"Formal olsa da, qəbul edilən qanunlara hörmət göstərin" - Ələsgər Məmmədli

17-12-2016 01:25 / Bu xəbər 1579 dəfə oxundu

Ələsgər Məmmədli

Bu gün diqqətimi APA-nın yaydığı bir xəbər çəkdi (http://apa.az/xeber-az/media-xeber/teleradio-yayimcilarina-lisenziya-senedi-muddetsiz-verilecek.html). 

Xəbərdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədova isnad edilərək bildirilir ki, Azərbaycanda lisenziya müddəti bitmiş teleradio yayımçılarına lisenziya sənədi müddətsiz veriləcək. Bunu isə "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli fərmanının 5.1-ci bəndinə əsasən söylədiyi bildirilir. 

Diqqətimi bu xəbərin çəkməsi təsadüfi deyil. Qüvvədə olan Televiziya və radio yayımı haqqında Qanunun 22.1-ci maddəsi deyir ki: "Ərizədə daha az müddət göstərilməyibsə, xüsusi razılıq (lisenziya) 6 il müddətinə verilir. 

Bu müddətdə ayrılan tezlikdən istifadə texniki baxımdan mümkün deyilsə, xüsusi razılıq (lisenziya) daha az müddət üçün verilə bilər”. 

Qanunun 22.3-cü maddədə isə aydın şəkildə bildirilir ki, "Boşalan tezlik resursundan istifadə edən və xüsusi razılığın (lisenziyanın) müddətini uzatmaq istəyən teleradio yayımçısı xüsusi razılığın (lisenziyanın) vaxtını uzatmaq barədə xüsusi razılığın (lisenziyanın) müddətinin bitməsinə azı 6 ay qalmış ərizə verdikdə bu tezlik üçün müsabiqə keçirilmədən dövlət rüsumunu ödəmək şərti ilə xüsusi razılığın (lisenziyanın) müddəti daha 6 il uzadılır”.

Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 4-cü bəndində bildirilir: "IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır”

Əgər həqiqətən də, Teleradio Şurasının əməkdaşı belə deyib və Şura da belə bir addım atmaq istəyirsə, bu Teleradio yayımı haqqında Qanuna dəyişiklik olmadan mümkün deyil. Çünki 21 dekabr 2015-ci il tarixli "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nın 5.1-ci maddəsində nəzərdə tutulan lisenziyalar Qanunda müddəti müəyyən olunan lisenziyalara tətbiq edilə bilməz. 

Bu Fərman qanunda müddəti müəyyən olunmamış, müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş lisenziyalara yalnız şamil edilə bilər. 

Formal olsa da, heç olmasa qəbul edilən qanunlara hörmət göstərin, onun qüvvədə olan müddəası varkən, onu yox hesab etməyin. 

Xüsusilə, bu sahədə hüquqşünas postu tutan şəxslər daha öncədən bu barədə rəyləri hazırlayıb siyasi post rəhbərlərinə çatdırsınlar. 

Sonra atılan addımlar gülünc görünür.
 
Toplum.Tv