Bir müxalifətçinin manifesti - Valeh Hümmətoğlu yazır

Bir müxalifətçinin manifesti - Valeh Hümmətoğlu yazır

26-06-2019 19:08 / Bu xəbər 293 dəfə oxundu

VALEH HÜMMƏTOĞLU

1993-ci il...

Bəy, Heydər Əliyevin müxalifətə münasibətini bilirsən də. Başımız ağrayacaq. Kollektivin çörəyinə bais olma, ərizə yaz, get.

Sonra da İlham Əliyev. Beləcə 26 il.

- Pensiya yaşım çatıb, gəlmişəm...

- Biz sizin sənədlərə baxdıq. Yeni qanuna görə 25 il iş stajınız olmadığı üçün sizə pensiya düşmür.

Dosta müraciət: 

- Düzdür, yaşım keçib, neçə illərin dostuyuq. Vəziyyət yaxşı deyil. İmkan olsaydı, sizin şirkətdə, gözətçi, bağban, şəxsi sürücü...

- Bəy, dostuq. qardaşıq, sənin üçün nə istəsən, etməyə hazıram. Amma bilirsən də sən müxalifətçi olduğun üçün...
- Xudahafiz! 

- Alo bəy. Bir nəfər var, özü pis adam deyil, Onun bağına bağban lazımdır.
- Razıyam. Amma bir problem var, o adam qatı yapçıdı, qorxur ki... Dud, dud, dud...

- Bəs bir nəfər yaxın adam var. Ona ailə sürücüsü lazımdır, yaşlı adam axtarır. Uşaqları məktəbə aparıb gətirməyə və s. Müxalifətçi olduğun üçün razı olmadı.

- Alo, bəy eşitdim, mənzillər təmir edirsiniz. Fəhlə axtarırsan...
- Bəli bəy, var?
- Özüm istəyirəm. Mənziliçi işdir, ağır olmaz.
- Bəy, bilirsən, sən bizim böyüyümüz, ağsaqqalımızsan. Necə rəva bilərəm ki, əlimin altında palçıq qarışdırasan? Razı olmaram.

- Salam. Sizdə kəndir var? 
- Var.
- Onda 3 metr verin.
- Mən sizi Feysbukdan tanıyıram. Oxuyuram. Müxalifətçisiniz?
-  Bəli. 
- Bəy, indi sizə kəndir versəm, gedib intihar edərsiniz. Sonra polis axtaracaq ki, kəndiri hansı dükandan alıb? Balalarım var, bəy? Verə bilmərəm.

Beləcə, kor-peşman evə qayıdırsan... Məncə, hamısı haqlı idi, tək kəndir satandan başqa. Müxalifətçilər sona qədər mübarizə aparır, amma intihar etmirlər.  Kəndir balkonda paltar asmaq üçün lazım idi, evdən tapşırmışdılar...

Bu yandan da bir gənc müxalifətçi çıxıb ağıl öyrədir ki, ağsaqqal, siz düz yolda (siyasətdə) deyilsiniz.

Bax kəndir burada lazımdır...