“Oğlum soyuqdan donur, amma isti paltarını buraxmırlar”

“Oğlum soyuqdan donur, amma isti paltarını buraxmırlar”

02-11-2019 23:15 / Bu xəbər 309 dəfə oxundu

Jurnalistə isti paltar verilmir

AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü, jurnalist Şəmistan Həziyev yaxınlarına xəbər göndərib ki, onun üçün isti paltar göndərsinlər. Çünki saxlanılarkən nazik geyimdə olub. 

Atası Nadir Həziyev Meydan TV-yə deyib ki, noyabrın 2-də Binəqədidə inzibati həbs olunanların saxlandığı təcridxanaya onun üçün isti geyim aparsa da, qəbul etməyiblər: "Səhərdən axşama qədər gözlədim. Nə qədər xahiş elədim, buraxmadılar. Bir paltar nə olan şeydi ki, onu da buraxmırlar? Bu soyuq havada donur orada. Belə insafsızlıq olar?!”

Ata deyir ki, məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin "102” xidmətinə də xəbər verib. Deyiblər ki, təcridxanalar Penitensiar Xidmətin tabeliyindədir, bu quruma müraciət etmək lazımdır.

Ş.Həziyevin vəkili Şəhla Hümbətova Meydan TV-yə bildirib ki, inzibati həbs cəzası çəkənlərin saxlandığı təcridxana Daxili İşlər Nazirliyinin tabeliyindədir. Vəkil də cəbhəçi gəncin nazik geyimdə soyuqdan əziyyət çəkdiyini təsdiqləyib:

"Əynində nazik bir köynək vardı. Mən özüm də xahiş elədim, buraxmadılar. Ombudsman Aparatına məlumat vermək üçün Milli Preventiv Qrupla əlaqə saxlamağa çalışsam da, cavab verilmədi. Daxili İşlər Nazirliyinin "102” xidmətinə məlumat verdim. Bildirdilər ki, şikayəti aidiyyəti üzrə göndərəcəklər”.

Daxili İşlər Nazirliyindən məsələ ilə əlaqədar münasibət öyrənmək mümkün olmayıb.

Ş.Həziyev oktyabrın 31-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 gün inzibati həbs cəzası alıb.

Yaxınlarının bildirdiyinə görə, Ş.Həziyev oktyabrın 31-də evdən çıxan kimi polislər onu saxlayıb. Polis bölməsinə aparılan jurnalisti AXCP-ni dəstəkləməkdə, partiyanın sədri Əli Kərimliyə dəstək olan materialları sosial şəbəkələrdə yaymaqda ittiham ediblər. Bundan sonra ona siyasi baxışlarından imtina etməsi və peşman olması barədə ərizə yazmağı təklif ediblər. 

Ş.Həziyev imtina edəndə onun haqqında inzibati xəta protokolu tərtib olunub. Protokolda yazılıb ki, Ş.Həziyev küçədə yüksək səslə söyüş söyüb, onu intizamlı olmağa çağıran polisin tələbinə məhəl qoymayıb.