Hüquq müdafiəçisi: “Mehman Qələndərov gizli dəfn edilib” – [FOTOLAR]

Hüquq müdafiəçisi: “Mehman Qələndərov gizli dəfn edilib” – [FOTOLAR]

30-04-2017 22:33 / Bu xəbər 2195 dəfə oxundu

Hüquq müdafiəçiləri Taleh Xasməmmədov və Oqtay Gülalıyev bloqqer Mehman Qələndərovun gizli dəfn edildiyini bildiriblər.

Onlar 4 qəbiristanlıqda axtarışdan sonra Mehman Qələndərovun qəbrini Kürdəxanı təcridxanasının yanındakı qəbristanlıqda tapa biliblər. Mərhum valideyinlərinin yanında dəfn olunub.

"Xəlvəti olaraq dəfn edilib. Mərhumun yas mərasimi belə olmayacaq. Bu da haqq-ədalət uğrunda mücadilə aparan siyasi məhbus həyatının acı sonluğu… Allah rəhmət eləsin!”, – T.Xasməmmədov yazıb.

Xatırladaq ki, M. Qələndərovun aprelin 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında intihar etdiyi bildirilir

Bu il fevralın 7-də M.Qələndərovun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham olunub.

Həbs günü M.Qələndərov "Facebook” səhifəsində yazmışdı: "Hamımız Qiyas (Heydər Əliyevin abidəsinə şüar yazan Qiyas İbrahimov nəzərdə tutulur. Bundan sonra 10 il azadlıqdan məhrum edilib- red.) kimi olaq. Qul olma!”

Bir saatdan sonra polis əməkdaşları M.Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutublar.

Nəsimi Rayon Məhkəməsi M.Qələndərovu istintaq müddətində 3 ay həbs edib.

M.Qələndərov 1977-ci il mayın 23-də Bakıda anadan olub. Dövlət İdarəetmə Akademiyasını psixologiya ixtisası üzrə bitirib. O, Bakı və Tbilisidə hökumət əleyhinə mitinqlərdə iştirak edib.

2016-cı il sentyabrın 26-da Tbilisidə Azərbaycan səfirliyinin qarşısında "Biz kral istəmirik!” şüarı ilə keçirilən aksiyanın təşkilatçılarından biri olub.

Sosial şəbəkələrdə hakimiyyəti tənqid edib, ölkə rəhbərliyinin karikaturalarını çəkərək "Facebook” səhifəsində dərc edib.