Kreditləri təyinatdan kənar istifadədə şübhəli bilinən iki sahibkar saxlanılıb

Kreditləri təyinatdan kənar istifadədə şübhəli bilinən iki sahibkar saxlanılıb

31-07-2018 14:08 / Bu xəbər 470 dəfə oxundu

Sahibkarlara qarşı cinayət işi açılıb

Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olan materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bir neçə sahibkara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

"Report” agentliyi Respublika Prokurorluğunun mətbuat xidmətinə istinadən yazır ki, "Göyçay-Konyak zavodu” ASC-nin İdarə Heyətinin sədri Vaqif Məmmədovun aldığı kreditlərə görə ödənilməmiş borcları olduğu halda, həmin borcları ödəmək qabiliyyətində olmamasına baxmayaraq, 2013-cü ildən direktoru olduğu "Nicat” firmasının götürdüyü kreditlərin ödənilməsi üçün kifayət qədər əsas və dövriyyə vəsaitlərinə malik olması barədə "Texnika bank” ASC-yə təqdim etdiyi kredit sifarişinə bilə-bilə yalan məlumatlar daxil edib bankdan dövriyyə vəsaitinin genişləndirilməsi məqsədilə 150 min manat məbləğində kredit alaraq həmin vəsaitin təyinatı üzrə istifadə edilməsini və ödənilməsini təmin etməyərək şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bildirlib ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən "KR” MMC-nin təsisçisi və direktoru Rəhman Gülməmmədovun cəmiyyətin istehsal gücünün artırılmasına dair investisiya layihəsinin maliyyələşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil bank olan "Kredobank” ASC-dən ayrı-ayrı vaxtlarda aldığı 850 min manat məbləğində güzəştli şərtlərlə verilmiş məqsədli dövlət kreditinin 347 min 872 manatını təyinatından yayındıraraq şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən olunub.

Cinayət işləri üzrə V.Məmmədov və R.Gülməmmədovun dövlətə və müvəkkil bankların qanunla qorunan mənafelərinə külli miqdarda ziyan vurmalarına şübhələr üçün əsaslar yarandığından hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 195.2-ci (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.