Mehman Hüseynovun atası da aclığa başlamaq fikrindədir

Mehman Hüseynovun atası da aclığa başlamaq fikrindədir

05-01-2019 17:01 / Bu xəbər 1130 dəfə oxundu

Dekabrın 26-dan həbsxanada aclığa başlayan bloger Mehman Hüseynovun atası Rafiq Hüseynov da aclıq aksiyasına qoşulmaq fikrindədir.

"Məni oğlumla görüşə buraxmırlar. İndi xəstəyəm, 41 dərəcə istiliyim var. Buna baxmayaraq yanvarın 6-da Mehmanla görüşmək üçün yenə 1 saylı Bakı İstintaq Təcridxanasına gedəcəm. Oğlumun sağlamlıq durumunun ağır olması məni çox ağrıdır. Sabah oğlumla görüşə buraxmasalar etiraz olaraq mən də aclığa başlayacam”, - blogerin 66 yaşlı atası Rafiq Hüseynov Amerikanın Səsinə deyib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. 

Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etnəkdə davam edir.

Onun aclıq aksiyasına ictimai-siyasi fəallar da qoşulmaqdadır. Yanvarın 2-də siyasi fəal Tofiq Məmmədov, yanvarın 5-də isə keçmiş siyasi məhbus Tofiq Yaqublu və hüquq müdafiəçisi Elşən Həsənov aclıq akiyasına qoşulub.

Penitensiar Xidmət Mehman Hüseynovun aclıq etdiyini təkzib edir, qida və su qəbul etdiyini, səhhətinin normal olduğunu bildirir. Bununla yanaşı yanvarın 5-də blogerlə görüşən vəkil Şəhla Hümbətova Amerikanın Səsinə Hüseynovun səhhətinin ağır olduğunu deyib. Vəkilin sözlərinə görə, bloger dekabrın 30-da huşunu itirib və təcridxanaya həkimlər dəvət edilib. Hüseynov hazırda aclığı davam etdirir və o həkim nəzarətindədir.

"Mehman Hüseynovun orqanizmi çox zəifdir. Həm qardaşının, həm də həkimin təkidi ilə son günlər az-az su içməyə başlayıb. O dedi ki, aclığı davam etdirəcək. Bu, onun mübarizəsidir. Mehman bildirdi ki, ittiham böhtandır, haqsızlıq aradan qaldırılana qədər aclığı davam etdirəcək. Haqsızlıq aradan qaldırılmasa aclığı ölənəcən davam etdirəcəyini dedi. Mehman dedi ki, haqsızlığa qarşı mübarizə qurban tələb edir, belə başa düşür ki, bu halların qarşısını almaq üçün qurban onun həyatı olmalıdır. Ona görə o, artıq öz həyatından keçməyə hazırdır”, vəkil Amerikanın Səsinə deyib.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Bununla yanaşı, rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.

Beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.

Amnesty İnternational ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.