Azərbaycanın sənətkarlıq guşəsi: Dəmirçi kəndi (FOTO/VİDEO)

Azərbaycanın sənətkarlıq guşəsi: Dəmirçi kəndi (FOTO/VİDEO)

07-11-2017 12:46 / Bu xəbər 116 dəfə oxundu

Yolumuzu Baş Qafqaz silsiləsinin ətəyindən, Pirsaatçay çayının sahilindən saldıq. Çünki burada bir kənd var - Dəmirçi. Bu kənd Şamaxı rayonunun ən qədim kəndlərindən biridir. Əvvəllər bu kəndin adı Güneyçay olub və dəmirçilik sənəti geniş yayıldığından kənd sonradan Dəmirçi adlandırlıb. 

Kənd qədim İpək yolunun kənarında yerləşib və kəndin ərazisində bir neçə karvansaray olub. Dəmirçi kəndində olan qədim tikililər və bir çox yerli əhəmiyyətli abidələr SSRİ dönəmində dağıdılaraq məhv edilib. Kənd əhalisinin özünəməxsus adət-ənənələri və mədəniyyəti var.  Kəndin bərpası və tarixi simasının qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. İlk növbədə, kənddəki məscid bərpa olunub. Dəmirçi məscidi 755-ci ildə tikilib. Bu məscid Azərbaycanın ən qədim dini ocaqlarından biri olmaqla yanaşı, həm də yerli əhalinin inanc yeri olub. Dəmirçi kəndi ərazisində görülən işlər bir neçə istiqamətdə həyata keçirilib və kompleks xarakter daşıyıb.

Burada ailə biznesinin qurulmasını və bu biznesdən alınan məhsulların satışını nəzərdə tutan, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "ABAD” publik hüquqi şəxsin fəaliyyəti də mövcuddur. Həmçinin turistlərə müxtəlif suvenirlər, əl işləri təqdim olunur və hazır məhsullar bütün regionları əhatə edir. Kənddə turistlər üçün maraqlı əyləncə və istirahət yerləri də təşkil olunub.

Kənddə Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi də açılıb. Bu eksponatlar turistlərdə Şamaxının qədim tarixi barədə geniş təsəvvür yaradacaq.

Beləliklə, Dəmirçi kəndində turizm infrastrukturunda yaradılan şərait bir daha təsdiqləyir ki, Azərbaycanın müxtəlif bölgələrində qısa müddətdə turist marşrutları üzrə mükəmməl infrastrukturun və müasir turist yerləşdirmə obyektlərinin yaradılması artıq öz bəhrəsini verir. Bu isə Azərbaycanın qədim və zəngin mədəniyyətini, milli mətbəximizin müxtəlifliyini, xalqımızın qonaqpərvərliyini turistlərə təqdim etməyə geniş imkanlar açır.


Qaynarinfo.Az
Mənbə: Report