Azərbaycanda gənclərin sayı azalıb

Azərbaycanda gənclərin sayı azalıb

07-02-2019 16:30 / Bu xəbər 224 dəfə oxundu

Nemət Əliyev: ''Bu tendensiyanı sakitcə seyr etmək mümkün deyil''

Azərbaycanda gənclərin sayı 462 min nəfər azalıb. Bu, ötən illə müqayisədə 25 faiz az deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Bildirilir ki, 2011-ci ildən başlayaraq 2019-cu ilin əvvəlinədək ötən dövrdə 15-19 yaş qrupuna daxil olan gənclərin sayı 228,1 min nəfər və ya 26 faiz, 20-24 yaş qrupuna daxil olan gənclərin sayı isə 183,4 min nəfər və ya 19 faiz azalıb. Bu iki yaş qrupu (15-24) üzrə ümumi azalma 411,5 min nəfər və ya 23 faiz təşkil edir.

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev deyir ki, belə fəlakətli nəticələrə görə hesabatlar verilməli, istefalar gündəmi zəbt etməliydi. Ancaq heç bir addım atıldığının şahidi olmamışıq: "Müqayisə üçün deyim ki, bu sonuncu göstərici (azalma) bir il əvvəl 369 min nəfər olub və bu ilin sonuna qədər 462 mini (25 faizi) üstələyəcək. Rəqəmlər arasındakı fərqə diqqət etsəniz (42,5 və 50,5), mənfi tendensiyanın sürətlənməsi dərhal gözə çarpır”.

İqtisadçı deyir ki, 25-29 yaş qrupu üzrə 2011-ci illə müqayisədə 7 faiz artım olsa da, 2016-cı ildən başlayaraq bu yaş qrupunda olan cavanların sayı da azalmağa başlayıb: "Son üç ildə bu qrupda 23 min azalma qeydə alınıb və bu ilin sonuna kimi daha 17 min azalma olacaq. Beləliklə,15-29 yaşda olan gənclərin ümumi sayı 2011-ci illə müqayisədə bu ilin sonunadək 403 min nəfər azalacaq. Əgər 2011-ci ilin əvvəlində 15-29 yaşlı gənclər əhalinin 29 faizini təşkil edirdisə, hazırda bu göstərici 24 faizə düşüb”.

Nemət Əliyev

Nemət Əliyev deyir ki, bu rəqəmləri və tendensiyanı sakitcə seyr etmək, heç nə olmamış kimi üzərindən sükutla keçmək əsla mümkün deyil: "20 faiz torpaqları işğal altında olan bir ölkə üçün bu nəticələr dözülməzdir. Mənfi tendensiyanın daha da sürətlənməsi hər kəsi düşündürməlidir. Ölkə gəncliyini, ölkənin gələcəyini məhvə sürükləyən dağıdıcı proses nəyin bahasına olursa-olsun durdurulmalıdır. Yüksək tribunalardan gənclərin şəninə təriflər söyləməklə, başlanğıcını 1994-cü ildən götürmüş hazırkı gənclər siyasətinin sehrinə düşməklə bu iş aşmaz. Real, proqramlı və konkret tədbirlər həyata keçirilməlidir. Bu sahədə köklü islahatlara zərurət var”.

İqtisadçı deyir ki, 0-4 yaşlı uşaqların sayının 2016 və 2017-ci illərdə 46,8 min nəfər azalmasından da təsirli nəticələr çıxarmaq vacibdir. 

Əhalinin təbii artım göstəricisini pisləşdirən, nigahların azalmasını və boşanmaların artmasını şərtləndirən əsas səbəblər aradan götürülməlidir: "Gənclərin həyatını alt-üst edən ağır sosial-iqtisadi şəraitin sağlamlaşdırılması, ilk növbədə isə onların normal maaşlı iş yerləri ilə, mənzillə təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. "Burda mənəm, Bağdadda kor xəlifə”, yaxud da "babam mənə kor deyib, gəlib-gedəni vur deyib” fəlsəfəsi ilə irəli getməyin mümkün olmamasını, nəhayət, anlamaq gərəkdir. Sonra çox gec ola bilər”.