"Məqsəd odur ki, bu adamlar qalxıb Putini devirsinlər" - MÜSAHİBƏ

31-01-2018 02:26 / Bu xəbər 2391 dəfə oxundu

Yanvarın 30-da ABŞ-ın Maliyyə Nazirliyi sanksiya tətbiqi tövsiyə olunan rusiyalı siyasətçilərin və iş adamlarının siyahısını açıqlayıb. 

Siyahıda 210 nəfərin adı var. 

Onların 114-ü siyasətçi və məmur, 96-sı biznesmendir.

Sanksiya hədəfi ola biləcək siyasətçilər siyahısında Rusiya hökumətinin rəhbərləri, o cümlədən baş nazir Dmitri Medvedyev, xarici işlər naziri Sergey Lavrov yer alır. 

Prezident Administrasiyasının rəhbərliyi və dövlət başçısının mətbuat katibi Dmitri Peskov da qara siyahıya düşüb.

Toplum.Tv mövzu ilə bağlı siyasi şərhçi Zərdüşt Əlizadəyə bir neçə sual ünvanlayıb. 

-  Zərdüşt bəy, ABŞ-ın Rusiyaya sanksiya tətbiq etməsi nə ilə nəticələnəcək?

-  Ümumiyyətlə, biz əvvəlcə aydınlaşdırmalıyıq ki, bu sanksiyalar nəyə görə qoyulub. Sanksiyalar ona görə qoyulub ki, Rusiyaya təzyiq etsinlər, yəni sənayesinə, iqtisadiyyatına, xarici ticarətinə və s. Yəni bu sanksiya dövlət kimi onların bütün sahələrdə, beynəlxalq aləmdə onun fəaliyyətini məhdudlaşdırmağa xidmət edir. Səbəb də odur ki, Rusiya müəyyən mənada cızığından çıxdı. SSRİ-nin süqutundan sonra Rusiya Amerikanın müstəmləkəsinə dönmüşdü. Bütün rus nazirliklərində Amerika nəzarətçiləri göstəriş verirdilər. Rusiyanın hərbi zavodlarına girərək onların sirlərini öyrənmişdilər. Hər sahədə Rusiya ABŞ-dan asılı dövlət idi. Putin gəldi və bu durumu dəyişməyə çalışdı. Dedi ki, biz soyuq müharibədə məğlub olsaq da, itaət etməyəcəyik. Beləliklə, iki dövlət arasında rəqabət başladı. Rəqabət də ona gətirdi ki, NATO sabiq Şərqi Avropa ölkələrini götürdü, Ukrayna, Gürcüstan və Moldovanı götürmək istəyəndə isə Rusiya öz etnik ərazi münaqişələri "silah”ından istifadə etdi və imkan vermədi ki, bu üç dövlət NATO-ya qoşulsun. Bundan sonra ABŞ bir az da qəzəbləndi, Rusiyaya qarşı sanksiya silahından istifadə etməyə başladı. Sonuncu sanksiya tətbiq ediləcək insanların siyahısının nəşr edilməsi ona xidmət edir ki, bu adamlar Putinə qarşı ayağa qalxsınlar, onu devirsinlər. Lakin Putin dövləti elə qurub ki, hələlik onu aşırmaq mümkün deyil. Sanksiya siyahısında adı çəkilən insanların canı əsasən Qərblə bağlı olsa da, onların pulu Rusiyadan çıxır. Onlar qərbdən heç nə qazana bilməzlər. Rusiyanı qarət edib, sərvətlərini ciblərinə ötürürlər. Rusiya da ölkəyə sərt nəzarət etdiyi üçün onlar heç nə edə bilməzlər. Nə zamansa, bəlkə, sui-qəsd hazırlana bilər. Amma üzdə Putin bütün sahələrdə Rusiyaya nəzarət edir...

- Sanksiyaların reallaşma ehtimalı nə qədərdir?

- Bu sanksiyanın reallaşması yalnız və yalnız Trampdan asılıdır. Tramp istəsə, göstəriş verə bilər. Konqresin qərarı ilə tətbiq edilmiş siyahıdır. Konqres də sanksiyaların işə düşməsini tələb etsə, siyahıda adı olan xeyli insana və onların  ailəsinə məxsus Avropada, ABŞ-da yerləşən mülkiyyəti, daşınan və daşınmaz əmlakı müsadirə edə bilərlər. Bu, əlbəttə ki, onları Putinə qarşı qəzəbləndirə bilər. Amma onların nəsə etmək imkanı yoxdur. Çünki 100 minlərlə üzvü olan milli qvardiya Putinin tərəfindədir. Putinə qarşı çıxan oliqarxlara cəza verə bilər, necə ki, Xadarkovski və başqalarını cəzalandırıb. Onlar çox gözəl bilirlər ki, Putinin üzünə ağ olsalar, Amerikadan əvvəl "Putin Rusiyası” onları cəzalandıracaq. Ona görə də Putin bu sanksiyalara  istehza ilə yanaşır. Hələlik bu siyahıda adı çəkilənlərin nə edəcəkləri bəlli deyil. ABŞ-ın onlara cəza tətbiq edərək, mülkiyyətlərini müsadirə edəcəyi bilinmir. 

- Postsovet ölkələrinə təsiri ola bilərmi?

- Rusiyadan başqa postsovet məkanında heç kəs Amerika ilə döyüşmür, mübahisə etmir. ABŞ-ın qorxduğu ölkələr siyahısında Çin, Rusiya və İran var. ABŞ da həmin itaət etməyən ölkələrə qarşı cəza tətbiq edir. İranın xarici siyasəti daha çevikdir, altı dövlət ilə nüvə  razılaşmasını əldə etdi. İndi Amerika oradan çıxmaq istəyir. Avropa da deyir ki, niyə çıxırsan? İran razılaşmanın heç bir şərtini pozmayıb. Amerika İranı cəzalandırmaq üçün bəhanə axtarır. Raket silahını inkişaf etdirməsini bəhanə etməyə başlayıb. Tək İran yox, Hindistan, Fransa, Çin, İsrail də raket silahını inkişaf etdirir. İran nüvə silahını inkişaf etdirməyəcəyinə söz verib, amma raket silahı istisna deyil. Tramp istəyir ki, bütün dünya dövlətləri ABŞ-ın qarşısında diz çöksün. Amma Amerika xüsusilə müsəlman dünyası üçün örnək ola bilməz. Amerika xalqının qibtə ediləsi müsbət dəyərləri, bir o qədər də ikrah ediləsi dəyərləri var. Biz isə ikrah ediləsi dəyərləri qəbul etmirik. 

- Azərbaycana da sanksiyalar tətbiq oluna bilərmi?

- Amerikanın sözündən kim çıxır ki? Azərbaycan ABŞ-ın sözündən çıxırmı? Xeyr. Ukraynada da oliqarxlar var ki, xalqı qarət edirlər. Amma onlara güldən ağır söz deməyiblər. İtaət etsələr, bəs edir. Nursultan Nazarbayevin 22 milyard dollarına həbs qoymuşdular. Moldovan biznes adamı ilə Qazax hökumətinin mübahisəsi var idi. Ali məhkəməyə verdi, 1 milyard 500 milyon dollarlıq məbləğə görə Qazaxıstanın 22 milyardlıq pulunu ABŞ-da dondurdular. Nursultan Nazarbayev ABŞ-da 6 milyard dollarlıq müqavilə bağladı. Yəqin ki, o pulu da həbs edəcəklər.

Ofelya Ramilqızı