Ekspert: "Dünya bizə baxıb qibtə edir, ah çəkir, köks ötürür..."

Ekspert:

06-03-2019 17:49 / Bu xəbər 651 dəfə oxundu

Prezidentin 30 oktyabr 2018-ci il sərəncamı ilə 2019-2030-cu illər üçün yeni məşğulluq strategiyası təsdiq edilib.

Strategiyada qeyd olunur ki, Azərbaycan yoxsulluq göstəriciləri son 15 il ərzində 25 faiz aşağı düşüb.

2006-2015-ci illəri əhatə edən proqramın icrası dövründə işsizlik səviyyəsi 7,3 faizdən 5 faizədək, yoxsulluq səviyyəsi 29,3 faizdən 4,9 faizədək azalmış, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə, orta aylıq nominal əməkhaqqı 3,8 dəfə artmışdır. 

Bu məlumatlar "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda göstərilib.

Bu göstəricilər ilə Azərbaycan bir çox  inkişaf etmiş ölkələri belə geridə buraxıb.

"Dünya bizə baxıb qibtə edir, ah çəkir, köks ötürür, yoxsulluq göstəricisi: Latviyada – 27%, Rumıniyada – 24%, Bolqarıstanda – 22%, Litvada – 21%, Almaniyada – 16%, İsveçdə – 13%, Danimarkada – 13%, Avstriyada – 12%-dir. ABŞ da isə 20%-dən çoxdur”, – ekspert Natiq Cəfərli Toplum TV-yə bildirib.

Natiq Cəfərliyə görə, yoxsulluq həddi köhnə göstəricilərlə hesablandığı üçün faiz bu qədər aşağı alınıb: "Yoxsulluq həddi indikatorları köhnədir. Çox aşağı göstəricilərlə hesablanır”.

Ekspert Azərbaycanı ABŞ və Almaniya kimi inkişaf etmiş ölkələrlə müqayisə edərək vəziyyəti açəqlamağa çalışıb: "Almaniyada aylıq gəliri 950 avrodan az olanlar kasıb sayılırlar, yəni 1900 manatdan aşağı gəliri olan yoxsuldur. Bizdə camaat 1900 manat maaş almaq, pul qazanmaq üçün day-day axtarır ki, elə işə düzəltsin.Ya da ABŞ-da illik gəliri 20 min dollardan az olanı yoxsul sayırlar. Yəni ildə 34000 min, ayda 2830 manat qazanana kasıb deyirlər, bizdə isə aya 2830 manat qazanana, "halaldır", deyib onunla qohum olmaq istəyirlər”.

Ekspertə görə, Azərbaycanda yoxsulluq indikatorları (göstəriciləri) yuxarı olsa, ölkənin böyük hissəsi yoxsulluq həddinə düşər: "Yəni bizdə hökumət "rəqəmlərlə rəqs edərək" yoxsul insanların ümumi əhaliyə nisbətən sayını Amerikadan, Almaniyadan az çıxardır. Çox demirəm, bizdə yoxsulluq həddi 500 manat, 4 nəfərlik ailə üçün 2000 manat olsa, ölkənin 70-80%-i yoxsulluq həddinə düşər”.

Uğur Fərzəlisoy