Nazir övladları parlamentə gətirilir... – Şok gəlişmə

Nazir övladları parlamentə gətirilir... – Şok gəlişmə

02-06-2015 14:42 / Bu xəbər 934 dəfə oxundu

YAP seçki taktikasını da, siyahısını da dəyişir; Hakim partiya deputat olmaq istəyənlərin bəzilərini seçkiyədək pressinq altında saxlama niyyəti güdür; Siyavuş Novruzov "Yeni Müsavat”ın aylar öncə yazdıqlarını təsdiq etdi; yeni siyahıda oliqarxlara yer olmayacaq...


2015-ci ilin əsas siyasi hadisəsi - parlament seçkilərinə altı ay qaldı. Parlament ötən həftə yaz sessiyasını da başa vurdu və payız sessiyasının 3-4 iclası ilə Milli Məclis 5 illik səlahiyyətlərini başa vuracaq.


Avropa Oyunları parlament seçkilərini ikinci plana keçirsə də, hakimiyyət kuluarlarında bu prosesə hazırlıq davam edir və məlumatlara görə, həm də ciddi narazılıqlara müşayiət olunur. Belə ki, siyahının hazırlanmasına avqust ayında başlanılacağı bildirilsə də, artıq bəzi dairələrdə kimlərin namizəd olmayacağı yəqinləşib. YAP-ın bir neçə məşhur adla vidalaşmaq istədiyini hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov da təsdiqləyib. 

Mətbuata iki gün əvvəl verdiyi müsahibədə S.Novruzov deyib ki, avqustun 1-nə qədər texniki məsələləri həll edib artıq hansı dairədən kimlərin namizədliyi irəli sürülməli olması məsələsinə baxılacaq. S.Novruzov maraqlı bir məlumat açıqlayıb: "Burda bir məsələ də var. YAP ilə digər partiyalar namizədlər irəli sürürlər. Biz indi onları da təqib etməliyik ki, ola bilsin ki, operativ dəyişikliklər edək, o dairələrdə onlardan irəli sürüləcək namizədlərə alternativ kimləri irəli sürəcəyimizi bilək. Yəni ola bilsin ki həmən dairələrdə son anda bəzi yerdəyişmələr olsun” deyə, o bildirib. Məlumdur ki, YAP parlament seçkiləri təcrübəsində heç vaxt "güclü rəqibə qarşı güclü namizəd” taktikasından istifadə etməyib. Müxalifətə gəlincə, real müxalifət hələ ki bu prosesə qoşulmaqda maraqlı görünmür, boykot qərarı da mümkündür. 

 Xəbərlərə görə, YAP uzun illərdir müəyyən dairələrdə "propiska” olunan deputatlara deyib ki, "heç kim özünü arxayın hiss etməsin”. Ehtimal etmək olar ki, YAP bu taktika ilə deputat olmaq istəyənlərin bəzilərini seçkiyədək pressinq altında saxlama niyyəti güdür. Hər halda, bu da YAP-ın builki seçkilərdə yeniliyi hesab oluna bilər. 


"YAP-ın namizədlər siyahısında hazırkı deputat siyahısından fərqli şəxslərin olması gözlənilirmi” sualına da S.Novruzov cavab verib: "Bizim son parlament seçkilərində namizədlərimizdən 71 nəfər seçilmişdi. Onlardan bir neçəsi dövlət vəzifəsinə təyinat aldığı üçün mandatını təhvil verdi, biri dünyasını dəyişdi, digəri isə mandatdan məhrum edildi. İndi biz də bunu nəzərə alaraq, ümumiyyətlə, növbəti parlament seçkiləri ilə əlaqədar partiyada araşdırmalara başlamışıq. Araşdırmaları apardıqca orada bir neçə istiqamətdə bəzi məsələləri həll edirik. Bunlar partiyanın yerli təşkilatlarının bizi parlamentdə təmsil edən şəxs barədə rəyi, ona seçicilərin münasibəti, xarici beynəlxalq təşkilatlarda təmsilçiliyi, ictimaiyyət tərəfindən qəbul olunması, partiya fəallığı, dövlətçiliyə sədaqət məsələsi kimi bütün məqamlardır. Bunlar tərəfimizdən araşdırılır və tam araşdırma başa çatdıqdan sonra YAP-ın rəhbər orqanında müzakirə olunub qərar veriləcək”. 


"Yeni Müsavat” hələ ötən aylarda bu mövzuda yazarkən YAP-ın bu yarıməxfi araşdırmasına da toxunmuşdu. Məlumatda bildirilirdi ki, deputat mandatını təhvil vermək istəməyənlərin narazılıqlarını önləmək üçün hakim partiya xüsusi araşdırmaya başlayıb. Bu barədə "Yeni Müsavat”a məlumat verən mənbənin sözlərinə görə, araşdırma bəzi biabırçı nəticələr üzə çıxarıb. Məlum olub ki, Bakı və Bakıətrafı rayonların bəzilərində seçicilər öz deputatlarının hətta adını belə bilmirlər. Üstəlik, bəzi dairələrdə deputatlar onlarla seçicilərin görüşü üçün ayrılmış qəbul yerlərində olmayıblar. 


YAP icra katibinin müavini Siyavuş Novruzov indi belə bir araşdırma aparıldığını və arzuedilməz nəticələr üzə çıxdığını təsdiqləyib: "Apardığımız araşdırmanın artıq bəlli olan müəyyən nəticələri var və aşkar olunub ki, həmən şəxsin növbəti dəfə namizəd olmasını seçicilər də istəmir. Belə şəxslər var və bunlar çox deyil, konkret müəyyən fərdlərdir. Hələ ki adlarını açıqlamasam da, bu məsələ sonda dediyim kimi, partiya rəhbərliyi tərəfindən müzakirə olunacaq. Hətta elə insanlar da var ki, bu müddət ərzində deputat kimi beynəlxalq təmsilçilikləri yaxşı olub, amma yerlərdə müəyyən dərəcədə problemləri var. 

Biz bunları da nəzərə alacağıq ki, beynəlxalq aləmdə Azərbaycanın təmsilçiliyi vacib şərtlərdən biridir”,  deyən YAP funksioneri deputat siyahısında ciddi dəyişiklik olacağını təsdiqləyib. Hakimiyyətə yaxın mənbələrdən aldığımız xəbərə görə, payızadək regionda ciddi dəyişikliklər olmasa, iqtidar bu seçkini də əvvəlki üsulla keçirmək niyyətindədir. Ehtimallar var ki, yalnız siyasi proseslərə təsiri olmayan iki-üç müxalifət siması mandat ala bilər. Amma bu da çox zəif ehtimaldır. Çünki bu parlament 2018-ci il prezident seçkilərində də fəaliyyətdə olacaq və belə həssas dönəmlərə hazır olmaq da lazım gəlir. Artıq o da dəqiqləşib ki, yola salınanların yerinə bəzi tanınmış nazir övladları oturacaqlar. S.Novruzov da müsahibədə "savadlı və intellektual gənclərin namizədliyi ilə bağlı düşünürük” deyib.

Məlumatlara görə, nazirlər bu yolla övladlarının həm gələcəyini qarantiyaya almaq, həm də onları mətbuatın "caynağından” sığortalamaq istəyirlər. Mandat daşıyan, eyni zamanda ayrı-ayrı dövlət qurumlarına, ali məktəblərə rəhbərlik edənlər də ciddi seçim etməli olacaqlar. Bildirildiyinə görə, ölkə rəhbərliyi rəhbər vəzifə tutanların mandat daşımayacağı barədə prinsipial qərarını açıqlayıb. 

Ancaq bəzi istisnaların ola biləcəyi də ehtimal edilir. Parlamentin tərkibində üstün yerlərdən birini tutan iş adamı və biznesmenin deputatların da yeni tərkibə düşməsi çətin olacaq. Bu, son "oliqarxqeyt qalmaqalından” sonra daha inandırıcı görünür.  Beləliklə,  gələn xəbərlərin təhlili göstərir ki, YAP siyahısını dəyişir, amma parlamentin fəaliyyətində nəsə dəyişəcəkmi?