Deputat xarici işlər nazirinin istefasını istəyib

Deputat xarici işlər nazirinin istefasını istəyib

30-03-2018 13:50 / Bu xəbər 2209 dəfə oxundu

Azərbaycan Milli Məclisinin bu gün, martın 30-da keçirilən iclasında deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının xarici işlər naziri Elmar Məmmədyarovu istefa verməyə dəvət etdiyi bildirilir.

APA-nın məlumatına görə, 31 mart qırğınlarına həsr olunmuş xüsusi iclasda çıxış edən deputat Fəzail Ağamalı deyib ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir. 

O vurğulayıb ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınmasından ötrü prezidentin müəyyən etdiyi prioritetlə nazir E.Məmmədyarovun fəaliyyəti uyğun deyil.

"Bu, olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarov ki, heç olmasa, öz təşəbbüsü ilə istefaya getsin", - deputat deyib

Yerli saytların məlumatına görə, parlamentin sədri Oqtay Əsədov F.Ağamalıya iradını bildirib.

1918-vi il martın 31-də daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda və Azərbaycanın bir sıra bölgələrində kütləvi qırğınlar törətdiyi bildirilir.

1998-ci ildə bu hadisə ilə bağlı dövlət başçısı fərman verib. 

Həmin fərmanda 1918-ci il martın 31-də baş verən hadisələr soyqırımı kimi dəyərləndirilir.

Bu il həmin hadisələrin 100 illiyi ilə bağlı Azərbaycanda bir sıra rəsmi və qeyri-rəsmi tədbirlər keçirilir.