DSMF-yə borcları silən qanun qəbul edildi

DSMF-yə borcları silən qanun qəbul edildi

06-03-2018 18:55 / Bu xəbər 2639 dəfə oxundu

Parlamentin 6 mart iclasında "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun qəbul edilib. 

Novator.az-ın məlumatına görə, qanunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində 2006-cı il yanvarın 1-nə yaranmış və ödənməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclarının tam məbləğdə silinməsi nəzərdə tutulur.

Digər müddəaya əsasən, 2015-ci il yanvarın 1-dək yaranmış və ödənməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Maliyyə sanksiyaları üzrə 2015-ci il yanvarın 1-dən 2018-ci il aprelin 1-dək yaranmış borcların tənzimlənməsi bu qaydada həyata keçirilir: 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının 10 faizi ödəndikdə – maliyyə sanksiyalarının ödənməmiş 90 faizi silinir; 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödəndikdə – maliyyə sanksiyalarının ödənməmiş 70 faizi silinir; 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödəndikdə – maliyyə sanksiyalarının ödənməmiş 50 faizi silinir.

Qanun ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci il aprelin 1-nə ödənməmiş borcların qalığına da şamil edilir, 2018-ci il aprelin 1-dən isə qüvvəyə minir.