İranda müxalifətçiyə ölüm hökmü oxundu

İranda müxalifətçiyə  ölüm hökmü oxundu

11-02-2020 16:53 / Bu xəbər 876 dəfə oxundu

Ədliyyə nazirliyinin veb səhifəsindəki məlumata əsasən, həbs olunmadan əvvəl sürgündə yaşayan İran müxalifətçisinə məhkəmə qərarı ilə ölüm hökmü oxunub.

AmerikanınSəsinin verdiyi məlumata görə, 41 yaşlı Ruhullah Zam "bağlı qapılar arxasında və medianın olmadığı şəraitdə" mühakimə olunub.

İslam İnqilabı Keşikçiləri Korpusu ötən ilin oktyabrında Zamın həbsini elan edərək, onu "Fransa kəşfiyyat xidməti tərəfindən idarə olunan" əks-inqilabçı olaraq xarakterizə edib.

Onun harada həbs olunduğu barədə məlumat verilməyib.

Parisdə yaşadığı bildirilən Ruhulla Zam Telegram mobil tətbiqində Amadnews adlı kanal işlədib.

Həmin vaxt o, hakimiyyət orqanları tərəfindən 2017-18-ci illərin qış mövsümündə iqtisadi çətinliklər nəticəsində baş qaldırmış hökumət əleyhinə etirazlarda fəal rol oynamaqda günahlandırılıb.

2018-ci ildə İranın "silahlı qiyam" təşəbbüsünə görə hesabın silinməsini tələb etməsindən sonra Telegram Amadnews-u bağlayıb.

Ultra-mühafizəkarlara yaxın Fars agentliyinin bildirdiyinə görə, bazar ertəsi keçirilən məhkəmə iclasında prokuror 15 bənddən ibarət iddianmə oxuyub.

Daha sonra ədliyyə orqanlarının Mizan Online saytında yerləşdirilən iddianamədə Zamın mühakiməsində ölüm cəzası nəzərdə tutulan "korrupsiya" cinayətində ittiham olunduğu bildirilib.

Digər ittihamlar arasında o, "ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayətlər" və "Fransa xüsusi xidmət orqanlarına casusluq" şübhələri ilə təqsirli bilinib.

O, həmçinin "İslamın müqəddəsliyini" təhqir etməkdə günahlandırılıb.