Müsavat niyə dəyişə bilmədi?

Müsavat niyə dəyişə bilmədi?

19-10-2019 10:08 / Bu xəbər 2003 dəfə oxundu

Elman Fəttah

Müsavat Partiyasının qurultayı: səbəblər, nəticələr və perspektivlər

Qurultayda seçkilərin şəffaf keçirilməsi ile bağlı fikrimi seçki yekunlaşan kimi açıqlamışam. Fikrimdə heç bir dəyişiklik yoxdur. Seçkinin nəticələri qurultay nümayəndələrinin iradəsinin (kimə səsverməsinin) real təzahürüdür. Seçkinin nəticəsinə şübhə ilə yanaşmaq, "bəlkə, səsvermə zamanı nəsə olub?” ehtimalı irəli sürmək açıq qərəz olardı. Lakin seçkinin düzgün keçməsi avtomatik olaraq nəticənin uğura aparacağını şərtləndirmir. Bu baxımdan kimsə hesab edirsə ki, bizim dəyişiklik çağırışımız cavabsız qalıbsa, deməli, biz də Müsavat üçün mövcud nəticənin ya uğurlu variant olduğunu, ya da "əşşi, cəhənnəm olsun, hər şey bitdi” deyəcəyik, çox yanılırlar. Biz dəyişikliyin Müsavatın böyüməsi, nüfuz qazanması üçün vacib olduğuna inanırıq və bu dəfə dəyişiklikdən çəkindiyinə görə müsavatçılardan ümidimizi kəsən deyilik.

Mən bu yazıda müsavatçıların (seçilmiş nümayəndələrin) dəyişikliyə qarşı çıxmalarının obyektiv (onları dəyişiklikdən çəkindirən) və subyektiv (onları dəyişikliyə qarşı körükləyən) səbəblərinə toxunacam, mövzuya dair yekun (hazırda gedən mübahisələri canlandırmaq fikrim yoxdur) düşüncələrimi sizinlə bölüşəcəm.

Müsavatçıların bu gün dəyişiklikdən yana olmamasının obyektiv səbəbini anlamaq üçün 5 il əvvələ qayıtmalıyıq. 2014-cü ilə. O zamana ki, keçirilən VIII qurultayın fəsadları müsavatçılara travma yaşadıb. Həmin travma əksər müsavatçının gözündə "dəyişiklik” sözünü, "parçalanmaq” sözünün sinoniminə çevirib. Hadisələrin içində yaşayan biri kimi deyim ki, bu qurultaydan fərqli olaraq ötən qurultayda müsavatçılar iki səbəbdən dəyişikliyə (şərti də olsa) hazır idilər:

1. Nizamnaməyə görə İsa Qəmbər daha namizəd ola bilməzdi və olmamaqda israrlıydı
2. Bütün hallarda dəyişiklik olacağına görə, alternativlərdən heç biri "dəyişmək qorxuludur” psixozu yarada bilmirdi

Baxmayaraq ki, bəzi müsavatçılar dəyişikliyin parçalanma yaradacağını və nəticə etibarı ilə partiyanın nüfuzunun azalacağını deyirdi. Amma xeylisi də dəyişikliyin Müsavatın demokratik imicini möhkəmləndirəcəyini və gələcək üçün böyük nüfuz kapitalı yaradacağını (mən də bu sıradaydım) deyirdi. Üstəlik, xeyli müsavatçıların "nə edək?” sualı ilə gözünü dikdiyi İsa Qəmbər də tərəddüd etmədən dəyişikliyin yanındaydı. Yəni nə "mən olmasam siz batacaqsınız” demirdi, nə də indiki kimi "uğur mənim namizədimi dəstəkləməkdədir” hayqırmırdı. 

Ona görə də ötən dəfə bütün müsavatçılar qurultaya sərbəst şəkildə, öz namizədlərinin seçilməsi inancıyla, dəyişiklik əhval ruhiyyəsində gedə bildi. Məhz bu əhval ruhiyyə nəticələrə də öz təsirini göstərdi – qalibin topladığı səs 52%-i keçmədi. Seçkinin səhəri günündən etibarən,belə bir seçki təntənəsi ilə yekunlaşan demokratiya projemiz, uduzmuş namizədin və bir çox nüfuzlu müsavatçının məğlubiyyəti həzm edə bilməməsi və hikkəsi üzündən kəskin qarşıdurma vəziyyəti yaratdı. Yaranmış vəziyyət "dəyişmək ziyanlıdır” deyənlərin bəsit bədgümanlığını müsavatçıların gözündə təəssüf ki, haqlı çıxarmış oldu.

2014-cü il qurultayından sonra partiya daxilindəki vəziyyətin qısa xronologiyasını sadalamış olsam, vəziyyət belə idi: əlbəttə, təhqirlərə və böhtanlara baxmayaraq biz barışığın baş tutması üçün xeyli çalışdıq. İnsaf naminə deməliyəm ki, bəzi anlarda Qubad İbadoğlu özü də, həvəssiz olsa da barışığa meyl göstərirdi. Çünki, biz narazıların, az qala "bunu qəbul etməzlər” deyə düşündüyü bir çox təklifləri qabul edirdik. Amma hansı zərurətdən doğduğunu hələ də anlamaqda çətinlik çəkdiyim, "kənardan necə görünməsinə baxmayaraq mübarizə hakimiyyətlə Müsavat arasında gedir” yarlığını İsa Qəmbərin səsləndirməsindən sonra, narazılarla bizim aramızda qalın qırmızı xətt çəkilmiş oldu. Görünür, bu yarlıq qarşı tərəfdə o qədər ağır təsir yaratdı ki, bundan sonra özlərini tamamən yanlışa, Müsavat əleyhdarlığına sürüklədilər.

Açığı, ondan sonra məni yalnız bir şey düşündürürdü: nə qədər mümkünsə, bir o qədər tez bu problemi həll etmək lazımdır. Müsavat daxilində davam edən inersiv vəziyyət seçkidə uduzmuş tərəfi partiya daxilində sanki seçkidə qalib gəlmiş tərəf kimi legitimləşdirirdi ki, bu da Müsavatın bütövlüyünü mübahisələndirirdi. Ona görə də 2014-cü ilin dekabrından sonra mən Qubad İbadoğlunun partiyadan çıxarılmasında (bu qərarın məsuliyyətini üzərimdən atmaq kimi riyakarlıq mənim sərgiləyəcəyim davranış deyil) israrlı olmuşam. 

Partiya başqanı Arif Hacılı fevrala qədər "tarixə öz alternativini partiyadan çıxartdı ittihamı ilə düşmək istəmirəm” desə də, fevralda özü çoxdan gözlənilən bu təkliflə çıxış edəndə, nə buna qarşı çıxan oldu, nə də kimin üçünsə gözlənilməz oldu. İndi də hesab edirəm ki, bu düzgün qərar idi. Məhz həmin qərardan sonra biz bütün diqqətimizi ölkə siyasətinə yönəldə və bir sıra məsələlərdə Müsavatın prinsipial mövqeyini ictimaiyyətə təqdim edə bildik. Lakin partiya daxilində uzun müddət davam edən bu qarşıdurma, üzvlərdə "axı dəyişiklik bizim nəyimizə lazım idi?” təəssüfündən doğan ciddi ruh düşkünlüyü yaratmış oldu. Yəni bu dəfəki seçkidə müsavatçıları dəyişiklikdən çəkindirən başlıca obyektiv səbəb, məhz ötən seçkidən sonra partiya daxilində aylarla davam edən həmin qarşıdurmalar üzündən dəyişikliklə parçalanmanın eyni asossiyasiya doğurmasıdır.

IX Qurultayda müsavatçıların dəyişmək istəməməsinin subyektiv (onları dəyişikliyə qarşı körükləyən) səbəbi isə ötən qurultay dövründən fərqli olaraq, bu dəfə mövcud başqana alternativ namizədlərə qarşı aparılan total qarayaxma kampaniyası oldu. Detallarına çox da enmədən deyim ki, bu kampaniyanın içinə çeynənmiş "hakimiyyətin adamı”, "Müsavatın düşmənləri” böhtanından tutmuş, "separatçı” damğasına və "qubadistlər” absurduna qədər çeşidli yarlıqlar daxil idi. Bu, qəsdən başladılmışdı və aşağıdakı məqsədləri güdürdü.

Birincisi: güclü ictimai nüfuza sahib Yadigar Sadıqlını bu qarayaxmalarla bezdirib namizədlikdən geri çəkilməyə vadar etmək. Əlbəttə, bu qarayaxma Tofiq bəyə qarşı da aparılırdı. 
Amma Yadigardan fərqli olaraq Tofiq bəyin namizədliyini son bir aya kimi açıqlamaması fokusun tam ölçüdə Yadigara yönəlməsinə səbəb olmuşdu.
İkincisi: müsavatçıları "partiyanı yenidən parçalayırlar”, "ətrafda hamı bizə düşməndir” psixozuna salmaq.

Biz bu məsələlər haqda çox müzakirələr aparmışdıq və necə zərərsizləşdirmək haqda düşünürdük. Birinci hədəfin baş tutması Yadigarın iradəsindən asılı olduğuna görə, nəticə doğurmadı. Yadigar bütün şər-böhtana rəğmən bezib geri çəkilmədi. İkincinin, başqan dəyişikliyinin qorxulu bir şey olmadığına müsavatçıları inandırmağa isə zaman və güc yetmədi. İsa Qəmbərin qurultayda Yadigar Sadıqlının çıxışından sonra sərgilədiyi və çoxlarının heyrətlə izlədiyi "həyəcanı” da, məhz həmin psixozu canlı tutmaq üçün nümayiş olunan süni qəzəb idi. Yaranan mənzərə həqiqətən tragikomik oldu. Müsavatçılar və Müsavat təəsübkeşləri uzun illər əliyevlər rejiminin qarşısında görməyə alışdığı Müsavatın ən nüfuzlu şəxsini yenidən İlham Əliyevlə qarşı-qarşıya, onun alternativi kimi görməyi arzuladığı zamanda, anidən Yadigar Sadıqlı və Tofiq Yaqublunun qarşısında bamper rolunda gördülər. Yaradılan bu bulanıq hava, əlbəttə ki, inanılan hansısa uğuru qorumağa hesablanmış təlaşa qətiyyən bənzəmirdi.

Yekunda bir daha vurğulayım. Ortaya çıxan nəticə Müsavatda dəyişikliyin mühüm olduğu zərurətini aradan qaldırmır. Əksinə, köhnə-yeni rəhbərlərin yenilənmə işartılarına qarşı isterik reaksiyaları bir tərəfdən dəyişikliyin nə qədər zəruri olduğunu sərgiləyirsə, digər tərəfdən həmin köhnələrlə birlikdə Müsavatın da KXCP-ləşməsinə bizim seyrçi qalmamalı olduğumuzu göstərir. Müstəqilliyin bərpasından sonra yaranan və nüfuz qazanan partiyaların heç biri nəsil transformasiyana cəhd etməyib və onun zərurətində boğulublar.

Mən, Müsavatın bir çox başqa məsələlərdə olduğu kimi, özünün nəsil transformasiyasını da reallaşdıra biləcəyi inancını daşıyıram və əminəm ki, biz bunu bacaracağıq. Kimsə bunun baş tutmaması üçün bütün nüfuzu ilə çalışa, bizi haqsız çıxarmağı qarşısına məqsəd qoya bilər, amma kiminsə bizi yanlışa sürükləməyə nail olması mümkünsüzdür. Bizim Müsavat amalımız son dərəcə aydındır: onun cəlbediciliyini artırmaq, partiyanı yeni nəslə ötürmək və Müsavatı gücləndirərək yenidən böyütmək. Bu böyük amala qarşı tərəflə – sahib olduğu ən xırda şeydən vaz keçməyən və bunun üçün gələcəyin hər şeyini xərcləməyə hazırlaşanlarla nail olmaq mümkün deyil.

Dəyişməliyik!

Yazı müəllifin feysbuk hesabından götürülüb.