Jurnalistin Vəkillər Kollegiyasından verdiyi şikayətə baxılacaq

Jurnalistin Vəkillər Kollegiyasından verdiyi şikayətə baxılacaq

06-06-2018 15:29 / Bu xəbər 2071 dəfə oxundu

''Müqavilə bağladığım vəkil kollegiyadan uzaqlaşdırılıb''

İyunun 20-də Bakı 1 saylı İnzibati İqtisad Məhkəməsi jurnalist Aynur Elgünəşin şikayətinə baxacaq. 

Cavabdeh tərəf Azərbaycan Vəkillər Kollegiyasıdır.

Jurnalistin hüquqi yardım üçün müqavilə bağladığı vəkil Yalçın İmanov Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Deyir, bunun nəticəsində onun müdafiə hüququ pozulub:

"Yalçın İmanovla müqaviləm var. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində istintaqı davam edən cinayət işi üzrə bir neçə dəfə dindirməyə çağırılmışam. Sonuncu dindirmə vəkilim Yalçın İmanovun iştirakı ilə keçirildi. Digər tərəfdən, ölkədən çıxışıma məhdudiyyət qoyulub. Bununla bağlı da məhkəmə işlərim var, şikayətim üzrə Avropa Məhkəməsində kommunikasiya mərhələsi başlayıb. Bu qadağanın aradan qaldırılmasından ötrü yenidən ölkə daxilində məhkəməyə müraciət etməli olsam, artıq Yalçın İmanov mənim hüquqlarımı müdafiə edə bilməyəcək. Çünki fəaliyyəti dayandırılıb”.

Jurnalist deyir ki, yerli məhkəmələr iddianı təmin etməsə, bu iş də Avropa Məhkəməsi müstəvisinə çıxarılacaq.

Eyni iddia ilə araşdırmaçı jurnalist Xədicə İsmayıl da məhkəməyə müraciət edəcəyini deyir. Onun sözlərinə görə, vəkili Yalçın İmanovun kollegiyadan uzaqlaşdırılması onun müdafiəsiz qalmasına səbəb olub.

Vəkillər Kollegiyasının rəhbərliyi isə hesab edir ki, adları çəkilən jurnalistlər məhkəmədən öncə onlara müraciət etməli idi:

"Əgər onların hüquqlarının müdafiəsi üçün vəkil təyin olunmasaydı, bu zaman onlarının iddiaları iftiradan uzaq və tutarlı hesab olunardı”.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti hesab edir ki, jurnalistlərin məhkəmə iddiası "son dövrlər vəkillik sahəsində aparılan mütərəqqi islahatlara qara yaxmağa, Vəkillər Kollegiyasının nüfuzunun aşağı salınmasına hesablanmış addımdır”.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Jurnalistlər bu qərarın onlara həm maddi, həm də mənəvi ziyan vurduğunu deyirlər.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il noyabrın 20-də verdiyi qərarla Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Səbəb kimi isə avqustda Penitensiar Xidmətin rəis əvəzi olmuş Oqtay Məmmədovun ondan şikayəti göstərilib.