AXCP üzvünə 30 sutka həbs cəzası verildi - YENİLƏNİB

AXCP üzvünə 30 sutka həbs cəzası verildi - YENİLƏNİB

25-08-2016 15:35 / Bu xəbər 740 dəfə oxundu

Avqustun 24-ü saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İsmayıl Rəsulova 1 aylıq inzibati həbs cəzası verildiyi bildirilir.

Bu haqda Turan İnformasiya Agentliyinə onun oğlu Elşən İsmayılov məlumat verib.

E.İsmayılov atası ilə uzun müddət təmas qurmağa imkan verilmədiyini deyib.

"Polisə getdik, dedilər, məhkəməyə aparıblar. Məhkəməyə getdik, orda da heç bir xəbər vermədilər. Özü nəhayət zəng edib, 1 aylıq həbs edildiyini söylədi”, E.İsmayılov bildirib.

E.İsmayılovun deməsinə görə, şəkər xəstəsi olan atası onlardan iynə-dərmanlarını, paltarlarını göndərmələrini istəyib.

İ.Rəsulovu avqustun 24-də Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları saxlayıblar.

38-ci Polis Bölməsindən və Qaradağ Rayon Məhkəməsindən İ.Rəsulovla bağlı bilgi verilməyib.

Onun nədə günahlandırıldığı, hələ də, açıqlanmır.

İ.Rəsulov ikinci qrup Qarabağ əlilidir, şəkər xəstəsidir.

***

Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən İ.Rəsulovun saxlanmasını «Turan»a təsdiq ediblər. Bölmədən bildiriblər ki, o, artıq məhkəməyə aparılıb. Ancaq II qrup Qarabağ əlili İ.Rəsulovun nədə ittiham edildiyi açıqlanmayıb. Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İsmayıl Rəsulovun avqustun 24-ü axşam saatlarında saxlanılıb.