Elgiz Qəhrəmanın şikayəti təmin olunmadı

Elgiz Qəhrəmanın şikayəti təmin olunmadı

21-01-2020 17:51 / Bu xəbər 899 dəfə oxundu

MSK DSK-nın qərarını qüvvədə saxladı

Mərkəz Seçki Komissiyası 29 saylı Səbail Seçki Dairəsinin "Hərəkət” Seçki Blokundan namizədliyi irəli sürülən Elgiz Qəhrəmanın qeydə alınmaması haqda qərarını qüvvədə saxlayıb.

Bu barədə Elgiz Qəhrəmanın özü Meydan TV-yə məlumat verib. 

O, MSK-nın yanvarın 21-də keçirilən toplantısında iştirak edib.

Ötən il, dekabrın 23-də keçirilən Bələdiyyə seçkilərində namizəd kimi iştirak edən Elgiz Qəhrəman MSK-nın qərarından təəccübləndiyini deyib: "DSK-nin namizədliyimi qeydə almamaqla bağlı bəhanəsi mülkümü göstərməməyim idi. Maraqlıdır ki, bələdiyyə seçkilərində həmin dairədən eyni sənədlərlə namizədliyimi qeydə almışdı. Bəs nə dəyişdi ki, bələdiyyə seçkilərində qeydə aldılar, amma 9 fevral növbədənkənar parlament seçkilərində almadılar?! MSK-ya şikayətimdə DSK-nın qərarını diskriminasiya adlandırmışdım. Ya bələdiyyə seçkilərində məni qeydə almaqla başqa namizədlərə haqsızlıq edilib, ya da parlament seçkilərində başqalarını qeydə almaqla mənə qarşı haqsızlıq olub”.

Elgiz Qəhrəman adına torpaq sahəsi olmadığını qeyd edib: "Ailəmin adına olan torpaqda payçı kimi qeydə alınmışam və bundan da xəbərsiz idim. Seçki Məcəlləsinə görə əgər qəsdən səhv buraxılmayıbsa, 48 saat ərzində şəxsə cavab verməlidir və onun aradan qaldırılması üçün şərait yaradılmalıdır. Mənə şərait yaradılmadığı üçün MSK-ya şikayət etdim. MSK iclasında mülkümü məqsədli şəkildə gizlətdiyimi bildirdi. Hətta bələdiyyə seçkilərində qeydə alınmamı səhv saydılar. Eyni zamanda necə səhv edə biləcəyim barədə suallarıma isə dolğun cavab ala bilmədim”.

E.Qəhrəman məhkəməyə şikayət edəcəyini söyləyib.