"Adamlar acından ölürdü..."

28-08-2016 13:00 / Bu xəbər 1781 dəfə oxundu

"Satılan kitabların içində zibilliyə atılan kitablar çoxdur"

"Bugünki ağır iqtisadi durumu nəzərə alsaq, vəziyyət pis deyil. 2000-ci ilə qədərki kitab satışı ilə indiki satışlar arasında yerlə göy qədər fərq var, amma vəziyyət yenə də şükürlüdür”. 

Bunu 15 ildən çoxdur ki, kitab satışı ilə məşğul olan Camal Hümbətov deyir. 

"Peşman deyiləm..."

Onun sözlərinə görə, bu işdə çalışmağına səbəb öz peşəsini itirməsidir: 

"SSRİ-nin dağılması ilə əlaqədar olaraq, yaranan işsizlik məni bu işə gətirib. Peşman deyiləm, çünki kitab elə bir şeydir ki, onunla məşğul olmaq insana zövq verir. Maddi cəhətdən qənaətbəxş olmasa da, indiki zaman üçün bu işdən razıyam. Ailəsi, uşağı olan biri üçün buradan qazanılan gəlir təbii ki, azdır. İndiki zamanda ailəli adamın yalnız bu işlə məşğul olaraq, ailəsini dolandırması heç inandırıcı olmaz. Ona görə də kitab satışı ilə yanaşı, başqa işlərlə də məşğul oluram. Bu iş mənim üçün müəyyən qədər hobbi kimidir”. 

"Elə olurdu ki, adamlar acından ölürdü..."

C. Hümbətov ali savadlı mühəndis olub. Deyir ki, Sovet dövrünün təhsilini, diplomunu alıb: 

"Əvvəllər zavodlarda çalışırdım, lakin SSRİ dağıldıqdan sonra işimi itirdim. Düzdür, indi bəzi zavodlar fəaliyyət göstərir, amma biz gözləyə bilmərik ki, nə vaxtsa işə çağrılacağıq. O vaxtlar başımız  Milli Azadlıq Hərəkatına qarışdı. Həmin dövrdə respublikada abi-hava tamamilə başqa cür idi. SSRİ kimi kommunist rejimin hökm sürdüyü quruluşun dağılmasına inanmırdıq. O zamanlar işimizi itirməyimiz çox da önəm daşımırdı. Baxmayaraq ki, elə olurdu adamlar acından ölürdü, amma öz yollarından dönmürdülər. Müstəqillik qazanmaq uğrunda mübarizə aparırdılar”. 

"Deyirlər, daha maraqsız yazır”

Onun kitab satdığı məkanda ikinci əl kitablar satılsa da, yeni kitablara da rast gəlmək olur. C. Hümbətov alıcılardan şikayət etmir. Demək olar ki, hər yaşda - təqaüdçüdən tutmuş məktəbliyə qədər alıcısı var: 

"Elə bir müəllif yoxdur ki, alıcılar sırf ona maraq göstərsin. Xarici ədəbiyyata da, Azərbaycan ədəbiyyatına da maraq var.  Son dövrlərə qədər Çingiz Abdullayevi oxuyurdular. Gündən-günə ona da maraq azalır. Deyirlər, daha maraqsız yazır”. 

Bura hətta kitab hədiyyə edənlər də var: "Kitab hədiyyə edən çoxdur. Sovet dövründən qalma kitabları tullamaq istəyənlərə deyirdim ki, "kitabları zibil yeşiyinə tullamayın, gətirin mənə verin. Bu yolla  kitabları xilas edirdik. Ümumiyyətlə, kitab hər zaman kiməsə lazım olacaq əşyadır. Bizdəki kitabların içində zibilliyə atılan kitablar çoxdur. Hətta bir dolu maşın kitab tullayanlar olub”. 

"...bir də çap olunmayacaqlar"

C. Hümbətov bu illər ərzində şəhərin müxtəlif yerlərində kitab satışı ilə məşğul olub: 

"2000-ci ilə qədər açıq yerlərdə kitab satışına icazə verilirdi. 90-cı illərdə Nizami heykəlinin yanında kitab bazarı var idi. Orada kitab satırdım. Sonra şəhər təmir olundu, daha kitab satışına icazə verilmədi. Avropa ölkələrində küçədə kitab satışına rast gəlinir. Məsələn, Fransada xüsusi yerlər ayrılıb, orada sırf  köhnə kitablar satılır. O cür yerlərin ayrılması çox yaxşıdır. Bu həm oraya kitab gətirənlər üçün, həm də köhnə kitab almaq istəyənlər üçün rahat olur. Orada köhnə kitabın hörməti bizdəkindən qat-qat artıqdır. Köhnə kitaba hörmət ona görədir ki, çünki bunlar köhnə nəşrlərdir, bir də çap olunmayacaqlar. Ola bilər ki, hansısa kitab yenidən nəşr olunsun, amma bu az hallarda olur. Çox istərdim ki, yenidən kitab bazarı olsun. Çünki kitab bazarları şəhərin prestijini qaldırır. Məsələn, bura gələn turistlər içəriyə maraqla baxırlar, şəkil çəkdirməyə can atırlar. Burada qeyri adi abi-hava var, ona görə də diqqət çəkir”. 

"Elə biləcəklər ki, bu, həqiqətdir”

C. Hümbətov özü kitab satsa da, hər gün yüzlərlə kitabın içərisində olsa da, məişət qayğıları, yorğunluq mütailə etməsinə imkan vermir:
 
"Hərdən bir neçə səhifə oxuyuram. O da yalnız burda olanda. Evdə heç cür alınmır, çünki yorğun oluram. Həm də evin öz problemləri var axı... Əsasən Azərbaycan tarixi ilə bağlı kitablar oxuyuram. Bədii ədəbiyyat yorucudur. Tarixi kitablar isə maraqlıdır. Demək olar ki, SSRİ dönəmininin tarixi yalan yazılıb. İndi yeni nəşrlərdə o yalnışlıqlar aradan qaldırılır. 1988-ci ildən Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayıb. Elə o dövrə də aid 1-2 kitab taparsan ki, doğru yazılsın, çoxu yalan yazılıb. Sonra deyirlər ki, tarix 70 il yalan üzərində qurulub. Adicə son 24 ildə - müstəqilliyimiz elan olunandan sonrakı dönəm də heç doğru yazılmayıb. 1990-cı ilin 20 Yanvar hadisəsi zamanı mən tələbə idim. O hadisələri gözümüzlə görmüşük. Gözümlə gördüyüm hadisələri indi baxıram ki, başqa cür yazırlar. O dövrü görməyənlər, kitablardan oxuyanlar 11-ci sinifə kimi bu cür yalanlar oxuyanda, elə biləcəklər ki, bu, həqiqətdir”.

Türkan Bəşir
Arqument.Az