DİN-dən açıqlama: "Əsassızdır, qərəzdən irəli gəlir..."

DİN-dən açıqlama:

28-09-2016 15:39 / Bu xəbər 2200 dəfə oxundu

Ötən gün Balakən rayon sakini Şamil Qebeyev Polis Şöbəsinin rəisi Elnur Həsənov tərəfindən təqibə məruz qalması barədə mediada müraciət yaymışdı. 

O, iddia edirdi ki, polis rəisi onu əsassız olaraq incidir və rüşvət tələb edir. Həmin müraciət Arqument.Az saytında da dərc olunub. 

Bu gün məsələyə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov münasibət bildirib. 

Rəis müavini Arqument.Az-a açıqlamasında qeyd edib ki, vətəndaşın müraciəti mətbuatda dərc olunandan sonra Mətbuat Xidməti tərəfindən ilkin araşdırma aparılıb. 

E.Zahidovun sözlərinə görə, araşdırmadan sonra məlum olub ki, vətəndaş  Ş.Qebeyevin RPŞ rəisi barədə yazdığı iddialar əsassızdır və qərəzdən irəli gəlir: "Qeyd olunan müraciətin müəllifi Balakəndə şadlıq sarayının sahibidir. Görünür, bu günə qədər ona elə gəlirmiş ki, BMW-X5 markalı avtomobili ilə yol-hərəkət qaydalarını pozsa da, avtomobili sənədsiz idarə etsə də, heç kim onu saxlaya bilməz. Bir neçə gün öncə, sentyabrın 24-də saat 18.30 radələrində şəhərin mərkəzi küçələrindən birində BMW-X5 markalı avtomobil yol-hərəkət qaydalarını nümayişkəranə şəkildə pozduğuna görə həmin ərazidə xidmətdə olan yol-patrul xidmətinin əməkdaşları tərəfindən ona  "saxla” işarəsi verilib. Lakin sürücü  Şamil Qebeyev yol polisinin tələbinə məhəl qoymadan hərəkətini davam etdirib. Qayda pozucusu saxlandıqdan sonra ondan sürücülük vəsiqəsi və avtomobilə aid sənədlər tələb olunub. O isə laqeydliklə üzərində heç bir sənədinin olmadığını bildirib. Belə olan halda qanuna müvafiq olaraq avtomobil idarəetmədən çıxarılaraq qorunan duracağa yerləşdirilib. YPX əməkdaşları tərəfindən sürücü  Ş.Qebeyev barəsində isə  İXM-in 327.1 və 327.3-cü maddələri ilə protokol tərtib edilib". 

"Balakən RPŞ-nin rəisi Elnur Həsənovun və onun tabeliyində olan əməkdaşların qanun və qayda pozanlara qarşı belə prinsipial və barışmaz münasibəti, görünür, sadlıq sarayının sahibini  qəzəbləndirib və o da "polis rəisi sahibkarı təqib edir” - deyə müraciət hazırlayaraq mətbuata göndərib. Ona görə də bir daha vurğulayıram ki, Şamil Qebeyevin Balakən RPŞ-nin rəisi barədə dediyi iddialar əsassızdır və qərəzdən irəli gəlir", - rəis müavini bildirib.  

Arqument.Az