İlqar Məmmədov: "Məsuliyyəti üzərimizə götürməyə hazırıq"

İlqar Məmmədov:

04-09-2018 18:25 / Bu xəbər 1167 dəfə oxundu

''Biz hakimiyyətə real alternativ olduğumuzu deyirik''

ReAL Partiyasının sədri İlqar Məmmədov sentyabrın 4-də mətbuat konfransı keçirib.

3 hissəli konfransın ilk hissəsində İlqar Məmmədovun vəkilləri Fuad Ağayev, Şəhla Hümbətova, Cavad Cavadov və Xalid Bağırov onun həbsindən, üzləşdiyi təzyiqlərdən danışıblar.

İlqar Məmmədov şikayətinin Avropa Məhkəməsinə çıxarılmasında vəkili Fuad Ağayevin müstəsna rolunun olduğunu deyib:

"Əgər Fuad Ağayev olmasaydı, şikayəti məhkəməyə çıxmayacaqdı. Xalid Bağırovu mənə görə Vəkillər Kollegiyasından çıxarıblar. Cavad Cavadov və Şəhla Hümbətovanın siyasi dəstəyi olmasaydı, bu gün burada olmazdım”.

İlqar Məmmədov bildirib ki, onu 2013-cü ilin prezident seçkilərində iştirak edəcəyini elan etdiyi üçün həbs ediblər. Həbsinin əsas səbəbi kimi bunu görür:

"Məqsəd məni siyasətdən kənarlaşdırmaq idi. Həbsimin siyasi motivli olması da Avropa İnsan Hüquqları Məhkəməsində də təsdiqlənib. Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulduğunu müəyyən edib. Məhz bu qərarın icra edilməməsinə görə AİHM və Avropa Şurası Konvensiyanın 46-cı maddəsilə Azərbaycana qarşı xüsusi prosedura başlayıblar. Bu, Avropa Şurasının tarixində ilk hadisədir. Mən tam bəraət almamışam. Ancaq haqqımda qərar qəbul edən 19 hakimin cəzalandırılması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyəm, onlar cinayət törədiblər”.

İlqar Məmmədov həbsxana dövrünün ilk 3 ilini əziyyətlərə məruz qaldığını deyib: "Məqsəd mənə əfv ərizəsi yazdırmaq olub, amma nail ola bilmədilər. Mən bu məsələni hüquq müdafiəçiləri ilə müzakirə edəcəm, indi bu məsələnin üzərində geniş dayanmaq istəmirəm. Bu məsələ hakimiyyətin mənimlə necə davranacağından asılı olacaq”.


Konfransın ikinci hissəsində iqtisadi sahədəki problemlərdən bəhs olunub. İlqar Məmmədov bildirib ki, hakimiyyət onun həbsi ilə heç nəyə nail olmayıb: 

"Mən həbs olunan il, 2013-cü ildə Azərbaycanda adambaşına düşən Ümumi Daxili Məhsul 7977 dollar idi, bu gün 4186 dollardır. 2013-cü ildə orta aylıq əməkhaqqı 542 dollar idisə, bu gün 307 dollardır. Yaxud o zaman büdcə gəlirləri 24 402 milyon dollar idisə, hazırda 10189 milyondur. Nəhayət, orta aylıq pensiya 214,79 dollar olub, bu gün 124.22 dollardır. Bu göstəricilər Azərbaycanın qonşuları Ermənistan və Gürcüstandan geri qaldığını ortaya qoyur. Hakimiyyət iqtisadi göstəricilərin dünyada neftin qiymətinin enməsi ilə əlaqələndirir. Xeyr, belə deyil. Hakimiyyət dünyadakı hadisələrə hazır olmayıb və öz strategiyasını yalnış olaraq neftin yüksək qiyməti üzərində qurub. Niyə neft gəlirləri səmərəli xərclənməyib? Niyə ölkənin 10 milyard xarici borcu olmalıydı? Məhz həmin müddətdə, iqtisadçılar, jurnalistlər və siyasilər tənqidlərini səsləndirdikləri üçün hakimiyyət kütləvi repressiyalara əl atıb. Jurnalistlərdən Xədicə İsmayıl, seçki üzrə ekspert Anar Məmmədli və digərləri həbs olundu, yəni repressiya dalğası gücləndi, amma sosial-iqtisadi sferada tənəzzül başladı. Nə qədər ki, azadlıqlar təmin olunmayıb, alternativ fikrə hörmət edilmir, irəliləyiş olmayacaq. Jurnalistlərin, fəalların həbsi həyat səviyyəsinin çiçəklənməsinə və yüksəlməsinə gətirib çıxarmayıb”.


O, çıxış yolunu iqtisadi və siyasi islahatlarda, rəqabət mühitinin yaradılmasında, azad seçkilərin keçirilməsində, məhkəmələrin müstəqilliyinin təmin olunmasında görür.

İlqar Məmmədov hesab edir ki, ölkədə dəyişikliklərə nail olmaq üçün çox şey vətəndaşların fəallığından və təşəbbüskarlığından asılıdır: "Hər bir vətəndaş siyasi baxımdan bir qədər fəal olmalıdır. Rəsuləzadənin "Milli dirilik” məqaləsini oxumaq lazımdır”.

Konfransın 3-cü hissəsində ReAL Partiyasının sədri bundan sonrakı bütün seçkilərdə iştirak edəcəklərini bildirib: "Biz hakimiyyətə real alternativ olduğumuzu deyirik və ölkənin idarə edilməsinə görə məsuliyyəti öz üzərimizə götürməyə hazırıq”.


Mitinqlərin keçirilməsi ilə bağlı suallara gəlincə, partiya sədri deyib ki, bu cür aksiyaları keçirmək mənasızdır. Çünki İlham Əliyev bu mitinqlərdən istifadə edərək deyir ki, Azərbaycanda demokratiya var:

"Mitinqlər lazımi məqamda keçiriləcək, yəni xalqa fayda, rejimə zərər versin. Biz mitinqləri elə vaxt keçirəcəyik ki, bu, Əliyevə sərf etməsin. Baxın, 28 Mayda "İstiqlaliyyət” küçəsindəki aksiyamıza, Bakının mərkəzində keçirilən yürüşü nəzərdə tuturam. Respublikaçılıq dəyərlərinin tərəfdarları paytaxtın mərkəzini bürümüşdü”.

İlqar Məmmədov Dağlıq Qarabağ probleminin həlli barədə suala cavab olaraq bildirib ki, Azərbaycan mənəvi, siyasi və üstünlüyə nail olmalıdır. Hazırda Azərbaycan hər üç istiqamətdə Ermənistana uduzur.

İlqar Məmmədov 2013-cü il fevralında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşlara təhrik ittihamı ilə 7 il azadlıqdan məhrum edilmişdi.
2018-ci il avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi əvvəlki hökmə yenidən baxaraq qalan iki il həbs cəzasını şərti cəza ilə əvəzləyib.

Azərbaycan hakimiyyəti İlqar Məmmədovun azadlığa buraxılması barədə Avropa Şurasının bir neçə xahişinə məhəl qoymayıb, halbuki, Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, müxalifətçi hər hansı sübut olmadan həbs edilib. 2017-ci il dekabrın 7-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı prosedura başlanması barədə qərar qəbul etmişdi.///Meydan.tv