, texniki avadanlıqlar var. Bu gün onların potensial imkanlarını düzgün istifadə etmək, Azərbaycan Televiziya məkanında, Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu  önə çıxartmaq lazımdır. Amma beş ildən sonra, onlar maliyyələşməyəcəyi təqdirdə, qapılarını bağlayıb, gedəcəklər.

- Necə fikirləşirsiniz? Nədən kifayət qədər dəstək göstərilmir bölgə mediasına?

- Diqqət daha çox paytaxdakı telekanalların və media qurumların üzərində fokuslanıblar. Maraqlı bir məqam var. Deməli, MTRŞ hər il televiziyalara dövlətdən maliyyələşən birbaşa yardımlar edir. Bu birbaşa yardımlar paytaxt televiziya kanalları arasında bölünür, amma bölgə televiziyalarına həmin maliyyələri vermirlər. Halbuki paytaxt telekanallarının reklamdan gələn gəlirləri onların yaşaması üçün, onların işçi heyətlərini saxlaması üçün kifayətdir. Bunu ARB-də, Xəzər televiziyası da, ATV də bacarır. Amma bu gün bölgə televiziyaları faktiki olaraq, proqramların keyfiyyətinə, səviyyyəsinə, ictimai yükünə görə paytaxtdakılardan səviyyəlidir. Bəzi paytaxt televiziyaları sadəcə şouya yer verir, cəmiyyətin heysiyyatına toxunan layihələr icra edirlər. Başqaların taleyi üzərində özlərinin şoularını qurular. Guya ki, cəmiyyətə xidmət edirlər, əslində cəmiyyətin mənəvi-psixoloji baxımından degradasiya uğramasına nail olurlar. İntellektual tamaşaçını yığmaqdan ötrü sən ciddi bir verlişlər, maarifləndirici proqramlar ortaya qoymalısan. Cəmiyyəti  düşündürən aktual problemləri gündəmə gətirməlisən. Baxın, paytaxt telekanalları elə bil abu-hava yaradıblar ki, sanki bu ölkədə insanların taleyi, insanların problemlərin həlli Elgizlərin, Zaurların, Xoşqədəmlərin üzərindədir. Kimdir onlar? Aparıcıdırlar amma aparıcılıq funksiyalarındandan kənara çıxırlar. Daha çox ittiham xarakterli fəaliyyətlər həyata keçirirlər. Özlərini reklam edirlər və  verlişlərinə çıxardıqları insanların taleyi  üzərindən özlərinə reytinq toplayırlar. Amma onlar hər hansı bir ciddi şəkildə ictimai problemin həll olunmasında rol oynaya bilmirlər. Amma biz bölgə televiziyası olaraq hər hansısa bir vətəndaşın problemini işıqlandırırıqsa, o problemin kökünə qədər gedir və o problemin həllinə nail olana qədər izləyirik. Bununla belə, layihələrimiz hamısı kənarda qalır, onları icra edə bilmirik. Bunun üçün MTRŞ bölgə telekanalları üçün də müəyyən olunmuş limitli məbləğ müəyyən etməlidir. Və hətta verdikləri həmin o maliyyənin  təbii ki, hesabatı sorulmalıdır. Mən də düşünürəm ki, bölgə telekanalları paytaxt telekanallarından daha yaxşı və şəffaf şəkildə bu məsələləri idarə edə bilərlər və bu bölgə telekanalların inkişafına müəyyən mənada dəstək olar. 

- Sizcə, burada əsas günahkar kimdir?

- Bir vaxt Azərbaycan mediasının fəaliyyətinlə Əli Həsənov kuratorluq edirdi. O zamanlar Kütləvi İnformasiya Fəaliyyətlərinə Dövlət Dəstəyi fondu yaradılmışdı. Bu fondda indi məhkəmə çəkişmələri  gedir. Orada küllü miqdarda vəsait yeyilib. Nə ölkə xaricində, nə də Azərbaycanda  milli maraqların təmin olunması istiqamətində heç bir idealoji işlərdə iştirak edə bilməyiblər. Xaricdəki tədbilər effektsiz olub. Qarabağ münaqişəsi fonunda informasiya savaşında dəstəyə ehtiyac var, amma  o pullar göyə sovrulub. Region mediasının inkişafına bir qəpik də olsa, xərclənməyibdir. Jurnalistlər üçün evlər də paytaxtda tikilibdir, layihələr də paytaxtda icra olunub. Azərbaycan mediası paytaxdanmı ibarətdir? Bu gün Gürcüstanda bölgə televiziyaların bizim Azərbaycandakı bütün ölkə televiziyaların sayından çoxdur. 

- Gürcüstanda bölgələrdə televiziyaların sayı bütün Azərbaycanın...

- Orada bölgələrdə fəaliyyət göstərən televiziyaların sayı bizim ümumilikdə televiziyaların sayından qat-qat çoxdur. Yəni bu gün o imkanları, o şəraiti yaratmaq lazımdır. Dövlət proqramları çərçivəsində mediaya dəstək layihələri var. O layihələrdə bölgə televiziyaları da, bölgə mətbuatı da qalıb kənarda. Sonra da, müəyyən layihələrə qoşulma məsələsində şərtlər irəli sürürlər: minimum 3 nəfər rəsmi işçin olmalıdır. Yaxşı, mən hansı maliyyə hesabına o şəxsin maaşını ödəməliyəm? Mənim saytımda yeddi nəfər əməkdaşlıq edir. Onlar özlərinin cəmiyyət qarşısında ictimai borcunu yerinə yetirirlər, maddiyyat güdmürlər, amma bu nə vaxta qədər davam edəcək? Tutaq ki, mən məktəbdən aldığım maaşın bir hissəsini yönəltmişəm saytımın saxlanılmasına. Halbuki, öz ailə problemlərimə yönəldə bilərdim. Amma mənim də qarşımda qoyduğum məqsəd ondan ibarətdir ki, cəmiyyətin, ictimaiyyətin maarifləndirməsi üçün necəsə öz töhfəmi verim. 

- Sizin fikrinizcə, bölgə mediası deyən kimi paytaxtda oturan həmin qurumların nəzərinə nə gəlir?

- İcra hakimiyyətlərin nəzdində olan qəzetlər. Təsəvvür edin ki, iki vərəqdən ibarət olan qəzetlər heç olmasa, abunə adı altında müəssələrdən toplanan pullar hesabına nəşr olunur, ayda bir-iki dəfə buraxılırlar. İçərisində nə var? O informasiya kimə lazımdır? İcra hakimiyyətlərin hesabatıdır, onların müəyyən görüşləridir. Bir dənə tənqid yox, bir dənə maarifləndirici bir şey yox. Sanki bu icra başçılarının tərifinə həsr olunmuş bülletendir. İstər bu "Mingəçevir” qəzeti olsun, istər Yevlaxda "Kür” qəzeti, istər "Bərdə” qəzeti olsun. İcra hakimiyyətlərinin balansındakı qəzetlər bölgə mediası hesab olunmamalıdır. Onlar "düymə” ilə fəaliyyət göstərən qurumlardır. Heç bir müstəqil fəaliyyətləri yoxdur, elementar bir satirik oçerki dərc eləmək ixtiyarları yoxdur. Hətta Sovet dönəmində, bütün medianın dövlətin nəzarətində olduğu vaxtlarda belə, qəzetlərdə, jurnallarda mütləq məmurları, hardasa mövcud çatışmazlıqları tənqid edən yazılar gedirdi. Amma indi biz müstəqil dövlətdə yaşayırıq, mütərəqqi ideyaların əks olunduğu konstitusiyamız var, bu gün bizim media müstəqil fəaliyyət göstərə bilmir. Bir zamanlar özlərini Azərbaycan mətbuatının bayraqdarı hesab edənlər indi kimlərdir? Hansısa nazirlərin, iş adamlarının, icra başçılarının qeyri-rəsmi maliyyəsi ilə fəaliyyət göstərirlər. Tutaq ki, bu saytın maliyyəsini verir bir nazir. Bu gün həmin sayta o pulu verən nazirliiyinin kurasiyasına daxil olan idarə və müəssisə haqqında bir dənə də olsa yazı vermirlər. Ya onların rəqiblərini vurmaqla məşğuldurlar və yaxud bir dənə xətt tutublar,  yəni obyektiv yanaşmalar artıq yoxdur. Nə qədər ki media kimlərinsə çətirinin altında olacaq, kimlərsə medianın üzərində təsir imkanına malik olacaq, burada nə müstəqil mediadan söhbət gedə bilməz, nə də region medianın inkişafından. Onlar düşünürlər ki, paytaxt mediasında oturan, medianın başında olan filankəsov filankəs vaxtılə müxalif düşərgənin nümyəndəsi oldu, necə deyərlər obrazlı şəkildə deyim, artıq "verbovka” olunublar və bu gün onların istəyi ilə oturub-duracaqlar. Amma axı medianın işi, medianın fəaliyyəti, həqiqətən də, balanslı bir siyasət yeritməkdir, yəni cəmiyyətdəki mövcud məsələləri hər birisinə balanslı şəkildə yanaşmaqdır. 

Söhbətləşdi: Zərif Bakirova

Müsahibə Salaam Cinemanın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən "Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində hazırlanıb.