İsa Qəmbər prokurorluqda dindirildi

İsa Qəmbər prokurorluqda dindirildi

16-06-2017 18:37 / Bu xəbər 1174 dəfə oxundu

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər iyunun 16-da Baş Prokurorluqda dindirilib. 

Həbsdəki jurnalist Əfqan Muxtarlının işi üzrə onun ifadəsi alınıb.

Bu haqda İ.Qəmbər prokurorluqdan çıxdıqdan sonra məlumat verib.

"Mən istintaqçılara da tövsiyə etdim ki, prokurorluq gerçək cinayətkarlıqla mübarizə aparmalıdır, ictimai fəallara qurama cinayət işlərinə son qoyulmalıdır”, - İ.Qəmbər bildirib.

İsa Qəmbərin sözlərinə görə, istintaqçılara deyib ki, Əfqan Muxtarlının öz xoşu ilə sərhədi keçməsi, pul gətirməsi kimi iddialara inanmır.

"Əfqan Muxtarlının özünün səsləndirdiyi versiyanın həqiqət olduğunu düşündüyümü dedim. Artıq, bütün dünya Əfqan Muxtarlının Tbilisinin mərkəzindən oğurlandığını, Azərbaycana təhvil verildiyini bilir”.

İsa Qəmbərdən başqa Müsavat Partiyası başqanı Arif Hacılı və partiya rəhbərlərindən Gülağa Aslanlı da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. A.Hacılı iyunun 17-də saat 14:00-da, Gülağa Aslanlı isə iyunun 20-də ifadə verməkdən ötrü adıçəkilən idarədə olmalıdır.

Bundan əvvəl jurnalist Sevinc Vaqifqızı iyunun 14-də Baş Prokurorluqda Əfqan Muxtarlıya açılmış cinayət işi ilə bağlı dindirilib.

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. 

O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. 

Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

Arqument.Az