Manat heç vaxt üzməyəcək - Ekspertlərdən şərh

Manat heç vaxt üzməyəcək - Ekspertlərdən şərh

21-12-2016 15:01 / Bu xəbər 3334 dəfə oxundu

"Biz son bir il ərzində nə valyutanın üzməyini, nə də ki, Mərkəzi Bank tərəfindən öz kursu üzrə müəyyən edilmiş məhdudiyyətsiz satışını gördük”.

Bunu Toplum.Tv-yə bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov üzən məzənnə rejimini və manatın bu rejimdəki durumunu şərh edərkən deyib.
"Bir il öncə Mərkəzi Bank ikinci devalvasiyaya getdi və bunun da adını qoydu ki, guya milli valyutamız üzməyə başlayır. Burada üzmə meyarı yox idi. Ümumiyyətlə, dünyada milli valyutanın iki rejimi olur: Biri Mərkəzi Bankın müəyyən etdiyi məzənnədir. Bu halda da Mərkəzi Bank banklar üçün həmin məzənnədən fərqlənmə həddini müəyyən edir, yəni indi bizdə olduğu kimi... Banklar mərkəzi bankın satdığından 4% fərqlə məzənnə sata bilər. Mərkəzi Bankın vəzifəsidir ki, banklara istədikləri qədər xarici valyuta satsın. Üzən məzənnə isə odur ki, Mərkəzi Bank banklara valyuta satmaq vəzifəsi daşımır. Amma banklar da xarici valyutanın məzənnəsini müəyyən etməkdə sərbəst olurlar. Bizdə isə bir il əvvəl Mərkəzi Bank milli valyutanın üzməsini elan edərkən, valyuta dəyişmə əməliyatları üçün banklara 4%-lik məhdudiyyət müəyyənləşdirilmişdi. Bu həddən o tərəfə keçə bilməzdilər. Deməli, bu artıq üzmür. Üzmək tam sərbəst buraxılmaq idi. Buna görə də biz son bir il ərzində nə valyutanın üzməyini, nə də ki Mərkəzi Bank tərəfindən müəyyən edilmiş öz kursu üzrə məhdudiyyətsiz satışını gördük. Buna görə də təsadüfi deyil ki, iqtisadiyyatın inkişafının yol xəritəsində manatın tam üzən məzənnəyə keçəcəcəyi deyilir. Tam sözü məhz ona görə istifadə olunur ki, son bir ildə deyirdilər üzür, amma üzmürdü. Gözləyirəm ki, manat gələn il tam üzən məzənnəyə keçsin. Amma bilinmir ki, bu, ilin əvvəli, ortası ya axrı olacaq. Hər bir halda dövlət elan etdi ki, gələn il biz milli valyutanı tam üzən məzənnə rejiminə keçirdirik. Bu isə o deməkdir ki, banklar istədiyi kursla xarici valyutanı sata biləcəklər. Yəni manatı kəskin devalvasiya gözləyir. Çünki banklar birmənalı olaraq dolları baha satmağa başlayacaqlar. İlk dövrdə ola bilər ki, bu devalvasiya lap kəskin olsun. Sonradan bir balaca özünə gələ bilər manat. Amma mən hesab edirəm ki, bu, ən düzgün yoldur. Çünki iqtisadiyyatımızın sağlamlaşdırılmasının və bazar iqtisadiyyatına keçidin yeganə yolu budur. Həm də bunun üstünlüyü ondan ibarərət olacaq ki, qara bazar tamamilə aradan gedəcək. Çünki banklar öz istədikləri məzənnə ilə valyuta sata biləcəklərsə, qara bazara ehtiyac qalamayacaq”, - deyə ekspert bildirib. 

Natiq Cəfərli: "Üzən məzənnə dünən də olmayıb, bu gün də yoxdur və sabah da olmayacaq" 

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, manatın üzən məzənnə rejiminə keçməsi mümkün deyil: "Azərbaycanda üzən məzənnə dünən də olmayıb, bu gün də yoxdur, sabah da olmayacaq. Üzən məzənnəyə keçid üçün instutsional hazırlıq yoxdur. Üzən məzənnəyə kecid ciddi instutsional dəyişkliklərlə paralel olmalıdır. Ölkədə qiymətli kağızlar bazarı, valyuta birjası fəaliyyət göstərməlidir. Valyuta birjasına valyuta çıxara biləcək onlarla oyunçu fəaliyyət göstərməlidir. Üzən məzənnənin tələbləri ondan ibarətdir ki, ölkələrdə belə oturuşmuş instutsional qaydalar olmadıqca üzən məzənnə mümkün deyil. Düşünürəm ki, bizdə üzən məzənnə sabah da olmayacaq. İnzibati qaydada hökumətin və Mərkəzi Bankın birgə siyasətinə uyğun olaraq məzənnə müəyyən olunur. Yəqin ki, gələn il də belə olacaq. Çünki dediyim kimi, o institutlar, bazar oyunçuları formalaşmadıqca üzən məzənnəyə keçid baş tutmayacaq.
 
Bir misal olaraq, onu deyim ki, Rusiyada valyuta birjasında hər gün 11 min şirkət fəaliyyət göstər, rublun alqı-satqısını həyata keçirir. Ona görə də rublun məzənnəsində gündəlik dəyişikliklər dünya bazarında gedən proseslərlə birbaşa əlaqədardır. Bir ay bundan əvvəl 1 dollar 67 rubl idisə, bu gün 62 rubl 1 dollara qədər möhkəmlənib. Yəni rublun möhkəmlənməsi neftlə bağlı oldu. Bir ay ərzində neft bahalaşdı və rubl da möhkəmləndi. Bizdə belə iqtisadi korrelasiya yoxdur. Yəni iqtisadi institutlar olmadığından məzənnə inzibati qaydada müəyyən olunur. Gələn il də bu Mərkəzi Bankın keçirdiyi hərraclar vasitəsilə inzibati qaydada müəyyən olunacaq. Çünki Azərbaycanda dollar satan yalnız iki oyunçu var: Mərkəzi Bank və Dövlət Neft Fondu. Son aylarda Mərkəzi Bank da artıq bundan imtina edib və yalnız Neft Fondu valyuta satırdı. Belə bir şəratidə, yəni bir oyunçunun olduğu şəraitdə üzən məzənnəyə keçid mümkün deyil. Gələn il adını hər nə qoysalar da, inzibati qaydada tənzimlənən məzənnə rejimi görəcəyik”.
 
Vahid Əhmədov: "Mənə hələ də yerini tapmayıb"

Milli Məclisin deputatı Vahid Əhmədovun sözlərinə görə manat hələ öz yerini tapmayıb: "Azərbaycanın ticarət balansında idxal və ixracla bağlı əməliyatlarda müəyyən problem var.  İxrac, idxalı üstələmədiyi üçün ticarət balansında müsbət saldo yaranmayıb.
Millət vəkili:
Azərbaycan neftinin qiymətində də müəyyən problemlər var və manata təsir edən əsas amillər bunlardır. Bazarda tələblə təklif bərabərləşmədiyi üçün manat hələ ki, müəyyən qədər üzən məzənnə, yəni tənzimlənən məzənnə siyasət həyata keçirir. Bu da Mərkəzi Bankda aparılan siyasətdir. İxracın idxalı üstələyəcəyi müəyyən müddətə qədər davam edəcək ki, müsbət saldo artsın və qeyri-neft sekroru inkişaf etsin. Onda manat gəlib öz həqiqi dəyərini tapa bilər".
 
Samir Əliyev: "Azərbaycanın maliyyə sistemi amortizatoru nasaz olan avtomobilə bənzəyir"

İqtisadçı ekspert Samir Əliyev isə öz feysbuk statusunda məsələni ilə belə şərh edib: "Bir il əvvəlin bu günü – dekabrın 21-də ölkə ikinci devalvasiya şokunu yaşadı. Manat dollara münasibətdə dəyərini 48% itirdi. Mərkəzi Bank həmin gün ABŞ dollarının manata olan rəsmi məzənnəsini 1.05-dən 1.55 manata qədər artırdı. Bu ilin mayında manat müəyyən qədər revanş götürərək 3,9% möhkəmlənə bildi. Həmin ərəfədə Mərkəzi Bankın dəstəyi ilə milli valyutamızın dollara münasibətdə məzənnəsi 1,49 manata qədər möhkəmləndi. Ancaq manat sonrada mövqelərini itirməyə başladı. Son bir ildə manat daha 13% dəyərsizləşdi və hazırda proses davam edir.

Devalvasiya geniş əhali kütləsini həm də yeni terminlə - "üzən məzənnə” ilə tanış etdi. Həcmin dövrdən başlayaraq bu termin daha çox əhali tərəfindən xalq yaradıcılığının müxtəlif janrlarında işlənməyə başladı. Son günlər isə hökumətin "tam üzən məzənnəyə” keçid niyyəti devalvasiya ətrafında müzakirələri yenidən qızışdırıb.
Samir Əliyev arqument.az ile ilgili görsel sonucu
Üzən məzənnəyə keçidlə əlaqədar yanvar ayından başlayaraq Mərkəzi Bank və Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracları keçirilməyə başladı. Həmin hərracların məqsədi tələb-təklif əsasında manatın gündəlik məzənnəsini müəyyənləşdirmək olsa da, hərracın nəticələrinin məzənnəyə təsiri az idi. Hərraclar daha çox valyuta bazarında dollara olan tələbatın səviyyəsinin dəyişməsi tendensiyasını öyrənmək üçün indikator rolunu oynayırdı. Dollar qıtlığı fonunda hərrac məlumatları bazarda spekulyasiya təşəbbüslərini artırmaqla ona neqativ təsir edirdi. Elə buna görə də Mərkəzi Bank hərracın keçirilməsi formatını dəyişmək məcburiyyətində qaldı və məlumatların açıqlanmasını məhdudlaşdırdı. Təxmini hesablamalara görə, bu günə qədər hərrac vasitəsilə ümumilikdə 5,5 milyard dollar satılıb ki, bunun əsas hissəsi Neft Fondunu üzərinə düşür.

Üzən məzənnəyə keçid elan ediləndə 3 hədəfə nail olunması qarşıya məqsəd qoyulmuşdu: tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması və milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması

Ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması mümkün olmadı. Mərkəzi Bank manatı qorumaq üçün hətta valyuta ehtiyatlarının daha 20%-ini "qurban” verməli oldu. Baş bankın ehtiyatları il ərazində 5 milyard dollardan 4 milyard dollara qədər azaldı. Milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyəti də təmin olunmadı. Xarici ticarətin vəziyyəti göstərir ki, neftdənkənar ixracımız nəinki artmayıb hətta azalıb. 2016-cı ilin 11 ayında ölkənin qeyri-neft sektoru üzrə ixracı 23.4% (347 mln. USD) azalıb. Tədiyə balansının tarazlaşdırılması hədəfinə nail olunmayıb. 2016-cı ilin 9 ayında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabında isə kəsirin həcmi 1,1 milyard dollara çatıb. Halbuki üzən məzənnəyə keçiddən əvvəl cari əməliyyatlar hesabında kəsirin həddi 222,5 milyon dollardan çox olmayıb. Amma ötən il üzrə məcmu defisit 9.141 mlrd. dollar təşkil edib.
Üzən məzənnə bəzi texniki prosedurları saymasaq maliyyə sabitliyi baxımından bizə fundamental olaraq heç nə vermədi. Məzənnənin hərracın nəticəsinə yox Mərkəzi Bankı məqsədəuyğun bildiyi səviyyəyə əsaslanması indiki məzənnə siyasətinin əvvəlkindən ciddi fərqlənmədiyini göstərdi. Valyuta satışının açıq valyuta birjası vasitəsilə yox qapalı Bloomberg platforması vasitəsilə həyata keçirilməsi də bazar iştiraçılarının sayını xeyli məhdudlaşdırdı.

Üzən məzənnəyə keçid tam olmadığı və tənzimləndiyi üçün manatın məzənnəsində kəskin dəyişikliklərə imkan verilmədi. Qonşu Rusiyadan fərqli olaraq Azərbaycanda Mərkəzi Bank manatın idarəetmə ipini əldən vermədi. Bunun üçün pul kütləsini məhdudlaşdırdı, uçot dərəcələrini artırdı, depozit hərracları keçirtdi, əlavə notlar buraxdı və s. Eyni zamanda Neft Fondunun büdcə pullarının və Beynəlxalq Bankın sağlamlaşdırılmış aktivlərinin bazara çıxışını məhdudlaşdırdı. Yəni bütün bu inzibati addımlar hesabına manatın kəskin ucuzlaşmasının qarşısını aldı. Monetar qurumun daha çox manatı qorumaq siyasəti pisləşən iqtisadi aktivliyi daha da zəiflətdi. Buna baxmayaraq manatı əvvəlki səviyyədə saxlamağın mümkünsüz olduğunu anlayan Mərkəzi Bank yumşaq şəkildə devalvasiya prosesini həyata keçirməyə başladı.

Bu gün Azərbaycanın maliyyə sistemi amortizatoru nasaz olan avtomobilə bənzəyir. Amortizatoru pis işləyən avtomobil kələ-kötür yollarda necə güclü çalxalanma verirsə, tam üzən məzənnəyə keçid də maliyyə sistemimizi elə çalxalaya bilər. Belə maliyyə sisteminin taleyini də həmin avomobilin taleyi gözləyir. Problem isə iqtisadiyyatımızın strukturundan qaynaqlanır. Tam üzən məzənnəyə keçid məsələsində bu amillər nəzərə alınmalıdır”.

Qeyd edək ki, bir il öncə 21 dekabr 2015-ci ildə Azərbaycan milli valyutası olan manat dollar qarşısında ikinci kəskin devalvasiyasını yaşadı. 

Gülzar N. Məmmədli