Kərəm Həsənovun adamları vətəndaşın əmlakını hərraca çıxarır

Kərəm Həsənovun adamları vətəndaşın əmlakını hərraca çıxarır

06-03-2018 11:00 / Bu xəbər 2388 dəfə oxundu

Bakı şəhər sakini Nizami Səmədov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının qeyri-qanuni əməllərindən şikayətçidir. 

Belə ki, komitənin əməkdaşları vətəndaşın istifadəsində olan 16 kvadrat metrlik zirzəminin zorla əlindən alınıb "hərrac” adı ilə başqasına satmaq istəyirlər. 

Miq.az xəbər verir ki, N. Səmədov bu barədə komitənin sədri Kərəm Həsənova müraciət ünvanlayıb.

Müraciətdə deyilir: "Mən Səmədov Nizami Sultan oğlu sizə üzləşdiyim ədalətsizliklə bağlı müraciət etmək məcburiyyətindəyəm. Məlumat üçün bildirim ki, 2004-ci ildə «Avtombilçi-2» MTK məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26 saylı ünvandakı yaşayış binasının 9-cu girişdə 16 kv.m olan qeyri-yaşayış zirzəmi sahəsi MTK-nın qərarı ilə kooperativin üzvü kimi mənim– Bakı şəhər Yasamal rayon sakini Nizami Səmədovun istifadəsinə verilib. Bu barədə MTK-nın ümumi iclasının 19.11.2004-cü il tarixli (2 saylı protokol) qərarı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasında baxılmış və Komissiyanın 1213 saylı «03» dekabr 2004-cü il tarixli protokolu ilə yuxarıda göstərilən qeyri yaşayış sahəsi kooperativ üzvü olaraq mənim – Nizami Səmədovun sərəncamına verilib. Komissiyanın bu qərarı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı cənab H. Abutalıbov tərəfindən «06»dekabr 2004-cü il tarixdə 283 saylı protokolla da təsdiqlənib".

N. Səmədov indiyə qədər zirzəminin abadlaşdırılması üçün xeyli xərc çəkdiyini deyir. Bütün bunları qeyd edən Bakı sakini komitə sədrindən kömək istəyir: "Həmin dövrdə binanın adı çəkilən zirzəmisi istifadə üçün tam yararsız vəziyyətdə idi və oranın abadlaşdırılması üçün kooperativin üzvü olaraq mən – Nizami Səmədov xeyli şəxsi vəsait və əmək sərf etmişəm. Bundan başqa tikintisi yarımçıq qalmış «Avtombilçi-2» MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26 saylı ünvandakı yaşayış binasının fasad daşla üzlənməsi, binaya su, elektrik, kanalizasiya və s. xəttinin çəkilməsinə uzun illər necə deyərlər "dişimlə dırnağımla " qazandığm şəxsi vəsaitimi xərcləmiş, özüm və ailə üzvlərim xeyli fiziki əmək sərf etmişdir. Adı çəkilən 16 kvadrat metrlik zirzəmi də məhz bu səbəbdən kooperativ üzvlərinin qərarı ilə «Avtombilçi-2» MTK nın üzvü olaraq mənə verilmişdir ki, ahıl çağlarımda orada başımı qataraq bir tikə çörək yeri imkanım olsun. Ancaq üstündən 13 il sonra hazırda istifadəmdə olan həmin 16 kvadrat metrlik zirzəmi sahəsi nə mənim, nədə ki, üzvü olduğum kooperativin xəbəri olmadan Əmlak məsələləri üzrə dövlət komitəsinin bəzi məmurları tərəfindən qeyri-qanuni yolla guya "hərraca” çıxarılaraq özgələdirilməsinə çalışılır". 

"Fikrimcə, "hərrac oyunu” təxmin etdiyim dələduz dəllal və Əmlak məsələləri üzrə dövlət komitəsinin bəzi tamahkar məmurlarının subyektiv maraqlarından qaynaqlanır və başqasının əmlakına qəsd kimi qiymətləndirilməlidir. Bu məsələ ilə əlaqədar görüşdüyümüz əməkdaşlarınızın bəziləri deyir ki ”bu işləri onlardan Siz tələb edirsiniz.  Guya demisiniz ki, gedin nə istəyirsiniz edin, mən arxanızda dayanmışam. Amma bəziləri isə deyir ki, bu işlərdən Kərəm müəllimin xəbəri yoxdur! Kərəm müəllim bilsə, belə haqsızlığa imkan verməz! Nə bilim kimə inanaq. Hər halda kimin düz dediyini zaman göstərəcək. Hörmətli Kərəm müəllim bir daha qeyd etmək istəyirəm ki, adı çəkilən əmlak kooperativə, yəni -«Avtombilçi-2» MTK-ya məxsusdur və o da öz əmlakını yuxarıda sadalanan xidmət və zəhmətimə görə kooperativin üzvü olaraq mənim istifadəmə verilib. (yəni hərraca çıxarılmalı olan istifadəsiz sahə deyil) . Buna görə də, Əmlak məsələləri üzrə dövlət komitəsinin bəzi məmurlarının hərrac adı ilə başqasının əmlakını ələ keçirmək cəhdi ilə əlaqədar məhkəməyə müraciət etmişik", - vətəndaş qeyd edir. 

"Hazırda Milli Onkologiya Mərkəzində intensiv şüa terapiyası alıram. Xahiş edirəm ki, bu işi şəxsi nəzarətinizə götürüb mənə kömək edəsiniz. Obyektiv və halallıq mövqeyində durmaqla sizin adınıza ləkə gətirmək istəyən "dəlallarla” bir olmadığınızı nümayiş etdirəsiniz.” Dişimlə dırnağımla” əldə etdiyim bu 16 kvadrat metrlik bir zirzəmini mənə çox görməyin. Bu işdə ədalət tapana, öz halal haqqımı geri qaytarana qədər hara qədər və nə zamana qədər olsa da mübarizəmi davam etdirəcəm. Amma səhvin və yalanın yarısından da qayıtmaqda da fayda var. Xahiş edirəm ki, bunu sizin adınızı yeri gəldi-gəlmədi hallandıran əməkdaşlarınıza da izah edəsiniz. Xatırladım ki, bu il həm də Prezident seçkisi ilidir. Yəqin, bir dəfə imkan olacaq ki, bir seçici kimi mən də öz səsimi cənab Prezidentimizə çatdırım. Sizdən ricam budur ki, qeyd olunan məsələnin obyektiv araşdırılmasını təmin edib, kooperativin əmlakını onun üzvünün, yəni mən – Nizami Səmədovun əlindən almaq üçün təzyiq göstərmək istəyənlərə imkan verməyəsiniz. Mən hələ ki sizdən ümidimi kəsməmişəm. Xahiş edirəm ki, haqqın üzülməsinə imkan verməyin", - N. Səmədov yazır.

N. Səmədov Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti «Avtombilçi-2» MTK məxsus 12/26 saylı binanın sakinidir.