"İstəməzdim ki, Azərbaycanın adı belə siyahılara düşsün"

28-04-2017 18:40 / Bu xəbər 1549 dəfə oxundu

"Freedom House” növbəti illik hesabatında Azərbaycanda mətbuatın azad olmadığını bildirib. 

Təşkilatın media azadlığı üzrə siyahısında Azərbaycan 199 ölkə və ərazi sırasında 190-cı yerdədir.

Keçən illə müqayisədə Azərbaycan 189-cu yerdən bir pillə geriləyib və media azadlığı siyahısında Azərbaycanın İran və Suriya ilə eyni hesabla yalnız Şimali Koreya, Türkmənistan, Özbəkistan, Krım, Eritrea, Kuba və Eqvatorial Qvineyadan irəlidə olduğu göstərilir.

Hesabat Azərbaycanın "illərboyu azad media və sərbəst ifadə tərəfdarlarına qarşı yürütdüyü kampaniyasına" yavaşlamadan davam etdiyini deyir.

Hesabat Azərbaycanın son və ya media azadlığı üçün ən pis onluqda olmasını qeyd edir.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə düşünür ki, hesabatda obyektivlik yoxdur. 

O, Toplum Tv-yə açıqlamasında deyib ki, mediaya basqılar ən çox ABŞ-da olur: 

""Sərhədsiz Reportyorlar” və "Freedom House” təşkilatları illərdir ki, belə hesabatlar yayırlar. Əslində, dünya miqyasında böyük işlər görürlər, amma çox təəssüf ki, onların hesabatlarında real durumlardan daha şox siyasi mövqelər öz əksini tapır. 2016-cı il dünyada media üçün ağır il oldu. Nəinki, avtoritar, totalitar rejimlərdə, eyni zamanda, dünyanın ən demokratik imicli ölkələrində də media üzərinə total bir hücum olub. Avropa ölkələri də daxil olmaqla dünyanın əksər ölkələrində media qanunvericiliyinə ciddi dəyişikliklər edilib və təəssüf ki, mənfiyə doğru irəliləyiş var. Dünyanın ən aparıcı ölkələrində media üzərinə basqılar intensiv xarakter alıb. O cümlədən, ən çox diqqət çəkən hadisələr ABŞ-da baş verir. Çox təəssüf ki, bu kimi təşkilatlar dünyaya ABŞ-da və ya digər Avropa ölkələrində mediaya qarşı olan basqıları deyil, məhz Azərbaycan kimi ölkələri hədəf götürürlər. Əgər "Freedom House” və "Sərhədsiz Reportyorlar” öz hesabatlarında ABŞ-da mediaya olan basqılara diqqət göstərsəydilər, bunun bütün dünyaya necə təsir etdiyini göstərsəydilər, o zaman bu hesabat haqqında obyektiv müzakirə aparmaq olardı. Amma nə ABŞ-da, nə də başqa ölkələrdə baş verən hadisələr yetəri qədər bu hesabatlarda öz əksini tapmır. Ən acınacaqlı hal Ermənistanın Azərbaycandan dəfələrlə  öndə olduğunu göstərməyə cəhd edilməsidir. Bu hesabatlarda obyektivlik yoxdur, qərəzli xarakter daşıyır”.

Telejurnalist Qulu Məhərrəmli isə açıqlamasında bu hesabatın onu məyus etdiyini bildirib: "Azərbaycanda mətbuat azadlığı ilə bağlı son illər gedən proseslər ürəkaçan deyil. Ona görə də, "Freedom House”un bu hesabatı məni məyus edir. Mən istəməzdim ki, Azərbaycanın adı belə siyahılara düşsün. Bu gün Azərbaycanda bir çox platformalar var ki, orada jurnalistlərin sərbəst fəaliyyəti üçün müəyyən problemlər yaranır. Beynəlxalq təşkilatlar da bu prosesləri izləyirlər və reallığı əks elətdirirlər. Məncə, beynəlxalq təşkilatların hamısı Azərbaycana obyektiv və dürüst yanaşmır”.

Bu həftə  "Sərhədsiz Reportyorlar” təşkilatı da hesabat yaymışdı.  Azərbaycan Sərhədsiz Reportyorların (RWB) 2017-ci il Dünya Mətbuat Azadlığı İndeksində 162-ci yeri alıb.

Azərbaycanla bağlı hissə "Olan-qalan tənqidlə müharibədə aman yoxdur" başlığı ilə verilib və məlumatda deyilir ki, "plüralizmin bütün formalarını sarsıtmaqla kifayətlənməyən prezident İlham Əliyev 2014-ci ildən olan-qalan tənqidçilərə qarşı da amansız müharibə aparır".

Prezident Əliyevin özü isə hesab edir ki, Azərbaycanda senzura yoxdur və mətbuat azaddır.

Hesabatda həmçinin deyilir ki, müstəqil jurnalistlər və bloqçular təzyiqə, döyülməyə, şantaj, yaxud rüşvətə məruz qalmırlarsa, həbsxanaya atılır.

""Zerkalo” və "Azadlıq” kimi bəzi müstəqil media iqtisadi cəhətdən tamamilə boğulub. Azadlıq Radiosu və başqaları isə zorla bağlanıb. Ən inadcılları (Emin Milli və Qənimət Zahid kimi mühacirətdə müqavimət göstərməyi davam etdirənlər) susdurmaq cəhdi ilə hakimiyyət onların ailə üzvlərini təqib edir".

Hesabatda qeyd edilir ki, beynəlxalq təzyiqlərə cavab olaraq, rejim 2016-ci ilin əvvəllərində həbsdə olan ən məşhur jurnalistləri azadlığa buraxıb, amma sonrakı aylarda yerinə başqalarını həbs edib.

Mətbuat azadlığının möhkəmləndirilməsi üçün dünya miqyasında fəaliyyət göstərən RWB-nin hesabatı 179 ölkə monitorinq edilib. Siyahıya görə, ən azad mətbuat Norçevdə, ən sıxışdırılan media isə Şimali Koreyadır.

Arqument.Az