Ah, Avropa, Avropa...

Ah, Avropa, Avropa...

11-09-2017 16:15 / Bu xəbər 1371 dəfə oxundu

Yadigar Sadıqov

2001-ci ilin yanvarında Azərbaycan Avropa Şurasına üzv qəbul edildi. Ölkənin demokratiya yolu ilə getməsini arzulayan insanlar üçün, bu, çox əlamətdar hadisə idi. Axı hər bir Avropa strukturu kimi Avropa Şurasının da demokratiya, insan hüquq və azadlıqları ilə bağlı standartları var idi və üzv dövlətlər bu standartlara əməl etməyə borclu idilər. Üstəlik, Azərbaycan məhkəmələrində ədalət tapmayan vətəndaşlar indi Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququ qazanırdılar. Düşünülürdü ki, belə vəziyyət hakimiyyət tərəfindən nəzərə alınmaya bilməz və ölkədəki məhkəmə ədalətsizlikləri xeyli azalacaq.

Standartların ilk məhsulunu hələ 1999-cu ildə dadmışdıq. Söhbət bələdiyyələrdən gedir. Seçkilər total şəkildə saxtalaşdırılmışdı, müxalifət bələdiyyələrin az qismində və onların fəaliyyətinə təsir göstərməyəcək şəkildə təmsil olunmuşdu. Üstəlik bələdiyyələrin səlahiyyətləri də çox məhdud idi və icra hakimiyyətlərinin şöbəsini xatırladırdılar. Lakin bu yöndə də nikbinlik hakim idi. Axı hələ Avropa Şurasına üzv olmamışdıq. Gələcək seçkilər artıq bu şəkildə keçirilə bilməzdi, bələdiyyələrin səlahiyyətləri bu qədər qısır qala bilməzdi.

Avropa Şurasına üzvlük ərəfəsində, 2000-ci ilin noyabrında proporsional və majoritar sistemlər üzrə parlament seçkiləri keçirildi. Bu seçkilərdə də total saxtakarlıq müşahidə edildi. Xüsusən proporsional sistemdə məhdudiyyət həddini keçmiş partiyalar parlamentdən kənarda saxlanıldı, səs toplamayan partiyalar isə parlamentə buraxıldı. Lakin bu hal Azərbaycanın AŞ-a qəbul edilməsinə mane olmadı. Düşündük ki, Avropa Azərbaycanı kənarda saxlamaqdansa, öz daxilində islah etməyə üstünlük verir.

Lakin ümidlər lap əvvəldən doğrulmadı. Avropa Şurasına daxil olduqdan sonra ilk əhəmiyyətli hadisə 2002-ci ildə keçirilən referendum oldu. Referendumda Konstitusiyaya bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulsa da, diqqəti çəkən iki əsas məsələ vardı. Bunlardan biri prezidentin öz vəzifəsini icra edə bilmədikdə səlahiyyətlərinin baş nazirə keçməsi, digəri isə proporsional seçki sisteminin ləğvi idi.

Azərbaycan reallıqlarında dəyişikliklərin heç də demokratik xarakter daşımadığı, sülalə hakimiyyətinə və parlament seçkilərinin saxtalaşdırılmasını asanlaşdırmağa yol açacağı şübhə doğurmurdu. Lakin özlüyündə nə səlahiyyətlərin baş nazirə keçməsinin, nə də seçkilərin yalnız majoritar sistemlə keçirilməsinin Avropa standartlarına zidd olduğunu söyləmək olmazdı.

Referendumun keçirilməsi forması, səsvermənin özü haqqında isə bunu söyləmək qeyri-mümkün idi. Kütləvi saxtakarlıq, bülletenlərin topa ilə atılması, karusel, inzibati resurslardan istifadə, müxalif komissiya üzvlərinə və müşahidəçilərə təzyiq və digər pozuntular bütün məntəqələrdə müşahidə edilirdi. 39 dəyişikliyin 8 sualla ümumiləşdirildiyi referendumda seçicilərin guya 96-97%-nin bu suallara "hə” dediyi iddia olundu. Bu qeyri-real nəticələrə və pozuntulara baxmayaraq, Avropadan adekvat reaksiya gəlmədi.

Daha sonra 2003-cü ilin prezident seçkiləri oldu. Bu dəfə xeyli pozuntu artıq təbliğat kampaniyası dövründə başladı. Əsas müxalif namizəd olan İsa Qəmbərin ölkə daxilində hərəkətinə, seçicilərlə görüşlərinə xeyli maneələr yaradıldı. Görüş keçirilən şəhərlər mühasirə vəziyyətinə düşürdü, giriş-çıxış qapadılırdı. Səsvermə günü baş verən pozuntular isə əvvəlki səsvermələrdən qat-qat kütləvi xarakter almışdı. Bir sözlə, hakimiyyətin atadan oğula keçməsi üçün lazım olan bütün vasitələrə əl atılmışdı. Prosesi seçki adlandırmağın özü belə mümkünsüz idi. Saxtakarlıqlara qarşı Müsavat Partiyası üzvlərinin və tərəfdarlarının etirazları isə xüsusi qəddarlıqla yatırıldı.

Lakin ATƏT-in vitse-prezidenti Covanni Kessler "seçkilər Azərbaycanın demokratiyanı təkmilləşdirmək, demokratik isntitutları və qanunverici bazanı möhkəmləndirmək yolunda nailiyyətlərini əyani göstərdi”, söyləməklə hamını şoka saldı. O qədər ki, hətta ATƏT müşahidəçilərinin 1/3 hissəsi real vəziyyətə yaxın olan xüsusi rəylə çıxış etdilər.

2005-ci ilin parlament seçkiləri isə Azərbaycanın demokratik cameəsini indiyə qədər çıxa bilmədiyi böhrana yuvarladan son ağır zərbə oldu. Müxalif "Azadlıq” blokunun faktiki qələbəsi əlindən alındı. 10 seçki dairəsində, eləcə də AXCP sədri Əli Kərimlinin, Müsavat Partiyasının liderlərindən Arif Hacılının qalib gəldiyi dairələrdə nəticələrin ləğvi isə ABŞ səfiri Rino Harniş tərəfindən müsbət tendensiya (!) kimi qiymətləndirildi.

2005-ci il seçkiləri Azərbaycan siyasi tarixində xüsusi yer tutur. Bu seçkilərdən sonra insanların böyük əksəriyyətində mövcud iqtidarın tezliklə devriləcəyinə, eləcə də Avropa strukturlarına və dəyərlərinə inam köklü surətdə sarsıldı. Nəticədə avrointeqrasiya tərəfdarı olan müxalifət xeyli zəiflədi, siyasi İslam meylləri ortaya çıxdı və getdikcə daha çox tərəfdar toplamağa başladı. Beynəlxalq arenada özünü sekulyarizmin yeganə qarantı kimi qələmə verməkdə maraqlı olan hakimiyyət də bu prosesə müxtəlif üsullarla süni nəfəs verdi.

Nəticədə demokratik düşərgənin bütün cəhdlərinə baxmayaraq, sonrakı seçkilərdə və referendumlarda nəinki qalib gəlmək, hətta əvvəlki səviyyədə müqavimət göstərmək mümkün olmadı. Belə bir vəziyyətin yaranmasında da Avropa, ümumiyyətlə, Qərb çox ciddi rol oynadı.

Düzdür, Avropanın bəzi nümayəndələri öz dəyərlərinə sadiqliklərini göstərirdilər. 2003-cü il seçkilərində ATƏT-in müşahidə missiyasının rəhbəri Piter Ayker, Norveç səfiri Steynar Gil kimi. Bu xüsusda AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkelin bir neçə il davam edən fəaliyyətlərini xüsusi qeyd etmək lazımdır. Onların Azərbaycana hər gəlişi mühüm siyasi hadisəyə çevrilirdi. Azərbaycan iqtidarı isə bu 2 şəxsə özünün siyasi opponentləri qədər nifrət edirdi.

Lakin get-gedə durum daha da pisləşdi. Artıq nə müşahidəçilər arasında Ayker tapmaq olurdu, nə səfirlər arasında Gil. Həmməruzəçilərdən isə heç danışmağa dəyməzdi. Əgər Qross və Herkelin iqtidar nümayəndələri ilə görüşlərində gərginlik yaşanır və səs tonu yüksəlirdisə, indi Pedro Aqramunt kimi həmməruzəçi ilə müxalifətin görüşündə eyni hal baş verirdi. İş hətta o yerə çatdı ki, müxalif təşkilatların nümayəndələri AŞ PA həmməruzəçiləri ilə görüşləri boykot etməyə başladılar.

Külli miqdarda neft pullarının axını ilə Azərbaycan iqtidarının Avropa strukturları ilə əlaqələri tədricən "kürü diplomatiyası” adını almağa başladı. "Avropa sabitlik təşəbbüsü” adlı təşkilatın 2012-ci ildə yayılan hesabatında Avropa Şurası və Avropa Birliyi məmurlarının, Avropa parlamenti deputatlarının Azərbaycan hakimiyyəti tərəfindən nə zaman, nəyə görə və necə bahalı hədiyyələrlə mükafatlandırılması əks olunurdu. Kürü diplomatiyasının hətta ABŞ konqresmenlərindən belə yan keçmədiyi iddia olunurdu. Hər halda 2013-cü ilin prezident seçkilərini müşahidə edən konqresmenlərin müsbət rəyi məhz bununla izah edilirdi.

Avropa məmurlarının mənəviyyatsızlığı və təşkilatların prinsipsizliyi Azərbaycanda mücadilə aparan insanların taleyinə ağır təsir göstərdi. 2013-cü ilin yanvarında Ştrasser məruzəsinin AŞ PA tərəfindən rədd edilməsindən sonra siyasi həbslər vüsət aldı və günümüzə qədər davam etməkdədir. Ölkənin azsaylı müstəqil media qurumları ya fəaliyyətlərini dayandırdılar, ya da təzyiq və şirnikləndirmə qarşısında təslim olaraq düşərgələrini dəyişdilər. QHT sektoru da eyni aqibəti yaşayır.

Hətta Avropa İnsan Haqları məhkəməsi ilə bağlı ümidlər də tam doğrulmadı. Doğrudur, bu qurum ədalətli qərarlar çıxarır. Lakin əsasən siyasi həbslərdən edilən şikayətlərə gec, artıq məhbus cəzasını çəkib çıxdıqdan sonra baxılır və yalnız maddi kompensasiya ilə yadda qalır. Bəzi hallarda erkən baxıldıqda belə qərarları icra edilməmiş qalır. Haqqında AİHM-nin hökmü olan REAL sədri İlqar Məmmədovun bu gün də həbsdə qalması buna sübutdur.

Bugünlərdə baş vermiş 2,9 milyardlıq skandal isə "kürü diplomatiyası” termininin çox yumşaq olduğunu ortaya qoyur. Avropa sabitlik təşkilatının hesabatlarına biganə qalan Avropanın özü belə rəqəmlər qarşısında şok yaşayır və vəziyyətin öz dəyərləri üçün nə qədər təhlükəli olduğunu anlamağa başlayır. Ümid edək ki, proses növbəti pərişanlıqla yekunlaşmayacaq.

Qərb nümayəndələri Azərbaycanda demokratiya, insan hüquq və azadlıqlarına qarşı prinsipial olmamaları haqqında iradlara bu mövzunu enerji maraqları və təhlükəsizlik problemlərindən sonra üçüncü yerə qoymaqla cavab verirdilər. Halbuki tarix göstərir və Azərbaycan ətrafında baş verən hadisələr də bir daha sübut edir ki, hüquq və azadlıqlar məsələsi ya birinci yerdə olur, ya da heç olmur. Demokratiya, insan haqları mövzusu əgər prioritet deyilsə, deməli, heç yoxdur. Başqa cür olması mümkün deyil.

Meydan Tv