Cahangir Hacıyevin cəzası azaldılıb

Cahangir Hacıyevin cəzası azaldılıb

12-02-2020 16:37 / Bu xəbər 1015 dəfə oxundu

"Heç bizə aydın olmadı ki, hansı maddə üzrə azaldıldı”

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin cəzası azaldılıb. Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyilə C.Hacıyevin şikayətinə baxılıb və onun haqqındakı hökm dəyişdirilib. Yeni hökmə əsasən, onun 16 il 6 aylıq həbs cəzası 3 ay azaldılaraq, 16 il 3 aya endirilib.

2019-cu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində C.Hacıyev haqqında hökm çıxarılıb, cəza təyin edilərkən onun haqqında 2016-cı il oktyabrın 15-də çıxarılmış birinci hökm də nəzərə alınmışdı. İkinci cinayət işi üzrə təyin olunan cəzaları da əvvəlki cəza ilə qismən toplamaqla, ona qəti olaraq, 16 il 6 ay cəza verilmişdi.

Onun haqqında 15 illik hökm çıxarılandan bir il sonra Azərbaycanda Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edildi. Onlarla maddənin sanksiyasındakı cəza həddi dəyişdi. C.Hacıyevin ittiham olunduğu 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri də onların sırasında idi. Qanun şəxsin vəziyyətini yüngülləşdirdiyi halda, geriyə qüvvəsi olmasını əsas gətirərək, C.Hacıyev haqqındakı əvvəlki hökmə yenidən baxılmasını, cəzanın dəyişikliklərə uyğunlaşdırılmasını istəmişdi. Bu məqsədlə də Sabunçu rayon Məhkəməsinə ərizə vermişdi. Amma buradan onun ərizəsi Qaradağ rayon məhkəməsinə göndərildi. Belə əsas göstərildi ki, sözügedən dəyişikliklər qüvvəyə minəndə C.Hacıyev Qaradağ rayonu ərazisində yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirdi.

Qaradağ Rayon Məhkəməsində fevralın 11-də bu ərizə ilə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmədə C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, cəzanın qanuna dəyişikliklərə uyğun tənzimləmə məsələsilə əlaqədar Bakı Apelyasiya Məhkəməsinin qərar verməsi qanunsuzdur. Çünki bu məsələ ilə bağlı ayrıca ərizə verilib. Apelyasiya Məhkəməsinə hökmdən şikayət verilmişdi, o məsələyə baxmalıdır: "Hesab edirəm ki, Qaradağ rayon Məhkəməsi bizim ərizəmizə baxıb, qərar verməlidir”.

Cahangir Hacıyev də etiraz edib. Bildirib ki, ona qarşı ittihamlardan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə verilən cəzadan 2 il, 308-ci maddə ilə verilmiş cəzadan 1 il azaldılmalıydı.

"Bu necə olur, cəmi üç ay azaldırlar. Heç bizə aydın olmadı ki, hansı maddə üzrə azaldıldı. Çünki hakim əsaslandırmadı”, - C.Hacıyev bildirib.

Keçmiş bank rəhbəri ərizəsinə baxılmasını istəyib.

Lakin hakim artıq Bakı Apelyasiya Məhkəməsinin bu iş üzrə qərar verdiyini əsas gətirib, ərizəyə baxmaqdan imtina edib.

C.Hacıyevlə birlikdə onun dostu, keçmiş deputat Dünyamin Xəlilov da mühakimə olunur. Ona 14 il 6 ay həbs cəzası verilib. O da hökmdən apelyasiya şikayəti vermişdi. Amma hökm ona aid hissədə dəyişdirilməyib.

Meydan.Tv