General-leytenant Kərəm Mustafayevin həbs təhlükəsi

General-leytenant Kərəm Mustafayevin həbs təhlükəsi

24-06-2016 23:42 / Bu xəbər 3066 dəfə oxundu

Kərəm Mustafayevin qardaşının qanunsuz əməlləri və aldığı yumruq zərbəsi

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin həbs olunma təhlükəsi ilə üzləşib. 

Miq.az-ın redaksiyasına daxil olan maraqlı məlumatda söhbət ondan gedir ki, Naxçıvan MTN-nin keçmiş rəhbəri Vəli Ələsgərov qapalı keçən məhkəmədə onun əleyhinə ziddiyyətli ifadələr verib. Mənbənin dediyinə görə, Ələsgərov Mustafayevi Naxçıvanda tikinti sektorunda yol verdiyi külli miqdarda yeyintidə, habelə bu barədə Ali Məclis sədrinə məlumat versə də, onun ört-basdır edilməsində ittiham edib.

Qeyd edək ki, Naxçıvanda olan hərbi hissələrdəki bütün tikinti işlərinə K.Mustafayevin qardaşı nəzarət edirdi. Generalın qardaşı Nemət Mustafayevin nəzarət etdiyi tikinti işlərində ciddi yeyinti halları aşkarlanıb.

Hadisələrin üstü Nemət Mustafayevin hərbi hissələrdən birində yüksək rütbəli hərbçi ilə arasında baş verən davadan sonra açılıb. Belə ki, N.Mustafayev mülki şəxs kimi bütün hərbi hissələrdə qardaşına görə "söz sahibi” olub. O, mülki şəxs olsa da ən yüksək rütbəli hərbçilərə belə əmrlər verirmiş, hətta onları təhqir edirmiş. Bir neçə gün əvvəl yüksək rütbəli hərbçilərdən birini təhqir edən N.Mustafayev bunun cavabını yumruq zərbəsi ilə alıb.

Miq.az-ın redaksiyasına daxil olan məlumatda o da bildirilir ki, bu qalmaqladan sonra N.Mustafayevin fəaliyyəti araşdırılmağa başlanılıb. Onun qardaşının tutduğu postdan istifadə edərək bir neçə dəfə bu cür hallara yol verməsi aşkarlanıb. Daha sonra N.Mustafeyevin nəzarət etdiyi tikintidə yol verdiyi yeyintilər aşkarlanıb. Məlum olub ki, o daha çox tikintilərdə canlı qüvvə kimi hərbi hissələrdəki əsgərlərdən istifadə edirmiş. Bununla da işçi qüvvəsinə ayrılan vəsaiti mənimsəyirmiş. Bu barədə Ələsgərovda da məlumat olub. Bundan əlavə generalın "MTN işi” ilə əlaqəsinin olduğu da iddia olunur. Bu əlaqələr barədə də Ələsgərov məhkəmədə ifadələr verib. Mənbə deyir ki, hazırda generalın həbs edilməsi səbəbi kimi bu iki iddia var. Lakin ən çox danışılan isə küllü miqdarda dövlət vəsaitinin mənimsənilməsidir.

Bu arada o da məlum olub ki, Naxçıvandakı hərbi birləşmədə xidmət çəkən zabitlər yaxın günlərdə korpus komandiri, general-leytenant Kərəm Mustafayevin qanunsuz əməllərinə qarşı Müdafiə naziri Zakir Həsənova müraciət imzalayacaqlar.

Gərginliyin bu həddə çatmasına səbəb indiyə qədər istifadə olunmamış məzuniyyətlərə görə zabitlərə pul verilməməsidir. Həmçinin Birləşmə komandirinin qeyri-qanuni olaraq zabitlərin məvacibindən pul tutulmasıdır. Xüsusən ehtiyat hissəsinin alınması və digər məsələlərlə bağlı bölük, tabor səviyyəsində olan zabitlərdən texnika ilə bağlı pullar tutulur.
 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!

Arqument.Az